Modern.az

Azərbaycanda ilk dəfə beşəm doğulub, körpələrdən 2-si ölüb

Azərbaycanda ilk dəfə beşəm doğulub, körpələrdən 2-si ölüb

Ölkə

18 İyul 2012, 16:06


Azərbaycan tarixində qadın ilk dəfə 5 əkiz uşaq (beşəm) dünyaya gətirib. Modern.az saytı xəbər verir ki, əkizləri Sabunçu rayonundakı 6 saylı Doğum Evində Zaqatala rayonundan olan qadın dünyaya gətirib. Hadisə bir neçə gün öncə-iyulun 14-də baş verib.

Əkizlərin anası 22 yaşlı Nuranə Əliyeva Modern.az saytına bildirib ki, körpələrdən 2-si çox zəif olduqları üçün dünyasını dəyişib. Hazırda 2 qız və 1 oğlan xəstəxanada həkim nəzarəti altındadır.

N.Əliyeva onu da deyib ki, təbii yolla doğulan bu uşaqların nə qədər müddət xəstəxanada qalacağı hələ məlum deyil. Onlardan oğlan uşağının çəkisi 860, digər iki qızın çəkisi isə 986 və 972 qramdır.
Nuranə Əliyevanın 4 ildir uşağı olmurmuş. O, körpələrin ana bətninə hər hansı müalicə yolu ilə deyil, təbii yolla düşdüyünü qeyd edib, yəni heç bir süni mayalanma olmayıb.

Bu gün uşaqlarını xəsətəxanada qoyan, özü isə evə yazıldığı üçün tibb müəssisəsini tərk edən Nuranə Əliyeva qalacaq yerlərinin olmadığını söyləyib.

“Hər kəs bilir ki, Zaqatalada zəlzələ oldu. Eləcə də bizim evimiz qəzalı vəziyyətə düşdü. Bizim qalacaq evimiz yoxdur, palatkada yaşayırıq. Bilmirəm ki, uşaqlar çıxandan sonra biz harada yaşayacağıq”.
 
N.Əliyeva kömək üçün ölkə başçısı İlham Əliyevə müraciət edib.

“Çox xahiş edirəm ki, cənab Prezident bizə kömək etsin. Çünki bizim nə maddi imkanımız, nə də ki, başımızı salacaq bir evimiz var. Xahiş edirik ki, öz köməyini bizdən əsirgəməsinlər”.

Sonda isə 3 uşaq anası doğuş həkimi Ədalət həkimə öz minnətdarlığını bildirməyi də unutmayıb: “O olmasa idi, yəqin ki, mən də ölmüşdüm. Çox sağ olsun”.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı