“Aktiv fəaliyyətim həmişəki kimi davam edir...”
Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu, keçmiş deputat Pənah Hüseyn aktiv siyasi fəaliyyətinin nəzərə çarpmaması ilə bağlı deyilənlərə münasibət bildirib. O, Modern.az-a açıqlamasında haqqında səslənən fikirləri təkzib edərək, aktiv fəaliyyətinin davam etdiyini bildirib.
“Mən yenə də aktiv fəaliyyətimi davam etdirirəm. Fəaliyyətimdə heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq deyə bilmərəm nə üçün düşünürlər ki, fəaliyyətim nəzərə çarpmır. Əslində dəyişən heç nə yoxdur. Fəaliyyətim normal olaraq davam edir. Mən yenə əvvəlki templə, rejimlə çalışıram. Mənim belə bir müşahidəm yoxdur”, - deyə P.Hüseyn vurğulayıb.
Sabiq deputat İctimai Palata üzvləri ilə münasibətinin olmaması haqda deyilənlərə də münasibət bildirib:
“İctimai Palata nümayəndələri ilə də münasibətlərim həmişəki kimi normaldır. Bilmirəm nə üçün belə fikir söyləyirlər”.
P.Hüseyn daha sonra ölkə prezidentinin ona ev verməsi ilə bağlı sosial şəbəkələrdə yazılan xəbərlərin doğru olmadığını deyib. Onun sözlərinə görə, yayılan xəbər sadəcə zarafat ola bilər.
“Ev məsələsinə gəlincə, yəqin uşaqlar zarafat ediblər. Elə bir şey olmayıb. Sadəcə olaraq deyə bilərəm ki, düzgün məlumat deyil. Bilmirəm kim yazıb, amma ciddi qəbul ediləsi məlumat deyil”, - deyə P.Hüseyn əlavə edib.
Qeyd edək ki, Facebook sosial şəbəkəsində bir qrup istifadəçi tərəfindən Pənah Hüseynə mənzil verilməsi haqda xəbər yayılıb. Məlumata görə, P.Hüseyn ona verilən mənzildən imtina edib.
Xəbəri Facebook-da AXCP üzvləri daha çox paylaşıblar.
Anar RÜSTƏMOV