Necə deyərlər, “gözümü açandan” bu yana Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə xanım Abbaszadə ilə təhsil naziri Misir Mərdanov cənabları arasında təhsilimizdə baş verənlərlə bağlı söz-mətbauat “atışması”nın şahidiyəm. Buna bir növ öyrəncəliyik (və ya öyrəncəliyəm) də, desəm elə bilirəm ki, yanılmış olmaram. Demək olar ki, az qala hər həftə, hər ay, hətta, hər gün bu yöndə bütün cəbhəboyu “atəşkəs” pozulmaqdadır. Amma Məleykə xanımla Misir müəllimin son “savaşı”, son “dueli” ikincinin tam arqumentsizliyi ilə özünü göstərmiş oldu. Məleykə xanımın bu günlərdə orta məktəblərdə indiyə qədər aparılmış imtahanların , xüsusilə, buraxılış imtahanlarının gözdən pərdə asmaq üçün reallaşdırıldığını tutarlı faktlarla açıqlamasından və ortaya qoymasından sonra, hər kəs qarşı tərəfin də inandırıcı, ən azı alababat əks-arqumentlər ortaya qoyacağını, TQDK sədrinin obyektiv mövqe sərgiləmədiyini isbatlamağa cəhd göstərəcəyini gözləyirdi. Amma hər dəfə olduğu kimi, bu dəfə də gözlənildiyinin əksi baş verdi, Təhsil Nazirliyinin ( təhsil nazirinin) heç bir tutarlı arqument və faktı özündə əks etdirməyən rəsmi açıqlaması yayıldı. Buna adamın rəsmi açıqlama deməyə də dili gəlmir. Məleykə xanımı “ son aylar müxalifət mətbuatının əsas qəhrəmanına çevrilmiş iqtidar nümayəndəsi” adlandırmaqla Təhsil Nazirliyi və daha doğrusu, təhsil naziri tam arqumentsizliyini ortaya qoymaqla, digər “arqumentləri”nin həqiqiliyini də bəri-başdanca sıfıra endirmiş oldu. Axı, Təhsil Nazirliyi də yaxı bilir ki, Məleykə xanımın bütün mətbuat konfranslarına, brifinqlərinə iqtidaryönlü və müstəqil media mənsubları kimi, müxalifyönümlü media oraqnlarının əməkdaşları da gəlirlər və həmin tədbirləri də hər kəs öz prizmasından, öz baxış bucağından işıqlandırırlar. Elə isə indi bu məsələdə Məleykə xanımı ittiham etmək və ya bunu ona əks-arqument kimi səsləndirmək özü nə qədər inandırıcı və arqumenlidir, görəsən?
Yeri gəlmişkən, özüm dəfələrlə şahidi və iştirakçısı olmuşam ki, təhsil nazirinin və Təhsil Nazirliyinin keçirdiyi bütün tədbirlərə dəvətlilər arasında müxalif media quruluşları və jurnalistlər də var. Burada əslində qeyri-adi də heç nə yoxdur, demokratiyanın elə əsas tələblərindən biri budur ki, kimliyindən və siyasi mövqeyindən asılı olmayaraq, bütün media quruluşları və mənsubları üçün eyni, bərabər imkanlar yaradılsın. Həm də mənim bildiyim qədər, son illər müxalif mətbuata yeganə birbaşa müsahibə verən elə hörmətli Misir müəllimdir və bunun özü də təqdir edilməli, alqışlanmalı bir haldır. Kaş elən bütün digər nazirlər, komitə sədrləri, dövlət rəsmiləri də mediaya bu cür açıq olaydılar. Demək istədiyim odur ki, bütün bunlardan sonra Məleykə xanımım qarşısına bu cür “kontr-arqumentlərlə” çıxmaq özü elə bəri-başdan arqumentsizlik deməkdir. Bunun heç cür başqa izahı ola bilməz və yetərli də görünməz...
Ümumiyyətlə, bir qələm əhli kimi, şəxsən mən bu, eləcə də bu yöndəki digər məsələlərdə daim çox hörmətli Məleykə xanımı birmənalı olaraq haqlı və ədalətli hesab etmişəm, edirəm. Çünki məhz bu xanımın gərgin əməyi, intellekti, peşəkarlığı və fədakarlığı sayəsində Elçibəy hakimiyyətinin xalqımıza töhfəsi olan test üsulu bu günədək qorunub-saxlanıla bilib. Bir çox iqtidar mənsubları, millət vəkilləri və Məleykə xanımın yerinə illərdir göz dikənlər TQDK sədri vəzifəsini tutsaydılar, bu gün testdən əsər-əlamət belə qalmazdı - yəni, üstü test, altı-sovet qəbul sistemi-rüşvət olardı. Mən heç də iddia etmirəm ki, bu gün test qəbulunda birmənalı olaraq rüşvət faktoru yoxdur, var, amma onu da birmənalı olaraq vurğulayıram ki, bunlar Məleykə xanımlıq deyil... Ancaq bir daha o məqamın, o fikrin altını cızaraq demək istəyirəm ki, bu gün iqtidarlı, müxalifətli, bitərəf-hamı test üsulunun bu günədək qalmasında məhz bu xanıma-Məleykə Abbaszadəyə minnətdar olmalıdırlar. Onun sayəsində hər il neçə min imkansız, kasıb balası ali və ya orta- ixtisas məktəblərində oxumaq, tələbə adını daşımaq xoşbəxtliyinə nail olurlar. Şəxsən mənim özümün hər il neçə-neçə imkansız qohum-əqrəbamın, kəndçilərimin, tanış-bilişimin övladları ali və ya orta- ixtisas məktəblərinə pulsuz-parasız qəbul olunurlar. Məsələn, ötən il konkret olaraq 3 imkansız qohumumun-Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən söhbət gedir- övladı yüksək tələbə adını daşımaq, ali məktəbə daxil olmaq şansını, xoşbəxtliyini yaşayıb. Əgər sovetlər dövrü olsaydı və ya şəxsi maraqları naminə Məleykə xanımı tənqid edənlər TQDK sədri vəzifəsini icra etsəydi, onların biri də heç həmin ali məktəblərin həndəvərindən belə içəri buraxılmazdılar. Yenə də deyirəm ki, imkansız, kasıb təbəqədən olan insanlara- bütün təzyiqlərə, təhdidlərə, tənqidlərə rəğmən bu xoşbəxtliyi yaşadan insan məhz çox hörmətli Məleykə xanımdır. Şəxsən mənim əlimdə səlahiyyət olsaydı , bu fədakar fəaliyyətinə görə Məleykə xanıma ölkənin ən yüksək ordenini -"İstiqlal" ordenini verərdim. Bu xanım həqiqətən də buna layiqdir, bunu çoxdan haqq edir. Son olaraq, Məleykə xanıma Azərbaycan (TÜRK) xalqı və dövləti naminə bu fədakar, qorxmaz, peşəkar fəaliyyətində daim və daim uğurlar arzulayıram. Allah özü Onun kimi insanları qorusun-saxlasın, hifz etsin. Amin!