
Modern.az yeni “Estafet” rubrikasını təqdim edir. Qaydalara görə, rubrikamızın qonağı ona ünvanlanan sualı cavablandırandan sonra özü də istənilən bir şəxsə sual vermək iqtidarında olacaq. Müsahib arzu etdiyi şəxsdən bizim sayt vasitəsi ilə öz suallarına cavab alacaq. Bir sözlə, hər dəfə sualları cavablandıran şəxs öz növbəsində estafeti növbəti qonağa ötürəcək.
Rubrikamızın ilk qonağı “Ulduz” jurnalının baş redaktoru müavini, şair-jurnalist Qulu Ağsəsdir. İlk müsahibimizə sualları əməkdaşımız ünvanladı.
Modern.az-ın Qulu Ağsəsə sualları:
– Qulu Ağsəs beynindən, ruhundan süzülüb gələn şeirləri qələm, yoxsa kompüterlə yazır, ya da kiməsə diktə edir?
– Qulu Ağsəs kimin qulu ola bilər?
Cavablar:
– Mənim kompüterdə sürətimin zəif və ya sürətli olmasından asılı olmayaraq, yenə də şeirləri qələm vasitəsilə yazmağa öyrəşmişəm.
– Qulu Ağsəs ancaq öz imzasının, Qulu Ağsəsin qulu ola bilər.
Suallara cavab verən Qulu Ağsəs öz növbəsində estafeti sual vermək istədiyi şəxsə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı, tanınmış alim Rafiq Əliyevə ötürdü.
Qulu Ağsəsin Rafiq Əliyevə ünvanladığı suallar:
– Rafiq Əliyevin öz dünya şöhrətli həmkarı və dostu Lütfi Zadə ilə birgə ixtira elədikləri ikiqat qeyri-səlis riyazi məntiq nəzəriyyəsini biz təmiz Azərbaycan dilində nə vaxt, harda tapıb oxuya bilərik ?
– Qeyri-səlis riyazi məntiq nəzəriyyəsini Azərbaycanın ixtira etməsində hansısa bir rəmz varmı?
Cavabları tezliklə saytda təqdim edəcəyik.
Könül Səid