Modern.az

Haradasınız, ay “kampaniyaçılar”?…

Haradasınız, ay “kampaniyaçılar”?…

Ölkə

10 İyul 2012, 12:05

İki aydan artıqdır ki, Azərbaycanın iki gənc şairi İrana etdikləri səfər zamanı orada həbs olunub. Mediada verilən bilgilərə görə, onları bir şeir məclisinə dəvət ediblərmiş. Fərid Hüseyn və Şəhriyar Hacızadə adlı gənclərimiz Təbrizdə keçirilən tədbirə qatıldıqdan sonra Bakıya qayıtmağa hazırlaşırmışlar ki, orta əsr təfəkkürlü molla rejiminin hakim olduğu İranın xüsusi xidmət orqanlarının işçiləri onları həbs edib. Bu olay 3 may 2012-ci il tarixində baş verib.

Təbii ki, İran adlanan yerin, əslində, bir reket dövlət olduğu heç kimə sirr deyil. Bu “dövlət” nəinki öz vətəndaşlarının, “müsəlman qardaş” adlandırdığı qonşusu Azərbaycan Respublikasının, ümumiyyətlə dünyanın başına bəladır və bir an öncə dünyanın bu bəladan qurtulması lazımdır. Bu, məsələnin bir tərəfi. Bizim üçün əsas olan isə başqa tərəfidir. Gənc şairlərimizin bu reket-dövlətin əlindən xilas edilməsi.

Çox maraqlıdır ki, Azərbaycanın bu cür məsələlərdə fəallıq edən və etməli olan qurumları indi ya susurlar, ya da sadəcə özlərini görməzliyə vururlar. Əslində, belə bir olay baş verdiyi zaman bütün dünyaya car çəkilməli, kampaniyalar təşkil edilməli və gənclərimizin azadlığına nail olunmalıdır. Ancaq görünən odur ki, heç bir hərəkətlənmə nəzərə çarpmır. Ta ki, tanınmış yazıçımız Çingiz Abdullayev Beynəlxalq Qələm Təşkilatı kimi tərcümə edə biləcəyimiz International Pen adlı qurumun Azərbaycan təmsilçisi olaraq hərəkətə keçənədək. Artıq bir müddətdir ki, o və onunla birlikdə başqa dostlarımız ictimai rəyi Fəridlə Şəhriyarın İran zindanından xilas edilməsi üçün səfərbər etməkdədir. Sağ olsunlar əlbəttə.

Bizim işimizsə, yuxarıda da qeyd etdiyimiz kimi, kampaniyalarladır. Bu kampaniyaları təşkil etməli olan şəxs və qurumların hələ də susması qəribə deyilmi? Həm də hər addımda özlərini Qərb demokratiyasının ardıcılı, tərəfdarı kimi qələmə verən, Azərbaycanda birisi asqıran kimi bütün dünyaya car çəkənlərin elə həmin Qərbin başına bəla olmuş İran adlı yerdə şairlərimizin həbsinə seyrçi qalması, bizcə, Qərbin özünə də nəsə deməlidir axı…

Sual ortaya çıxır: necə olur ki, Bakıda keçirilən “Avroviziya” mahnı yarışması günlərində az qala hər gün küçələrə çıxıb etiraz edənlər, “Demokratiya üçün oxu” adlı beynəlxalq kampaniya təşkil edənlər indi susurlar? Məgər baş verən olay insan haqları pozuntusu deyilmi? Məgər bu gənclərin hər gün ölüm təhlükəsi altında yatıb-qalxması kampaniya keçirmək üçün yetərli səbəb deyilmi?

Yeri gəlmişkən, “Avroviziya” günlərində Azərbaycanı gözdən salma yarışmasında ölkə daxilindəki kampaniyaçılarla bərabər Ermənistan və İranın tam da dövlət səviyyəsində faliyyətləri ilgi çəkməlidir bəlkə?

Yaxud, olmayan yerdən Azərbaycanda insanların guya milli mənsubiyyətinə görə həbs edildiyini uydurub dünyaya car çəkənlər, başına and içdiyiniz İran adlı reket yuvasının bu əməlinə niyə susursunuz? Nədir, çörəyiniz ordan çıxır da, ondanmı?

Və Facebook-dan, Şəhla Cabbarlı adlı bir gənc dostumuzdan suallar: “İranda həbs edilən şairlərlə bağlı Azərbaycan dindarlarından səs çıxmadı. Allahşükür baba susub niyəsə. Deyək ki, bu, dövlətin adamıdır. Müxalifətdə yer alan mollalardan niyə səs çıxmır görəsən? Ayrı vaxtı insan hüquqlarının pozulmasına etiraz edirlər. Yoxsa bir ay əvvəl İran mollalarını haqlı çıxardıqlarına görə indi utanırlar söz deməyə?”

Bu suallara cavabınız varmı, cənablar? Nədir, bütün dünyaya car çəkirdiniz ki, Azərbaycanda islam dininə basqılar var, insan haqları pozulur. Buyurun, sadə bir Azərbaycan gəncinin suallarına cavab verin. Demək ki, İrana bir söz deyə bilmirsinizsə və ya demək istəmirsinizsə, sizin dilinizin açarı oradakı molla rejiminin əlindədir. Demək ki, dilinin açarı başqa dövlətin əlində olanları Azərbaycan dövləti həbs etməkdə haqlıdır.

Və sonda, müşahidə onu göstərir ki, bu iki gəncimizin azad edilməsi üçün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun mediaya verdiyi açıqlama da təsdiq edir: “Azərbaycan hakimiyyəti İranda həbsdə saxlanılan Azərbaycanlı şairlərlə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır”. Müşahidələr və mediada yer alan xəbərlər onu göstərir ki, dövlətin bütün uyğun qurumları bu məsələ ilə ciddi məşğuldur.

Və keçmişdə dövlətimizin qatı bir müxalifətçini İran rejiminin əlindən alması örnəyi də var. Hələ Prezident Heydər Əliyevin dönəmində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi İran zindanından məhz Azərbaycan dövləti xilas etmişdi. İndi də edəcək təbii ki. Sadəcə, bu “kampaniyaçılar” sonra insanların üzünə necə baxacaq görəsən?

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı