
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı onun başqanlığa namizəd olmasına etiraz edən bəzi partiyadaşlarına cavab verib. Son günlər mətbuatda haqqında yazılan məlumatlara münasibət bildirən A.Hacılı Modern.az-a açıqlamasında bir çoxları kimi danışmaqdansa, susmağa üstünlük verdiyini qeyd edib.
Müsavat başqanlığına ən real namizəd hesab edilən A.Hacılı bəziləri tərəfindən qəbul olunmadığını etiraf etsə də, hər şeyin zamanla həll ediləcəyini vurğulayıb.
“Mətbuatda mən bu məsələlərlə bağlı fikirlər səsləndirirdim. Artıq bu mənim üçün aktual deyil. Müsavat Partiyasının qurultayının vaxtı elan olunduqdan sonra bu mövzular aktuallaşacaq. Biz o zaman bu istiqamətdə müzakirələrimizi də davam etdirəcəyik. Müxtəlif fikirlər var və qeyd edim ki, bu məsələlər barədə qərarları partiyanın qurultayı verəcək. Hazırda qurultayla bağlı danışıqlarımız davam edir. Gürcüstanda da olarkən bu istiqamətdə müəyyən müzakirələr apardıq. Hələ ki real nəticə əldə etməmişik”- deyə A.Hacılı bildirib.
Bəzi Müsavat funksionerləri İsa Qəmbərin prezident seçkilərinə partiya başqanı olaraq qatılmasının tərəfdarı olduqlarını açıq-aşkar bəyan edirlər, bəs Arif Hacılı necə, İsa Qəmbərin prezident seçkilərində Müsavat başqan kimi iştirak etməsini istərdimi?
Arif Hacılının sualımıza cavabı belə olub: “Mən bu kimi suallara artıq cavab vermək istəməzdim”.
Qeyd edək ki, Arif Hacılı Müsavat başqanlığına iddialı olsa da, hələlik qurultayla bağlı müsbət bir nəticə əldə olunmayıb. Nizamnaməyə müvafiq olaraq qurultayın vaxtı təyin edildikdən sonra başqanlıq seçimlərinə start veriləcək. Lakin Arif Hacılıdan fərqli olaraq, bəzi müsavatçılar İsa Qəmbərin prezident seçkilərinə Müsavat başqanı kimi qatılmasının tərəfdarı olduqlarını bildirirlər.
Anar RÜSTƏMOV