
Bu gün bəzi xəbər saytlarında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadənin yeni ailə qurduğu barədə məlumat yayılıb. “OLAYLAR” informasiya agentliyinə istinadən yayılan bu xəbərdə Məleykə xanımın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş direktoru Adil Baxşəliyevlə ailə həyatı qurduğu bildirilir.
O da qeyd olunur ki, cütlük Bakının tanınmış restoranlarından birində qapalı nikah mərasimi də keçirib.
Modern.az saytı məlumatın nə qədər əsaslı olduğunu dədiqləşdirmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ilə əlaqə saxlayıb.
E.Nağızadə Modern.az-a açıqlamasında Məleykə Abbaszadə barəsində yayılan xəbərin cəfəngiyyat olduğunu vurğulayıb.
”Bu, tamamilə həqiqətdən uzaq, heç bir əsası olmayan dezinformasiyadır. Məleykə xanım hesab edir ki, kimlərsə sifarişlə belə dezinformasiyaları yaymaqla onun reputasiyasına xələl gətirmək istəyirlər. Amma bu kimi dezinformasiyalarla heç nəyə nail ola bilməyəcəklər”.
Qeyd edək ki, M.Abbaszadə ailəli olub, onun iki qızı var.
Modern.az