Bir neçə gün öncə Azərbaycan tarixində ilk dəfə 5 əkiz (beşəm) uşağın dünyaya gəlməsi xəbərini vermişdik. Təəssüf ki, anadan diri doğulan körpələr həyatda qalmayıb. Beşəmlərin anası Nuranə Əliyevanın bu gün Modern.az-a verdiyi məlumata görə, körpələrdən daha biri ölüb və beləliklə 5 uşaqdan hazırda 1-i salamatdır.
“Uşaqlardan 4-ü ölüb, ancaq 960 qram çəkisi olan oğlan yaşayır. Onun da necə olacağı barədə məlumat verilmir”.
Körpələrin anası bildirir ki, dünən uşaqları Zaqatala rayonuna basdırmağa aparıblar. “Bilmirik ki, uşaqlar niyə ölür? Bizə bu barədə məlumat vermirlər. Oğlan hələ də 6 saylı Doğum Evindədir, həkimi Gülya xanımdır. Amma o da, uşaqların ölüm səbələrini demir”.
N.Əliyeva bu günlər ərzində nə hansısa dövlət qurumundan, nə də ki, başqa bir şəxslərdən onlarla maraqlanan olmadığını vurğulayıb.
Qeyd edək ki, beşəm körpələr iyulun 14-də dünyaya gəliblər.
Sevinc İltifatqızı