Modern.az

Allahın mərhəmətinə sığınaq!

Allahın mərhəmətinə sığınaq!

Ölkə

10 İyul 2012, 16:29

Qarşıdan Ramazan ayı gəlir. İlkin məlumata görə, iyulun 19-u niyyət axşamıdır. Əgər təqvim dəyişməzsə, vaxtla bağlı ard-arda çap olunacaq cədvəllər bir-birini təkzib etməzsə və bir də Allah ömür nəsib edərsə, inşallah,  iyulun 20-si günü artıq oruc olacağıq… Arzu edək ki, heç olmazsa Qafqaz Müsəlmanları İdarəsi, ölkədə leqal və qeyri-leqal fəaliyyət göstərən İslami cərəyanlar  - vəhhabilər, sələfilər, nurçular, xüsusən də onların ideologiyasını təbliğ edən məscidlər, İran, Səudiyyə Ərəbistanı və Türkiyənin məzhəb siyasətini bizlərə zorla sırıyan dini ictimai birliklər və gənc teoloqlar ordusu VAXT MƏSƏLƏSİndə həmrəylik nümayiş etdirsinlər. İrandan, Səudiyyə Ərəbistanı və Türkiyədən gələn sifarişlərlə başımızı qatmasınlar.  Nədən ki, bu ayın günləri, gecələri və saatları, dəqiqələri də qiymətlidir.

İldə bir dəfə bizlərə nəsib olan bu fürsətdən görəsən nə dərəcədə faydalana biləcəyik?  Əlbəttə, bu bizim öz əlimizdə, dilimizdə, gözümüzdə, ağzımızda – bir sözlə nəfsə meylli olan bütün bədən üzvlərimizlə bağlı olan məsələdir. Ramazan ayında oruc tutmaq insanı cismən və ruhən sağlamlaşdırır, saflaşdırır. Əxlaqi-tərbiyəvi baxımdan orucluq dövründə tələb olunan qaydaların gözlənilməsi insanı həm də şər işlərdən, xoşagəlməz hərəkətlərdən çəkindirir, onu xeyirxah əməllərə, yaxşılığa dəvət edir, günah işlər görməkdən çəkindirir, insanlarda ümumi bir işə səfərbər etmək vərdişi formalaşdırır.

Müqəddəs kitabımız Allah - Talaya ibadətin bu şəklini inkişaf etdirərək orucu Quranın nazil edilməsi və insanlara çatdırılmasının başlanması ilə əlaqələndirir və müsəlmanları oruc tutmağa dəvət edir. Bu çağırışa “ləbbeyk” deyən insanlar isə Böyük Yaradanın mərhəmətinə sığınırlar.

İslamdan əvvəl meydana gələn dinlərdə də oruc tutmaq haqqında göstərişlər olub. Hətta Həzrət Adəmdən (ə) başlayaraq Allahın rəsullarının hər biri, o cümlədən Həzrət Mühəmməd (s) də bu barədə insanlara xəbərdarlıq etmişdir.

Orucluğun kökləri uzaq keçmişlə bağlıdır. Orucluğun meydana gəlmə səbəbləri tarixi mənbələrdə geniş izah edilir. Qurani - Kərimə görə isə oruc tutmaq Allahın əmridir.

İslama qədər orucluq - yeməkdən imtina etmək və ya yeməyi məhdudlaşdırmaq bir qayda olaraq yay fəslinə -  isti dövrlərdə icra olunurdu. İslamın gəlişindən sonra isə orucluğun ancaq Ramazan ayında keçirilməsi əmr olundu. Bu da qəməri təqvimi ilə əlaqədar olduğu üçün ilin bütün fəsillərinə düşür. 

Oruc tutan insan ilk növbədə özündə mənəvi həyatın ən böyük hadisəsini - Allaha yaxınlıq hissini duyur. Orucluğun möminlər üçün açdığı mənəvi imkanların genişliyini nəzərə alsaq, Ramazanda cənnət (Rəyyan) qapılarının taybatay açılması, Cəhənnəm qapılarının isə bağlanması barədəki hədisi - şərfin mənası aydın olar.

Həzrət Peyğəmbərdən (s) hədis var: "Oruc Cəhənnəm oduna qarşı qalxandır."  Başqa bir hədisdə isə buyurulur: "Behiştdə bir qapı var, Rəyyan, o qapıdan ancaq oruc tutanlar daxil olarlar".

İslam orucluğa həm də əxlaqi-mənəvi təsisat kimi baxır. Həqiqətən, orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaqi dərsi təlqin edilir.

Orucluq ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Orucluq bir tərəfdən mədə və həzmedici üzvlərin dincəlməsinə səbəb olaraq zəifləməkdən qoruyub yeni qüvvə verir, digər tərəfdən bədəni təhlükəyə salan yağları və zəhərli maddələri əridib azaldır. Orucluq insana xəstəliklərin səbəbləri ilə mübarizə aparmaqda istənilən nəticəni əldə etməyə imkan verir. Oruc tutan şəxs oruc tutmaqla özünü müalicə edir. Bu barədə Peyğəmbərdən (s) gözəl hədis var: "Oruc tutun ki, sağlam olasınız". Başqa bir hədisdə isə deyilir: "Mədə dərdlərlə dolu olan bir evdir, oruc tutmaq isə ən yaxşı dərmandır".

Qədim və müasir tibb elmi ac qalmanı müalicənin ən yaxşı vasitələrindən biri hesab edir. İl ərzində insanın həzm mexanizmi həmişə məşğuldur. İldə bir ay oruc tutmaq bu mürəkkəb mexanizmə istirahət verir, onu yeniləşdirir.

Ramazan ayı Orucluq bayramı ilə başa çatır. Keçmişdə bayramın qeyd olunmasını yalnız gecə təzə ay gördükdən sonra elan edirmişlər. Təzə ayın göründüyünü, bayramın başlandığını bildirmək üçün atəşfəşanlıq edər, mis qabı döyəcləyib aləmə səs salardılar.

Gəlin, oruc tutaq, haramlardan çəkinək, nəfsimizi cilovlayaraq bu müqəddəs aydan feyz alaq.  Bunu kiməsə - heç Allaha görə də etməyək. Çünki, Allahın buna ehtiyacı yoxdur. Bizim onun verdiyi bu fürsəti dəyərləndirməyə, daha doğrusu Allah-Talaya itaət və ibadətdə sabitqədəm olduğumuzu sübut etməyə ehtiyacımız var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı