Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb.
Modern.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan yeni saytda (www.leyla-aliyeva.az) Leyla Əliyevanın çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri ilə bağlı dolğun məlumatlar əldə etmək mümkündür.
Yüksək keyfiyyətlə, dizayn baxımından peşəkar səviyyədə hazırlanmış saytın “Fəaliyyət” bölməsində Leyla Əliyevanın Heydər Əliyev Fondunda, “Baku” jurnalında, İslam Konfransı Təşkilatı Gənclər Forumunda, Rusiya Azərbaycanlı Gənclər Təşkilatında və IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyasındakı (International Dialogue for Environmental Action) fəaliyyəti əks olunub. Bölmələrin hər birində müvafiq rəsmi saytlara keçid yerləşdirilib.
Saytda Leyla Əliyeva tərəfindən təsis olunmuş, Azərbaycanın dünyada təbliğ edilməsində xüsusi rolu olan “Baku” jurnalının fəaliyyəti ilə tanış olmaq mümkündür.
Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki əvəzsiz və yorulmaz fəaliyyəti, “Xocalıya ədalət” kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı məlumatlar ayrıca bölmədə yer alıb.
Saytda Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan, gəncləri bir araya gətirərək onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmağa və həvəsləndirməyə xidmət edən IDEA Ətraf Mühit Kampaniyası ilə bağlı da geniş məlumatlar vardır. Bundan başqa, sayta daxil olanlar Leyla Əliyevanın səfərlərini interaktiv xəritə vasitəsilə izləyə, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrlə tanış ola biləcəklər.
Həmçinin saytda Leyla Əliyevanın fotoları və videoları da yerləşdirilibdir. Saytın “Yaradıcılıq” bölməsində Leyla xanım Əliyevanın şeirləri, rəsm əsərləri də yerləşdirilib. “Bioqrafiya” bölməsində isə Leyla Əliyeva tərəfindən çəkilmiş şəkillər yer alıb.
Modern.az