
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə I ixtisas qrupu üzrə keçid ballarının aşağı salınmasına münasibət bildirib. Modern.az-ın məlumatına görə, iyulun 27-də keçirdiyi mətbuat konfransında bu məsələyə toxunan TQDK sədri keçid ballarının aşağı salınmasının plan yerləri ilə bağlı olduğuni bildirib.
“Bir çoxları keçid ballarının çox aşağı olduğunu bildirirlər. Amma dövlət sifarişli yerlərə 250 baldan aşağı toplayan abituriyent qəbul olmayacaq. Dövlət sifarişi üçün 4146 yer ayrılıb. Qeyd edim ki, 6092 tələbə 250 baldan çox toplayaraq bu yerlər uğrunda mübarizə aparacaq.
Bu il imtahan verən abituriyentlərin 7000-dən çoxu ötən il orta məktəbləri bitirən məzunlardır. Təhsilə daha çox maraq olduğu üçün imtahan verənlərin də sayı artıb. Onların da çox hissəsi aşağı bal topladıqları üçün biz imkan veririk ki, oxuyub təhsillərini davam etdirsinlər. Bu il I qrup üzrə daha çox yerlər neft, qaz yataqları və texnologiya ilə bağlıdır. Bu istiqamətdə mübarizə daha çox olacaq”, - deyə komissiya sədri bildirib.
M.Abbaszadə daha sonra xarici ölkələrin universitetlərinə imtahansız qəbulla bağlı valideynləri bir daha ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, bu kimi reklamlara aldanıb xaricdə təhsil almaq qeyri-qanuni hesab edilir.
“İmtahansız xarici ölkələrin universitetlərinə qəbul elan edirlər. Tələbələr qeyri-qanuni yerlərdə oxuyurlar, bir ildən sonra gəlib Azərbaycanda yenidən təhsil almaq istəyirlər. Bu da kimlərinsə biznes maraqlarından irəli gəlir. Valideynlər də ehtiyatlı olmalıdırlar ki, bu insanlara aldanmasınlar”.
Anar Kəlbiyev