Modern.az

Tanınmış idmançılar London Olimpiadasında kimlərə ümid edir?

Tanınmış idmançılar London Olimpiadasında kimlərə ümid edir?

Ölkə

7 İyul 2012, 14:41

“Əsas məsələ Olimpiadada say çoxluğunu keyfiyyət çoxluğuna çevirməkdir”

Londonda keçiriləcək 30-cu Yay Olimpiya Oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. 27 iyul-12 avqust aralığında keçiriləcək idman yarışında məqsəd daha yaxşı nəticə göstərməkdir. Bunun üçün bu il Azərbaycan hökuməti olimpiada hazırlığına 5.7 milyon manat pul ayrılıb. Mötəbər yarışda idmançıların sayının çox olması da medal qazanmaq şanslarını bir o qədər artır. Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya Oyunlarının iştirakçılarıdır.

Modern.az-ın London Yay Olimpiya Oyunlarında iştirak edəcək heyətimiz haqqında tanınmış idmançılardan münasibət öyrənib.

Olimpiya çempionu Fərid Mansurov idmançılarımızın yaxşı çıxış edəcəyini deyib. O, bunu idmana göstərilən diqqət və qayğının çox yüksək səviyyədə olması ilə əlaqələndirib: “Bunun əvəzində nəticələrimiz yüksək səviyyədə olmalıdır. İnanırıq ki, idmançılarımız orada bir dəfə deyil, bir neçə dəfə bayrağımızı qaldırıb, himnimizi səsləndirəcəklər. Yunan-Roma güləşçilərindən Rövşən Bayramova, Həsən Əliyevə yuxarı çəkidə Şalva Qadabadzeyə daha çox inanıram. Sərbəst güləşdən Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov kimi idmançılara inam böyükdür. Həqiqətən olimpiyada da medal verə biləcək potensialı olan uşaqlarımız çoxdur. Daha çox güləş, cüdo, boks, ağırlıqqaldırma və taekvando federasiyalarına ümid var”. 

Azərbaycan Sambo Federasiyasının prezidenti, dünya rekordçusu Ceyhun Məmmədov bildirib ki, bütün idmançılarımızın uğuruna inanır: “Bütün idmançılara inam var, lakin idmanda dəqiq nəticə demək çətindir. Futbol üzrə son Avropa çempionatında çox adam deyirdi ki, Almaniya qalib olacaq, amma belə olmadı. İdman elədir ki, inandığını adam qalır qıraqda, inanmadığın idmançı çempion ola bilir. Burada dəqiq proqnoz vermək çətindir. Buna baxmayaraq elə bir hissimiz ola bilməz ki, biz onlara inanmayaq. Ən böyük üstünlüyü təkbətək idman növlərinə verirəm. Güləş növlərinə daha çox inanıram. Hər bir idman növündən nəticə görə bilərik, amma yüksək faizi güləşə, boksa və cüdoya verirəm. Biz bu idman növlərindən qızıl medal əldə edə bilərik və əldə edəcəyik. Olimpiyaçılar hansı idman növündə qalib gəlsələr, bizi sevindirəcəklər. Nə qədər çox qızıl medal olsa, o qədər biz sevinərik.”

Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov Azərbaycan idmançılarının ən yüksək zirvələrə layiq olan səviyyədə olduğunu deyib. Azərbaycanı Olimpiya oyunlarında təmsil edəcək hakim 53 idmançının sayılıb seçilmiş idmançılar sayır: “Onlar çoxu bütün dünya üzrə  Avropa və Dünya çempionlarıdır. Bir neçə medal qazanmış idmançılar var. Sevindirici hal odur ki, bu olimpiyaçılar içərisində cavan idmançılarımız var ki, onlar birinci dəfə Olimpiya oyunlarına qatılırlar. Yaşlarının az olması çox sevindirici haldır və artıq onların vəsiqəsi var. Onlar bu olimpiadadan sonra iki olimpiyada da iştirak edə biləcək idmançılardır. Ən böyü nəticə güləşçilərimizdən gözlənilir. Bu il həm hakimlərin, həm də idmançıların sayı çoxalıb.  Onun da 13-ü güləşçilərdir və onların içərisində sırf qızıl medala israrlı olanları var. İdman növlərindən qızıl medala daha yaxın olanı güləşçilərimizi görərdim. Güləşçilərdən Rövşən Bayramov, Saman Tahmasebi, Şərif Şərifov, Xetqa Qazyumov, Cəbrayıl Həsənov qızıl medala israrlıdırlar. Digər idmançılardan da medal gözləyirik, sırf çempion olaraq ürəyim deyir ki, bunlar olar. O ki, qaldı qızlarımıza hər ikisi çox güclü və təcrübəli idmançılardır. Mariya Stadnikin medal qazanmaq şansı böyükdür. Yuliya Ratkeviçin dünya çempionu olmasını gözümün qabağına gətirəndə, onu dünyada ən birinci görürəm. Amma ümumilikdə bütün komandamız güclüdür. Müstəqillik əldə olunandan sonra yüksək dinamika var. Dörd Olimpiya oyunlarında idmançılarımız ölkəmizi müstəqil  Azərbaycan bayrağı altında təmsil edib 1,3,5, sonuncu da 7 medal vermişdiksə, bu, beşinci Olimpiya oyunlarında iştirakçılarımızın və hakimlərimizin sayı çox olduğu kimi bizim medalçı və çempionlarımızın sayı da Pekin Olimpiya oyunlarından çox olacaq. Buna tam əminəm”.

Azərbaycan Taekvando Federasiyasının I vitse-prezidenti Füzuli Musayev bu il 53 idmançı ilə təmsil olunmağımızın böyük göstərici olduğunu bildirib: “Keçən Olimpiya oyunlarından fərqli olaraq bu dəfə bizim komandamız böyük heyətlə təmsil olunacaq. Bu bizim kimi kiçik ölkə üçün böyük göstəricidir. Sevindirici haldır ki, müxtəlif idman növləri var ki, Azərbaycan ilk dəfə orada təmsil olunur. Düşünürəm ki, Azərbaycan komandasının budəfəki Olimpiya oyunlarında minimum 3 qızıl, 3-4 gümüş, 4-5 bürünc, yəni 12-dən çox medal qazanacaq. Olimpiya oyunları bizim üçün uğurlu olacaq. Bu medallar sırasında taekvando idman növündən də medal götürməyə qadirik. Bu idman növündə medala layiq olan Ramin Əzizo və ilk dəfə olaraq ölkəmizi təmsil edən Fəridə Əzizova iştirak edəcək. 17 yaşlı qız idmançı ilk dəfə olaraq bizim ölkəni təmsil edəcək. Ona görə də Azərbaycan olimpiya komandasına uğurlar arzu edirəm. Düşünürəm ki, Olimpiya oyunlarında komandamız Azərbaycan xalqını sevindirəcəkdir”.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov bütün ölkələrin bizə rəqib olduğunu deyib: “Artıq Azərbaycanı idman ölkəsi kimi qəbul ediblər. Bu da təsadüfi deyil. 2020-ci ilin Olimpiya oyunlarına əsas ev sahibliyi etməyə namizəd dövlətlərdən biri də Azərbaycandır.  Azərbaycanın artıq 40 yaxın rayonunda olimpiya kompleksləri, şəhərimizin mərkəzində nə qədər olimpiya qurğuları var. Demək istəyirəm ki, bütün dünya bizə rəqibdir. Bu yarışlarda iştirak etmədən Azərbaycana qarşı münasibətin necə olduğunu bilməyəcəksiniz. Həm qorxurlar, çəkinirlər, həm də istəmədən hörmət edirlər. Bunların hamısını keçə-keçə özümüzü sübut edirik ki, bəli, biz də varıq. Biz bunu sübut etdik və artıq 53 lisenziya qazanılıb. Onun 13-ü Azərbaycan Güləş Federasiyasının payına düşür. 6-sı sərbəst güləşdə, 5-i yunan-Romada, 2-si qadın güləşində. Bu Olimpiya oyunlarında uğurumuzun yüksək olacağını düşünürəm”. 

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?