Sabiq millət vəkili, filologiya elmləri üzrə fəlsəfə doktoru Gültəkin xanım Hacıbəylinin eks-spiker Rəsul Quliyevin lider olduğu Acıq Cəmiyyəti Partiyasına (ACP) cəlb olunması yönündə danışıqlar gedir, tərəflər arasında hələ ki, razılaşma yoxdur və sair və ilaxır. Son günlərin ən çox müzakirə predmetinə cevrilən mövzularından və xəbər başlıqlarına çıxarılan məlumatlarından biri budur desəm, yanılmış olmaram. Amma adam bu müzakirələrin gedişatını izləyərkən bilmir bunlara gülsün, yoxsa ağlasın... Düşünürsən ki, görünür ya bu informasiyanı, daha doğrusu, “dezo”nu sifariş verənlər və tirajlandıranların siyasətdən, ümumiyyətlə, dünyadan, reallıqlardan xəbərləri yoxdur, ya da Gültəkin xanıma, onun xarakterinə, keçdiyi yola, sahib olduğu dəyərlərə bələd deyillər.
Axı, onlar da yaxşı bilməlidirlər (və ya yaxşı bilirlər) ki, Gültəkin xanım hara, Rəsul Bayramoğlu hara, xanım Hacıbəylinin savadı, dünyagörüşü, intellekti, ən əsası səviyyəsi, sahib olduğu dəyərləri hara, hər zaman xeyir gördüyü və borclu olduğu xalqı hər addımbaşı “bədbaxtlar” deyib aşağılayan, hər seçkidə “gəlirəm, hazır olun” deyib, tərəfdarlarına, müttəfiqlərinə, hətta, doğmalarına belə, qardaş Anadolu türkləri demişkən, “qazıq atan” eks-spiker hara və sair və ilaxır? Gültəkin xanımı neçə illərdən bəri yaxından tanıyan, onunla yerli olan və ailəvi dostluq edən birisi kimi həmin “dezo”nu “istehsal” edənlərə və həmin “dezo”ya səmimi səlbdən inanmaq istəyənlərə birmənalı, net olaraq demək istəyirəm ki, Səməd Seyidov demişkən, bunlar başdan-ayağa ağ yalan, böhtan və reallıqları özündə əks etdirməyən məlumatlardır!!!
Heç bir bəzək-düzəksiz, tam səmimi olaraq onu da qeyd etmək istəyirəm ki, əslində Gültəkin xanımın özü elə bir partiyadır. Bircə dəfə əl yelləməsi bəs edər ki, ətrafına yüzlərlə, bəlkə də minlərlə səmimi, qarşılıq güdməyən təmənnasız tərəfdarlar toplaşsın. Və bu gün bir sıra istər iqtidaryönlü, istər mərkəzyönlü, istərsə də müxalif yönümlü partiyaları, partiya liderlərini kölgədə qoya, qısqandıra biləcək bir siyasi təşkilat yaradıb, ona liderlik etsin. Buna Gültəkin xanımın potensialı kifayət qədər yetir. Belə olan halda, onun indi hansısa partiyaya, xüsusən, Azərbaycan cəmiyyətində heç bir uğura imza atmamış və bu gedişlə də hansısa uğura nail ola bilməsi qeyri-mümkün olan bir partiyaya üzv olması, hətta tutaq ki, onun rəhbərliyində təmsil olunması nəyinə lazım?!
Əslində isə xanım siyasətçinin hansısa partiyaya üzv olması və hansısa partiyanı təsis, təşkil etməsi də lazım deyil. Gültəkin xanım bu gün Azərbaycan siyasətində, siyasi həyatında, qeyri-təvazökarlıq kimi qəbul edilməsin, partiyaların fövqündə dayanan ziyalı siyasətçilərdən biri və birincilərdəndir. Əslində bu gün iqtidarlı-müxalifətli bir çoxları Gültəkin xanımı səbirsizliklə öz sıralarında görmək istərdilər və qəti əminəm ki, istəyirlər də! Bəli, bir çoxları bunu qəbul və həzm etmək istəməsələr də, bu, belədir, bu, inkarolunmaz faktdır.
Amma necə deyərlər, çifayda, əbəs yerə vaxtlarını ayırıb, buna ümid edirlər, gözləntilərinin xeyri yoxdur. Gültəkin xanım belələrini sevindirməyib, bundan sonra da sevindirəməyəcək və öz potensialını onlara xərcləyib qurtarmayacaq. Eyni zamanda, bu gün bir qədər radikal mövqeyi ilə seçilən Ziyalılar Forumunda təmsil olunmasına, orada dərin məntiqə və intellektə söykənən sərt tənqidi fikirlər söyləməsinə görə, bir çoxları kimi Gültəkin xanımın da “bir gün hakimiyyətçi-iqtidarçı, bir gün isə müxalifətçi-asi” olacağını düşünənlər də çox yanılırlar. Əgər bu adamlar əsl həqiqət tərəfdarıdırlarsa, o zaman bir qədər özlərinə əziyyət versinlər və Gültəkin xanımım 2000-2010-cu illərdəki deputatlıq fəaliyyəti dövründəki mətbu çıxışlarına, açıqlamalarına baxsınlar.
Gültəkin xanım bu gün səsləndirdiyi fikirləri elə həmin dövrlərdə də - şəxsən mənim işlədiyim “525-ci qəzet”ə, “Turan” İnformasiya Agentliyinə və digər media quruluşlarına verdiyi müsahibələrində, açıqlamalarında səsləndirib, özü də indikindən qat-qat sərt şəkildə. Yəni, demək istəyirəm ki, Gültəkin xanım üçüncü dəfə deputat olmadı deyə - əslində namizədliyini özü irəli sürmədi və xalqın, seçicilərinin nəzərində də yenə millətinin vəkilidir- onun dünyagörüşündə də, siyasi fəaliyyətində də hər hansı bir dəyişiklik olmayıb, heç nə baş verməyib. Sadəcə, bulanıq suda balıq tutmaq istəyənlərin könlü belə istəyir ki, Gültəkin xanımı da özlərinə bənzətsinlər, öz çamurlarını onun da üzərinə atsınlar, ən azı onu məhvərindən çıxarsınlar. Ancaq yuxarıda qeyd etdiyim kimi, faydası yoxdur, alınmayacaq, bütün cəhdlər hər zamankı kimi, yenə də fiaskoya uğrayacaq və iflasa məhkumdur...
Gülktəkin xanım istər deputatlıq fəaliyyəti, istərsə ondan sonrakı iki il ərzində də daim özü olub, dəyişikliyə uğramayıb, nələri həqiqət və doğru bilibsə, onu da çəkinmədən bəyan edib və bundan sonra da, çox güman ki, belə olacaq. Çünki Gültəkin xanım ideya, dəyərlər adamıdır və belə adamları öz yolundan çəkindirmək ən yumşaq şəkildə desəm, çox çətindir...
Yeri gəlmişkən, çox yəqin ki, bu yazımdan da sonra yenə məşhur, məlum “ştatnı” şəhrçilər “ordusu” üstümə hücum edəcəklər, nələrisə düzüb-qoşub, icad etməyə çalışacaqlar və sair. Olsun, məşhur atalar məsəlində deyildiyi kimi, yel qayadan nə aparar?! Və ya, başqa bir atalar məsəlində deyildiyi kimi, dost yolunda boran olar, cən olar! Gültəkin xanım da daxil olmaqla, hər zaman kimliyindən və hansı mövqeni tutmasından asılı olmayaraq, bütün dostlarımı müdafiə etməyə, onlara yönələn hücumları qəbul və dəf etməyə hazıram!