İnternatda qüsurlu uşaqlar direktora belə müraciət edir
Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7 nömrəli uşaq internat evinin himayəsində 122 uşaq var ki, onun 53 oğlan, qalanı qızdır. Direktor Qətibə Əsədova deyir ki, internata gətirilən uşaqların sayı ilbəil çoxalır.
– Qüsurlu uşaqlar düzgün həyat tərzi keçirməyən, daha doğrusu, narkoman, əyyaş valideynlərin günahı qüsurlu yaranır. Hazırda internatda 220 nəfərlik yer var. Amma bu gün də internata qüsurlu uşaqların gətirilməsi davam edir.
– Qüsurlu uşaqlar neçə yaşa kimi yaşayırlar?
– Bu onların xəstəlik diaqnozundan asılıdır. Əsasən əqli qüsurlular, iflicdən, ürək çatışmazlığından əziyyət çəkənlər 12, 15, 18 yaşa qədər yaşaya bilir.
– İndiyədək nə qədər qüsurlu uşaq dünyasını dəyişib?
– Mənim direktor təyinatımdan sonra cəmi bir nəfər. Məndən əvvəl onların hesabatı böyük idi. Biri balkondan yıxılmışdı, birini yandırmışdılar, birinin qulağını kəsmişdilər. Məsələn, dayə cibinə kibrit qoyub biri də götürüb o birisini yandırıb. Bir uşaq da gedib o biri uşağın qulağını yemişdi. Mən bu cür hadisələrin qabağını almaq üçün təyin olunmuşam.
– İnternatda ən kiçik uşağın yaşı nə qədərdir?
– 4 yaşında bir uşağımız var. İnkişafdan qalmış, balaca bir uşaqdır. Amma əslində biz 8 yaşından götürməliyik.
– Son dövrdə nə qədər qüsurlu uşaq qəbul etmisiniz?
– Mən bura gələndən sonra, yəni 2012-ci ilin yanvarından 8 uşaq qəbul etmişəm.
– Valideynlər uşaqlarını geri almaq üçün müraciət edirlərmi?
– 6 ay bundan əvvəl 7 uşağın ailəsini tapıb onları geri qaytarmışıq. Bunun da səbəbi odur ki, prezidentin verdiyi fərmana əsasən uşaqlar ailələrdə yaşamalıdır. Ailəsi olmayanlar isə yaxın qohumların, yəni xalaların, bibilərin himayəsindədirlər.
– Ailələrə qaytarılan uşaqlar üçün sonradan monitorinqlər aparırsınızmı ki, bu ailələr uşaqlara baxırlarmı, onların ehtiyacların təmin edirlərmi?
– Biz onları ailələrə verərkən onların bütün məlumatların götürürük. Ana-ata deyir ki, biz uşağı qoyanda bura vəziyyətimiz çox pis idi. İndi şəraitimiz var, övladımızı evə aparırıq. Ərizə yazırlar ki, mən birdəfəlik övladımı evə aparıram. Biz uşaqları verən zaman hüquqşünas çağırırıq. Uşağın şəklini valideynlə çəkirik. Bütün sənədləri yığırıq və hər bir uşaq üçün albom düzəldib veririk. Eyni zamanda qeyri-hökumət təşkilatları ilə sıx əlaqəda işləyirik. UAFA təşkilatı və Norveç Humanitar Təşkilatı ilə əlaqəli işlədiyimizə görə bu təşkilatlar uşağın ardınca gedir, onları yoxluyurlar, görürlər necədir, nə çətinliyi varsa, kömək edirlər. Hər ay o uşaqlara biz buradan kömək edirik, dərman lazımdırsa, göndəririk.
– Valideynlər bura necə gəlib-gedir? Heç uşaqları ilə maraqlanırlarmı?
– Bu gün bazar günüdür. Valideyn günüdür. İndi müşahidə edək görək nə qədər valideyn gələcək. Artıq onlar öz övladlarından soyuyublar. Gələndə də 5 dəqiqə dəyib gedirlər. Məsələn, bu yaxınlarda valideynlərlə bir iclas keçirmək istədim, cəmi 7 nəfər valideyn gəldi. Görüşməkdə də məqsədim o idi ki, nəyə görə xəstə uşaqlar pensiya almasınlar. Mən təklif etdim ki, bizim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərəfindən tibbi arayışa əsasən bu uşaqlara pensiya verilsin. Kimin valideyni var bu pensiyanı alsın, kimin valideyni yoxdursa, pensiya uşaqların hesabına yığılsın. Bəlkə bu uşaqlar uzun müddət yaşadılar, bu zaman hesabdan çıxarıb özlərinə istifadə edə bilsinlər. Sonralar məlum oldu ki, valideynlərin əksəriyyəti bu pensiyanı alırmış. Valideynlərlə söhbətdə internatın büdcə məsələsinə də toxundum. Hərdən hətta pampers sarıdan belə çətinliyimiz olur.
– Uşaqlara indi nəzarət necədir? Elə olurmu ki, heç dalaşsınlar, bir-birinə hücum etsinlər?
– Uşaqlar 8 qrupa bölünüb. Onları nəzarətsiz qoymuruq. Hazırda 94 işçi onlara baxır. Mənim təyinatımdan sonra 20 nəfər işdən azad edilib. 10 işçini nöqsanına görə işdən çıxartmışam.
– İnternatda işə qəbul necə aparılır?
– İşçilər əksəriyyəti yaşlı qadınlardır. Onların hamısı həkim nəzarətindən keçir. Çalışıram ki, işə qəbul edən də kənd adamların qəbul edim. Üstəlik, ana olsun, uşaqları olsun, qüsurlu uşaqlarla rəftar qaydasını bilsin...
– Uşaqlar burada neçə yaşa qədər qala bilərlər?
– 18 yaşı tamam olana kimi məktubla Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə müraciət edirik. Sonra yaşı 18-i keçmiş qüsurlu insanlar üçün internata təhvil veririk. Amma burada elə qüsurlularımız da var ki, yaşı tamam olmasına baxmayaraq, göndərə bilməmişik. Çünki evlidirlər, əgər göndərərsək həyat yoldaşları qalır.
– Bəs uşaqları əyləndirmək üçün haralara aparırsınız?
– Bizi Brilyant Dadaşovanın xeyriyyə konsertində bizi ora dəvət etmişdilər. Bu konserti müğənni və “Nigar” prodakşn şirkəti keçirirdilər. Konsertdən sonra onlar bizə bir maşın açarı verdilər. İşlənmiş, köhnə maşın olsa da bizim üçün çox yararlıdır. “Nigar” prodakşnın təkilatçılığı ilə iyunun 31-də bütün müğənnilər bizim uşaqlara konsert verəcəklər. Uşaqlar orada həmçinin sərgi açmışdılar. Müğənnilərimiz uşaqların əl işlərindən pulla aldılar. Bundan başqa, bu yaxınlarda onları dənizə aparmışdım. Gələn həftə isə Nabrana aparmaq fikrimiz var. Onların tərbiyəçiləri və həkimləri var .Əlbəttə ki, onları suya salanda tərbiyəçiləri salırlar, çıxardırlar. Biz uşaqları öz başına buraxmırıq ki... Bu uşaqlarda böyük ürək var. Hamısı mənə “ana” deyir...
Şahanə Rəhimli