Modern.az

“Dövlətqaçqınkom” köçkünlərin dediklərini təkzib edir, didərginlər isə əksini iddia edir

“Dövlətqaçqınkom” köçkünlərin dediklərini təkzib edir, didərginlər isə əksini iddia edir

Ölkə

7 İyul 2012, 12:45

Bir neçə gündür Bakının Nərimanov rayonu Təbriz küçəsi 51 ünvanındakı yataqxanada yaşayan məcburi köçkün ailələri Mehdiabad qəsəbəsində salınan çoxmərtəbəli evlərdən ibarət yeni köçkün şəhərciyinə köçürülür. Amma köçürülmə didərginlərin ciddi narazılığı ilə müşayiət olunmaqdadır. Məsələ burasındadır ki, yataqxanadan köçürülən ailələr yeni şəhərcikdəki binaların zirzəmisindəki mənzillərdə yerləşdirilirlər. Bu da köçkün ailələrinin narazılığına səbəb olub. Yarımzirzəmi mənzillərdə havasızlıq, nəmişlik hökm sürdüyündən ailələr orada yaşamaq istəmirlər.

Bəs həmin binanın layihəsi hazırlanarkən yarımzirzəmi mənzillərin inşası kimin ağlına gəlib?
Btün binaların zirzəmilərindən anbar, mağaza və digər təyinat üçün istifadə olunduğu halda, köçkünlərin belə şəraitdə yerləşdirilməsi nə üçün baş verir?

Modern.az saytının əməkdaşı bu suallarla Qaçqınların və Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov köçkünlərin yarımzirzəmi mənzillər barədə dediklərini əsassız sayaraq oranın 1-ci mərtəbə olduğunu deyib: “Ora zirzəmi deyil, binanın 1-ci mərtəbəsidir. Artıq həmin mənzillərdə xeyli sayda məcburi köçkün ailəsi yerləşdirilib. Özüm də orada olmuşam”.

Komitə rəsmisi bildirib ki, həmin binalar  “Dövlətqaçqınkom” tərəfindən tikilməyib.
“Həmin binalarda dövlət  tərəfindən alınmış hazır mənzillər yerləşir. Kommunal sistemi də var. 5-6 mərtəbəli həmin binaların birinci mərtəbəni zirzəmi adlandırırlar.  Amma zirzəmi deyil axı.  Mən dəqiq bilmirəm binanın zirzəmisi var,  ya yox.  Dəqiq bilirəm ki, köçkünlərin zirzəmi dedikləri yer binanın birinci mərtəbəsidir. O mənzillər hamısı püşkatma yolu ilə  verilib. Köçkünlərin özlərinin, müvafiq komissiyanın iştirakı ilə ailə tərkibinin sayına uyğun olaraq paylanıb”-deyə E. Qədimov bildirib.

Komitə rəsmisinin sözlərinə görə, köçkünlər orada müvəqqəti olaraq məskunlaşıblar. Həmin mənzillər məcburi köçkünlərə müvəqqəti verilir.  Onlar həmin mənzillərdən  istifadə edirlər, amma o mənzilləri  sata, dəyişə, kiməsə verə bilməzlər.

Əməkdaşlarımız komitə rəsmisinin zirzəmi deyil, 1-ci mərtəbə adlandırdığı həmin mənzillərdən fotoşəkillərlə birgə reportaj hazırlamaq qərarına gəliblər. Tezliklə onu təqdim edəcəyik...

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?