Sərdar Cəlaloğlu: “Azərbaycan iqtidarının ən böyük düşməni elə Rəsul Quliyevdir”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) son zamanlar aktivləşməsi və müxalifət partiyaları arasında vahid lider olması haqda səslənən iddialara münasibət bildirib.
ADP sədri Modern.az-a açıqlamasında bildirib ki, Rəsul Quliyevin partiyası müxalifətin lideri olmağa çalışsa da, bu mümkün olmayacaq.
“Hər bir müxalifət partiyası özünü təbii ki, lider görmək istəyər. Ancaq reallıq belədir ki, Açıq Cəmiyyət Partiyasının lider olmaq üçün nə potensialı, nə sosial bazası var. Partiyanın son illər Azərbaycanda demokratiya uğrunda apardığı mübarizə buna imkan vermir. ACP uzun müddət fəal olmayıb. İndi partiya sədri dəyişdirilib. Bundan sonra bir-iki görüş keçirilib. Bu o demək deyil ki, partiya artıq aktiv siyasi fəaliyyətlə məşğuldur. Bu baxımdan deyə bilərəm ki, ACP müxalifətin lideri, ana müxalifət funksiyasını oynaya bilməz”,- deyə S.Cəlaloğlu qeyd edib.
Hazırki durumda müxalifət partiyalarının bir-birlərindən cüzi fərqləndiyini deyən S.Cəlaloğlu Rəsul Quliyevin Azərbaycan iqtidarına yaxın olmasını təkzib edib. Onun sözlərinə görə, R.Quliyev haqda deyilənlər həqiqətə uyğun deyil:
“Rəsul Quliyevin iqtidara yaxın olması haqda deyilənlər doğru deyil. Azərbaycan iqtidarının ən böyük düşməni məncə, elə Rəsul Quliyevdir. Çoxları düşünür ki, belə fikir yaymaqla Rəsul bəyin tərəfdarlarını artıra bilərlər. Mən düşünmürəm ki, Rəsul Quliyevlə hakimiyyətin hər hansı yaxınlığı ola bilər. Rəsul Quliyev Azərbaycan hakimiyyəti üçün Əli Kərimlidən də,İsa Qəmbərdən də daha təhlükəlidir”
Anar RÜSTƏMOV