Modern.az

Rafiq Əliyev: “Kompüterlə imtahan rüşvətxorluğa yol açır”

Rafiq Əliyev: “Kompüterlə imtahan rüşvətxorluğa yol açır”

Ölkə

4 İyul 2012, 10:33

Təhsil Nazirliyinin rəsmisi: “Rafiq Əliyevə deyiləcək sözüm yoxdur”

Bir çox universitetlərdə imtahanlar kompüter vasitəsilə aparılır: tələbələr onlara verilən vaxt çərçivəsində kompüterlə sualları cavablandırır. Ziyalılar Forumunun üzvü Rafiq Əliyev Modern.az-a açıqlamasında kompüterlə imtahan götürülməsini qüsurlu metod adlandırıb.

“Universitetlər birinci növbədə mütəxəssis yox, vətəndaş hazırlayır. Özüm əzəldən kompüter sahəsində mütəxəssisəm, 40 ildir bu sahədə çalışıram. Amma sovet dövründə də kompüter təhsilinin əleyhinə olmuşam. O mənada ki, tələbədən kompüterlə imtahan götürməyin əleyhinəyəm. Kompüterin öyrədici sistemləri var və bu gün bütün dünya bununla məşğuldur. ABŞ-da 30-35 faiz tələbə universitet auditoriyası görmür, amma o, kompüter şəbəkəsi, internet vasitəsilə diplom alır. Bunları nəzərdə tutmuram. Amma belə imtahan götürməyin əleyhinəyəm. Bu daha çox sürücülük vəsiqəsi verilən imtahana oxşayır və o formatdadır. İndi hər şeyi qəlibləşdirirlər. Belə hesab edirəm ki, müəllimlə tələbə dialoqda olmalıdır. Tələbə hər hansı bir teorem isbat etsin və yaxud da sosial elmlərdə bir məntiqi nəticə çıxartmaq qaydasını göstərə bilsin. Bunları kompüterlə öyrənmək mümkün deyil. Elə imtahan götürmək şablon təfəkkürü yaratmağa kömək edə bilər”, – deyə R. Əliyev qeyd edib.

R. Əliyev qeyd edib ki, bu elmə bələd olan insan kimi yeni üsulun rüşvətə yol açdığını iddia edir:

“Əgər bütün suallar və cavablar bir əldə cəmləşirsə, orada tələbəyə istənilən qiyməti yazıla bilər. İstənilən tələbəyə o suallara uyğun cavablar yazıla bilər. Kompüter vasitəsilə vətəndaş mövqeyi olan tələbəyə və onlara düşüncə tərzi vermək inanmıram ki, mümkün olsun. Bu baxımdan deyirəm ki, suallar və cavablar bir əldə cəmləşirsə və bir müəllim əyri yola gedirsə, hamısını korlayır. Ümumiyyətlə, mərkəzləşdirilmiş sistemin hamısı belədir. Mərkəzin naqisliyi o saat sistemə yayılır. Ona görə də bütün dünyada mərkəzləşdirməyə əks proses həyata keçirilir”.

Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiri İlham Mustafayev bu fikrə münasibət bildirərkən qeyd edib ki, yeni üsulun bütün dünyada tətbiq olunur.

“Dünyada tətbiq olunan bu üsullar rüşvətə vadar edirsə, artıq R. Əliyevə deyiləcək sözüm yoxdur. Kompüterlə imtahan əksər dövlətlərin ali məktəblərində tətbiq olunan üsullardan biridir. Bu, mütərəqqi üsullardan biridir və tətbiq olunmalıdır. Bunu kim isə hansı tərəfəsə yozursa, bu onun şəxsi işidir”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı