Sektor müdiri: “Qaydanı pozan şəxslərə fiziki təzyiq göstərmək hüququmuz yoxdur”

“Bu günə qədər qorunan çimərlik ərazisində 1 nəfər də olsun boğulma faktı qeydə alınmayıb”. Bu sözləri Modern.az saytına açıqlamasında Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev deyib.
M. Piriyev bildirib ki, çimərlik mövsümü başlayandan bu günə qədər 146 nəfər çimərlik və qeyri-çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşən şəxs suda boğularkən xilasedicilər tərəfindən xilas edilib.
“Qeyri-çimərlik ərazisi sayılan çaylar, göllər, kanallar, su anbarları kimi yerlərdə müəyyən boğulma faktları ilə bağlı məlumatlar daxil olur. Boğulan şəxslərə operativ olaraq müdaxilə olunur və boğulmuş şəxs sudan çıxarılır. Həmin ərazilərdə sudan çıxardığımız insan cəsədləri bütün statistikanı əhatə etmir. Elə hallar olur ki, məlumat daxil olmur. Bəzən olur ki, deyirlər bir nəfər kanalda batıb. Əməkdaşlar iki-üç gün orada axtarış aparırlar. Sonra məlum olur ki, həmin şəxs evdən qaçıb, heç kanala düşməyib. Qeyri-çimərlik ərazilərindən məlumat daxil olan kimi, operativ olaraq həmin əraziyə bizim xilasedicilər yollanır. Həmin yerlər qeyri-çimərlik əraziləri olduğu üçün onların statistikasını aparmaq çətindir. Qorunan ərazidə bu günə kimi boğulan şəxs olmayıb”.
Sektor müdirinin sözlərinə görə, Dövlət Sularda Xilasetmə Xidmətinin çimərlik və qeyri-çimərlik ərazilərində qaydaları pozan şəxsləri cərimələmək səlahiyyəti yoxdur.
“Biz sadəcə olaraq onlara xəbərdarlıq edirik. Qaydanı pozan şəxslərə heç bir fiziki təzyiq göstərmək hüququmuz yoxdur. Adam olur ki, içkili halda suya daxil olur və biz texnika vasitəsilə ona yaxınlaşıb dəfələrlə xəbərdarlıq edirik. Hətta olur ki, həmin şəxslərin yaxınlığına növbətçi qoyuruq. Belə ki, çimib qurtarana kimi ona nəzarət olunsun ki, həmin şəxs batmasın. Daha artıq problem olanda, ərazidə xidmət aparan post-patrul xidmətinə və yaxud rayon polis idarəsinə məlumat veririk. Onlar gəlib həmin şəxsləri aparırlar və araşdırırlar ki, nədən həmin şəxs ictimai asayişi pozur”.
Anar Kəlbiyev