Gənclər üzərində hansı rəmzlər olan köynəklər geyinir?
Son vaxtlar üzərində müxtəlif rəsmlər, yazılar olan köynəklərin satışı artıb. Elə bu köynəkləri geyinən şəxslərin də sayı çoxdur. Hətta artıq bəziləri ancaq eyni simvol olan köynəkləri geyinir. Bəs bunun mənası nədir? Gənclərin bu cür köynəklərə əhəmiyyət verməsinin səbəbi nədir?
Modern.az-ın əməkdaşı gənclərlə bu yöndə sorğu keçirib.
Kanadada oxuyan Zaur Abbasbəyli bildirib ki, Bob Marleyin şəkli olan köynək geyinir. “Eləcə də marixuana şəkli olanları. Mənim rəmzim bu ikisidir”.
“Bacanaqlar” serialında Göyçək rolunun ifaçısı Xanım Əliyeva isə bildirir ki, üzərində ürək formasında olan hər şeydən xoşu gəlir. “Amma köynəklərin üstündə hansı şəkilin olmasının mənim üçün fərqi yoxdur”.
Gənc jurnalist Şəfanə İbrahimova isə rəmzlərə, simvollardan ibarət olan köynəkləri sevmir: “Sadə köynəklər daha yaxşıdır”
Məlahət Adilova isə Merilin Monronun “xəstəsi olduğunu” söyləyib. “Onun printi ilə nəsə olanda alıram. Bir də “Sponge Bob” qoftam olub”.
M. Adilova bildirib ki, kitabla əlaqəli bir şeylər olanda, məsələn koftanın üstünə “İ love books” yazılıbsa onu geyinirəm.
Gənc jurnalist Elkin Xəlilov qeyd edib ki, sadə köynəkləri daha üstün tutur.
Aktiv gənc Bəyim Həsənli isə bildirib ki, əgər ideologiya baxımından götürsək, sırf kiminsə fotosu olan köynək geyinməkdən söhbət gedirsə, bu Əbülfəz Elçibəyin fotosu olardı. “Səbəbi isə çox aydındır. Mənə görə insanlıq önəmlidir. Humanizmdən daha önəmli heç nə yoxdur. Mənim üçün humanizm nümunəsi isə Elçibəydir”.
Aktiv gənc Atilla Cavid bildirib ki, “Simsonlar ailəsi”nin köynəyini sevir.
BDU-nun tələbəsi Turan Yusifova isə qeyd edib ki, kimlərinsə şəkli olan köynəkləri sevmir. “Amma maraqlı sözlər yazılan köynəkləri geyinirəm. Məsələn, bir koftam var, üstündə “New York” yazılıb, digər birində isə Böyük Britaniyanın bayrağı var. Amma bunu rəmz kimi qəbul etmirəm”.
Sevinc İltifatqızı