“Hafiz Hacıyevin müraciəti ssenari əsasında qurulan tamaşadır”
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Əli Kərimlinin həbs edilməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığı müraciətə münasibət bildirib. O, Modern.az-a açıqlamasında Hafiz Hacıyevin fikirlərinin qeyri-ciddi olduğunu və AXCP tərəfindən əhəmiyyət verilmədiyini deyib.
“Biz AXCP olaraq Hafiz Hacıyevin bu müraciətini ciddiyə almırıq. Bu təbii ki, hakimiyyətin ssenarisi ilə həyata keçirilən tamaşadır. Məqsəd də diqqəti əsas məsələlərdən yayındırmaqdır. Ona görə də, biz belə qeyri-ciddi məsələyə əhəmiyyət verməmək tərəfindəyik. Hər şey açıq-aydın görünür ki, ortada siyasi sifariş var. Hakimiyyətin Əli Kərimliyə qarşı apardığı təzyiq kampaniyasının tərkib hissəsidir. Hafiz Hacıyevin haqqımızda dediyi fikirlərə önəm vermirik. Qeyri-ciddi müraciətdir”, - deyə AXCP rəsmisi bildirib.
F. Qəhrəmanlı daha sonra Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsində Əli Kərimliyə ünvanladığı sərt ittihamlara da münasibət bildirib:
“O, öz aləmində guya müxalifəti tənqid edir. Amma əslində hər kəsə məlumdur ki, bu fikirlər reallığa uyğun deyil. Bu adamlar böhtan atmaqdan başqa nə iş görürlər ki? Siyavuş Novruzov dəfərlərə çıxış edir. Amma fikirlərində, çıxışlarında heç bir arqument, əsas yoxdur. Onlar haqsız olduqlarını bildikləri üçün bu cür çıxışlar edirlər. Bunların bir-birlərindən heç bir fərqi yoxdur. Bu ilk dəfə deyil ki, Siyavuş Novruzov əsassız fikirlər səsləndirir. Biz Azərbaycan xalqının maraqlarını müdafiə edirik”.
Qeyd edək ki, YAP funksioneri Siyavuş Novruzov hakim partiyanın saytına verdiyi müsahibədə İsa Qəmbər və Əli Kərimlini ittiham edərək onları 20 yanvar hadisələrində xalqı tək qoymaqda günahlandırıb. O, qeyd edib ki, Əli Kərimli 20 yanvar hadisələri zamanı qaçaraq yataqxanada gizlənib.
Anar RÜSTƏMOV