Modern.az

Kəndinə qayıt! - Tələbələrə xitab

Kəndinə qayıt! - Tələbələrə xitab

Ölkə

4 İyul 2012, 13:13

Rayondan gəlib Bakıda təhsil almış gənclər də Bakıdan ayrılmaq istəmir

Əvvəllər təyinat sistemi mövcud idi. Ali məktəb məzununu hara göndərirdilərsə, onlar da işləyirdi. Bu gün təyinat sistemi yoxdur, kənd rayonuna gedib işləmək istəyən də. Hər kəs  paytaxtda iş-güclə məşğul olmaq istəyir. Hətta rayondan gəlib Bakıda təhsil almış gənclər də Bakıdan ayrılmaq istəmir.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil üzrə ekspert Etibar Əliyev deyir: “Keçmişdə ciddi təyinat sistemi var idi. Bu sistem məzunu hər hansısa bir rayonda 3 il işləməyə məcbur edirdi. Beləliklə, əyalətlərdəki kadr problemləri həll olunurdu. Lakin indi Azərbaycanın kənd rayonlarında hətta orta məktəblərdə müəllim çatışmazlığı var. Bir müəllim bir neçə fənni tədris edir. Təyinat sisteminin ləğvi digər sahələrdən daha çox məhz təhsil sistemini ölü səviyyəyə gətirib çıxardı”.

Ekspert deyir ki, Təhsil Nazirliyi kənd rayonları, xüsusən ucqar yerlərdə müəllim təminatı ilə bağlı proqram həyata keçirir.

“Amma burada yeganə çıxış yolu kəndə üz tutacaq müəllimlərə xeyli stimullaşdırıcı güzəştlər edilməsidir. Ən azı şəhərə nisbətən rayonda müəllimlərin əmək haqqı beş dəfə artıq olmalıdır. Bu halda rayona gedəcək müəllimlərin sayı da çoxalacaq. Bir ara əyalətə işləməyə gedənlərə torpaq sahəsi vəd edilmiş, yüksək əmək haqqı təyin olunmuşdu. Lakin bu imtiyazlardan faydalanan olmadı. Hazırda rayon yerlərində 100-dən çox orta məktəblər var ki, onların məzunları ali məktəbə daxil ola bilmirlər”.

Günel Abubəkirova Ağdaş rayonu sakinidir. 2011-ci ildə BDU-nu bitirib. Bəs o, niyə rayonda işləmək istəmir?

“Universiteti bitirdikdən sonra rayona getdim, nə qədər iş axtardımsa, tapa bilmədim. Sonra Bakıya qayıtdım. Rayonda iş problemi olması ilə bağlı ora qayıtmaq istəmirəm. Düşünürəm ki, gələcəyimi qurmaq üçün Bakıda perspektivlər daha çoxdur”, – deyə gənc məzun bildirir.

Sizcə, o haqlıdır?

Aygün Nizamiqızı
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı