Vaqif Səmədoğlu: “İndi özüm şikara dönüb, Əzrayıl adlı çox mahir ovçudan gizlənməklə məşğulam”

Azərbaycanda ov mövsümü iyunun əvvəllərindən açıq elan edilib. Ovçuluq təsərrüfatlarında təkə, qaban (çöl donuzu), dovşan, bataqlıq qunduzu, çaqqal və yenot kimi heyvanların ovuna icazə verilib. Ovçuluq hüququ olan hər bir şəxsin ov günlərində (şənbə və bazar) ovçuluq təsərrüfatlarına girmək ixtiyarı var. Həmin təsərrüfatlarda ovçuların gecələməsi, istirahəti, balıqçılıqla məşğul olması üçün lazımi şərait yaradılıb. Ovçular deyirlər ki, ov həvəskarları arasına Rusiya istehsalı olan beşatılan ən dəbdə olan silahdır.
Bu mövsüm tanınmışlardan ova gedən varmı?
Modern.az-ın sorğuladığı deputat Aqil Abbas ov üçün əsasən Şəki və Ağcabədi rayonlarına getdiyini bildirib. Milli Məclisin üzvü bu mövsüm bir dəfə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ilə ovda olduğunu deyib: “Bu il Ağcabədi rayonunun ərazisində yerləşən Ağgöl qoruğunda olmuşuq. Bir az güllə atıb, dincəlib gəlmişik. Ov quş vurmaq üçün deyil. Quş ətini bazarda da satırlar. Ov istirahət və mənəvi zövq almaq üçündür. Məqsədim o deyil ki, gedib ördək və yaxud digər bir quşu vurub yeyək. Onu restoranda da verirlər. Ov zamanı təmiz havada olursan və insanın fikirləri cəmləşir. Ov zamanı heç kim yanbayan ov etmir. Ov zamanı hər kəs bir-birindən 150-200 metr uzaq olur. Oturub bir saat gözləyirsən ki, quş havaya qalxacaq. Bu vaxt ərzində insan özü ilə tək qalır. Ov insanın daxili ilə bir yerdə olması üçün ən gözəl istirahət növüdür. Vüqar Səfərli ilə ova getmək çox xoşdur. Onun çox yüksək səviyyədə yolçuluğu var”.
Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu bu mövsüm ova gedə bilməyib. Şair bildirib ki, bu qış ayağının sınması və 3-4 ay gipsdə qalması ona ova getməyə imkan verməyib:
“Sonuncu dəfə 2011-ci ilin qışında ovda olmuşam. Çalışıram ki, bu ov mövsümündə ikiqat əvəzin çıxım. Hazırda İsmayıllı rayonundayam və özüm üçün ov yerlərini müəyyən edirəm. Artıq ov mövsümünə indidən hazırlıq gedir. Ən çox İsmayıllı meşələrində ov etməyi sevirəm. Qanunla nəyə icazə verilirsə, onu da vururuq. Qanundan kənara çıxmıram və amansız ovçu deyiləm. Qanun və insafım nəyə yol verirsə onu edirəm. Əsasən quşları ovlayıram. Qışda isə yaxşı dovşan olur”.
Xalq artisti, tarzən Ramiz Quliyev bildirib ki, cavanlıqdan Ovçuluq Cəmiyyətinin üzvü olub, 20 ildən çoxdur ki, fəxri ovçudur: “Ovçuluğun qayda-qanunlarına əməl etdiyimə görə, Ovçular Cəmiyyəti tərəfindən fəxri ovçu seçilmişəm. Ovu çox xoşlayıram. Ov zamanı hansısa heyvanı vurmaq və yaralamaq əsas məqsədim deyil. Onların uçuşu və səsindən daha çox ləzzət alıram. Ov üçün ən çox Qızılağac qoruğuna gedirdim. Son 3 ildir ki, gedə bilmirəm. Bu illərdə ov mövsümü olan vaxtlarla xarici ölkələrdəki qastrol səfərlərim eyni vaxta düşüb. Bu baxımdan gedə bilməmişəm. Gərək vaxt edib gedəm”.
Şair Vaqif Səmədoğlu qeyd edib ki, ov min illərlə insanları yaşadıb və saxlayıb. Xalq şairi sonuncu dəfə nə zaman ov getdiyinin yadından olmadığını deyib. “Səhhətim ilə bağlı son illər ova gedə bilmirəm. İndi özüm şikara dönüb, Əzrayıl adlı çox mahir ovçudan qaçmaq, ya gizlənməklə məşğulam. Ov dostlarımdan, silahdaşlarımdan kimsə həyatda qalmayıb. Bir dəfə müğənni Teymurla (Teymur Əmi) uğursuz bir ovda olmuşam. Bu münasibətlə Teymuru zildən “Zəminxarə” oxumağa məcbur etmişəm. Ən çox Səməd Vurğunla ova getməyi sevərdim. Onun kimi sərrast tüfəng atan görmədim”.
Babək Niftəliyev hər mövsüm ova getdiyini deyib. Muğam ifaçısı ovu çox xoşladığını və bununla dincəldiyini bildirib: “Hələ ki daha çox balıq tutmağa gedirəm. Avqust ayının 25-dən sonra bildirçin və kəklik ovu başlayır. Həmin vaxtı ov edəcəyəm. Ov üçün əsasən Şamaxı, İsmayıllı, Qax, Tovuz, Goranboy rayonlarına gedirik. Ən çox öz yaxın dostlarımla ov etməyi sevirəm”.
Anar Kəlbiyev