Modern.az

Tələbələr Təhsil Nazirliyini niyə oxuduqları universitetlərdən üstün tutur?

Tələbələr Təhsil Nazirliyini niyə oxuduqları universitetlərdən üstün tutur?

Ölkə

11 İyul 2012, 17:51

“Qaynar xət”lərə müraciətlərin say fərqi


Bir müddət öncə təhsil naziri Misir Mərdanov ali məktəblərdə “qaynar xət”lərin yaradılması ilə bağlı göstəriş verdi. Amma Təhsil Nazirliyinin açıqlamasında tələbələrin universitetlərdən daha çox nazirliyin “qaynar xət”inə müraciət olunub. Belə ki, Təhsil Nazirliyinin yaydığı məlumatda göstərilir ki, imtahan sessiyasının gedişi ilə əlaqədar ən çox Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetlərinin tələbələri şikayət ediblər. 

Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı Modern.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: “Bəli, bu barədə xəbərim var. Sadəcə, Təhsil Nazirliyinə məlumat daxil olmamış, bizə həmin məlumat daxil olub. O “qaynar xətt”ə əslində, bizim tələbələr çox vaxt düzgün ifadə vermirlər. “Qaynar xətt” neqativ hallar üçündür. Başqa problemlər üçün adicə münaqişə komissiyası var. Tələbələrin müraciətləri münaqişə komissiyasına aid idi. Həmin müraciətlər isə daha çox verilən qiymətlərlə bağlı olub. Biz də tələbəyə izah etdik ki, siz nahaq yerə qaynar xəttə müraciət etmisiniz. Əgər qiymətdən narazısızsa, institutun münaqişə komissiyasına müraciət edə bilərsiniz. Həmin müraciətlərə yenidən baxılır və komissiyada müzakirə olunur. Bizim müəllimlərimiz həmin komissiyaya  dəvət olunur və tələbənin müraciəti haqlı olan təqdirdə müsbət cavab verilir”.

Rektor onu da bildirib ki, ümumiyyətlə, “qaynar xətt”ə edilən müraciətlər əslində universitetlərdə baş verən neqativ hallarla bağlı olmalıdır. “Bu tələbələrdən heç kim heç nə tələb etməyib, yəni burada rüşvət məsələsi yoxdur. Sadəcə, burada qiymətindən narazı olan yüzlərlə tələbəmiz var”. Onun sözlərinə görə, institutda belə bir praktika var ki, tələbə bütün fənlərdən 5 qiyməti alır. “Ola bilsin ki,  kiminsə bir fəndən bir balı çatmır. Belə olan halda mən o bir balı onlara bağışlayıram. Nə üçün tələbə bir bala görə əlaçı ola bilməsin. Amma bir çox filiallarda tələbənin 3, 4, 5 balı çatmır, istəyir əlaçı olsun. Bir tələbə əlaçı olmaq üçün qiymətini düzəltməyə çalışır, digəri isə “2” qiymətini düzəltmək istəyir. Bunlar tam başqa məsələlərdir”.

A.Naxçıxvanlı onu əlavə edib ki, Müəllimlər İnstitutunun işinə heç kim müdaxilə edə bilməz. Çünki bu ali məktəbdə neqativ hallara son qoyulub: “Biz hər bir sessiyanı açıq və şəffaf keçiririk. Hətta biz belə bir təklif irəli sürürük ki, bütün valideynlər, mətbuatda olan insanlar imtahanların keçirilməsi prosesində iştirak edə bilərlər. Mənə elə gəlir ki, bizim işimizə müdaxilə etmək istəyən insanlar problemi özlərində axtarsınlar. Bizdə o problemlər yoxdur, biz narahat deyilik”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə bildirib ki, universitetdə “qaynar xətt”lə bərabər, münaqişə və apelyasiya komissiyası fəaliyyət göstərir:

“Tələbələr onları narahat edən məsələlərlə bağlı qaynar xəttə o cümlədən, apelyasiyaya, münaqişə komissiyalarına müraciət edirlər. Tələbələrin hər birinin müraciətinə individual yanaşılır və müraciətlərin səbəbləri araşdırılır. Sonradan isə  həmin müraciətlərə uyğun olaraq, rektor Abel Məhərrəmovla hər imtahan sessiyasından sonra görüş təşkil olunur. Rektor şikayəti olan hər tələbəni ayrı-ayrılıqda qəbul edir,  tələbələrin hər birini dinləyir, müvafiq  göstərişlərini verir”. 

Təhsil Nazirliyinin “qaynar xətt”inə müraciətinə gəlincə, mətbuat xidmətinin rəhbəri qeyd edib ki,  3 belə müraciət olub. “Bu müraciətlər yaz məktəbinin təşkili və imtahan işlərinin yenidən yoxlanılması ilə bağlı olub. Həmin müraciətlərə də 3 gün ərzində operativ şəkildə universitetin apelyasiya komissiyasında baxılıb. Universitetin tədrisinin təşkili, təlim texnologiyaları üzrə prorektorun imzası ilə bu haqda həm təhsil nazirliyinə,  həm də şikayət edən tələbəyə  məlumat verilib”.

Pedaqoji Universitetinin tarix kafedrasının müdiri Süleyman Məmmədovun sözlərinə görə, son sessiya müddətində 350 nəfər tələbə ərizə ilə müraciət edib. 100-ə yaxın tələbənin şikayətinə isə müsbət cavab verilib: “Universitet tələbələri ilk növbədə ali məktəbin qaynar xəttinə müraciət edirlər. Şikayətə universitet tərəfindən “hə”, ya “yox” cavabı verilir. Əgər cavab tələbəni qane etmirsə həmin tələbə nazirliyə müraciət edir”.

Universitetin mətbuat və informasiya  xidmətinin rəhbəri Mansur İbrahimov isə qeyd edib ki, bu sessiya müddətində Universitetin filologiya fakültəsinin yalnız bir tələbəsi Təhsil Nazirliyinə şikayət edib. Onun da şikayəti əsassız olduğundan təmin edilməyib. Buna da səbəb sessiya müddətində filologiya fakültəsinin dördüncü kurs tələbəsinin 2 balı çatmamağı olub.

İqtisad Universitetinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Zəfər Bayramov bildirib ki, “qaynar xətt”ə müraciətlər olur və apelyasiyada baxılır. Qiymətlərindən narazı olan tələbələrin şikayətinə  əsaslı və əsassız cavabı verilir. “Ümumiyyətlə, bizim “qaynar xətt”ə demək olar ki, az müraciət olur”. Universitet rəsmisinin sözlərinə görə, tələbənin şikayəti təmin olunmadığından və cavablar onları qane etmədiyindən nazirliyin qaynar xəttinə müraciət ediblər. Təbii ki, bunu tələbənin özündən soruşmaq lazımdır.

Gültəkin Ələsgər
Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı