Modern.az

Azərbaycanda bəzi ali məktəblərə qızların qəbuluna qadağa qoyulub

Azərbaycanda bəzi ali məktəblərə qızların qəbuluna qadağa qoyulub

Ölkə

20 İyul 2012, 11:28

Dünyanın bütün ölkələri kimi, Azərbaycanda da qadınların güc strukturlarında - hərbi sahədə, ədliyyədə və polis sistemində təmsilçiliyi var. Amma Azərbaycandakı güc strukturlarında xidmət edən zərif cinsin nümayəndələrinin sayı o qədər də çox deyil.

Maraqlıdır, ölkəmizdə güc strukturları üçün kadrlar hazırlayan ali məktəblərə indi də qızlar təbələ olaraq qəbul edilirmi?

Modern.az saytı bunu araşdırmağa çalışıb.

Müşahidələr göstərir ki, ali məktəblərin əksəriyyətində tələbələr arasında qızlar çoxluq təşkil etsə də, bunu güc strukturları üçün kadr hazırlayan məktəblərə aid etmək olmaz. Araşdırmalar zamanı məlum olub olub ki, qızların həmin məktəblərə qəbuluna hətta qadağa qoyulub.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdən əməkdaşımıza verilən məlumata görə, hazırda burada təhsil alan kursantlar arasında qız yoxdur. Hətta hərbi məktəbin 2012/2013-cü tədris ili üzrə tələbə qəbulu üçün verdiyi elanda bildirilir ki, 5 sentyabr 2012-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta məktəbi bitirmiş Azərbaycan Respublikası vətəndaşları (yalnız oğlanlar) sənəd verə bilərlər.

Qeyd edək ki, Ali Hərbi Məktəbə son dəfə 2002-ci ildə qızlar qəbul olunub və onlar 2006-cı ildə təhsillərini bitiriblər. 2002-ci ildə sonra məktəbə qızların qəbulu dayandırılıb.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında da heç bir qız tələbə yoxdur. Akademiyadan saytımıza bildiriblər ki, indiyə qədər burada qız oxumayıb, yəqin bundan sonra da oxumayacaq.

Fövqəladə Hallar Nazirliyinin Akademiyası isə digərlərindən fərqlidir. Belə ki, bu akademiyaya keçən tədris ilində qızlar sənəd versə də, qabiliyyət imtahanından keçə bilməyiblər. Bu il isə akademiyada təhsil almaq üçün qızlar sənəd verməyib.

Polis Akademiyasında isə cəmi bir qız təhsil alır. O da akademiyaya keçən il qəbul olunub. Akademiyadan bildiriblər ki, cari tədris ilində qızların akademiyaya qəbul olması hələ ki məlum deyil.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı