Modern.az

Oğlanlarımız niyə cılızlaşır?

Oğlanlarımız niyə cılızlaşır?

Ölkə

30 İyul 2012, 15:56

“Biz, az yaşlı nəsil cavanları görəndə deyirik ki, gənclərimiz boyda balacalaşır, amma...”

Müasir həyat tərzi insanların gündəlik həyatında fərqli vərdiş və fəaliyyət sahələri formalaşdırır. Yeni qazanılmış vərdişlər isə insanın fizioloji görünüşünə təsirsiz ötüşmür.

Bütün məsələlərin bir düyməni basmaqla kifayətləndiyi çağdaş dönəmdə insan  fiziki imkanlarından az, əqli imkanlarından isə daha çox yararlanır. Bu da  cılızlaşmaya əsas səbəb verən amillərdən biri olur. Bu cılızlaşma isə gənc oğlanlarda daha çox  müşahidə olunur. Maraqlıdır ki, oğlanların günbəgün balacalaşmasının səbəbləri nə ilə izah olunur?

Elə bu sualla Modern.az həkim rəylərini öyrənib.

Həkim-ekspert Adil Qeybulla bunu dünyada olan proseslərlə əlaqələndirir: “Bu dünyada olan bir prosesdir, ərzağa, ya başqa nəyəsə bağlamaq olmaz. Dünyanın quruluşu belədir, bu, neçə əsr bundan əvvəl də belə olub. Belə ki, neçə əsr bundan əvvəl insanlar hündür olub, sonra balacalaşıb. Bunu ancaq Allahın hökmünə bağlamaq olar,  basqa nəyəsə bağlamaq düzgün olmaz”

Respublikanın baş pediatrı Nəsib Quliyev isə bu gün ölkədə cılızlaşma probleminin olmadığını deyib: “Bu gün kim düşünürsə, oğlanlar, həmçinin qızlar   getdikcə cılızlaşır, bu, olduqca yanlış bir fikirdir. Statistika bunun əks tərəfini göstərir, çünki əvvəlki illərlə müqayisədə gənclərdə fizioloji cəhətdən inkişaf gedir. Pediatriyada “akselerasiya” deyilən bir termin var ki, yəni uşaqların tez yeriməsi, danışması, yaşından tez böyüməsi, inkişafı və yetişkənliyi 100 illərlə  müqayisədə daha irəliyə gedib. Aparılan müqayisələr göstərir ki, müasir dövrdə  həm oğlanların, həm qızların boyu tez artır, onların orta boyu qabaqkı yaşıdlarından  daha çox hündür olur”.

Pediatr qeyd edib ki, oğlanlarda cılızlaşma yox, akselarasiya məsələsi  gündəmdədir: “Akselarasiyanın dünyada, o cümlədən bizdə izahı yoxdur, heç kəs  bilmir ki, nə üçün uşaqlar tez yeriməyə başlayır, tez danışır, yetişkənliyi tez olur,   boyu daha ucu olur. Oğlanların cılızlaşması  qətiyyən doğru fikir deyil. Uşaqların, gənclərin orqanizmində müəyyən dəyişikliklər ola bilər. Bu da həyat tərzi ilə bağlıdır. Amma bu cılızlaşma deyil. Məsələn, mənim nəvəm 9-cu sinfə keçir,  boyu 160 sm-dir, mən isə 10 illiyi qurtaranda boyum 156 sm olub. Sadəcə bu,  subyektiv hissiyyatla bağlıdır. Biz, az yaşlı nəsil cavanları görəndə deyir ki,   gənclərimiz boyda balacalaşır, biz böyük idik. Amma əslində elə deyil. Praktika  başqa  söz deyir”.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı