Modern.az

“6 rayonun ermənilərə necə verildiyini bir deputat bilir”

“6 rayonun ermənilərə necə verildiyini bir deputat bilir”

Ölkə

1 Avqust 2012, 13:58

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyənin Azərbaycandakı səfirliyin keçmiş mətbuat müşaviri  Turqut Ərin eks-spiker Rəsul Quliyev haqda səsləndirdiyi ittihamlara münasibət bildirib.

Modern.az xəbər verir ki, Turqut Ər “Azadlıq” qəzetinə göndərdiyi məktubda Rəsul Quliyevi Azərbaycanın 6 rayonunun ermənilərə verməkdə ittiham edib. Turqut Ər həmçinin bildirib ki, o zaman ölkədə baş verən qarşıdurmaların və qanlı olayların arxasında birbaşa Rəsul Quliyev dururdu.

ADP sədri Sərdar Cəlaloğlu keçmiş müttəfiqi haqda Turqut Ərin dediyi fikirlərin əsassız olduğunu və Azərbaycan torpaqlarının ermənilərə kim tərəfindən verilməsi haqda məlumata malik olduğunu bildirib. S.Cəlaloğlunun sözlərinə görə, o zaman 6 rayonun ermənilərə verilməsində Rəsul Quliyevin rolu ola bilməzdi.

“Şəxsən mən bilirəm ki, rayonların verilməsində Rəsul Quiliyevin heç bir iştirakı yoxdur. Azərbaycan rayonların ermənilərə verilməsinin sirrini ancaq Afiyəddin Cəlilov bilirdi. Afiyəddin Cəlilovun ölümünün əsas səbəbi də bu sirri bilməsi idi.
Afiyəddin Cəlilov yaxşı bilirdi ki, 6 rayon kim tərəfindən verilib. İndi Turqut Ər Rəsul Quliyevin adını hallandırır, amma əsas səbəbkar başqasıdır. Bütün bunların ən yaxşı bələdçisi məhz Afiəddin Cəlilov idi. İndi bu məsələlər kimlər üçünsə qaranlıq qalsa da, Milli Məclisdə əyləşən deputatlardan biri yaxşı bilir ki, torpaqları kim verib. Afiyəddin Cəlilov bu haqda ona demişdi”, - deyə ADP sədri bildirib.

S.Cəlaloğlu adını çəkmək istəmədiyi həmin deputatı  bu məsələlərlə bağlı məlumatları gizli saxlamaqda günahlandırıb.

“Bunu adını çəkmək istəmədiyim bir deputat var ki, Azərbaycanın 6 rayonunun ermənilərə kim tərəfindən verilməsini bilir. Sadəcə olaraq, həmin şəxs bunu gizli saxlayır. Afiyəddin Cəlilov bu məsələlərlə bağlı yalnız ona deyib.
Rəsul Quliyevin bu işdə heç bir rolu olmayıb. Rəsul Quliyev o zaman hakimiyyətdə olanda özünü Heydər Əliyevin tərəfdarı kimi təsəvvür edirdi. Lakin Rəsul Quliyev bu komandanın üzvü deyildi. Hətta, Əbülfəz Elçibəy zamanı elə adamlar var idi ki, açıq şəkildə Heydər Əliyevi dəstəkləyirdilər.
Mənə elə gəlir ki, Rəsul Quliyev bu proseslərdə iştirak etməyib. Həmin 6 rayonla bağlı Turqut Ərin dedikərinin heç bir əsası yoxdur. O zaman bu siyasi gediş  idi, sadəcə biz uduzduq. Hesablanmamış atılan addım idi. Rəsul Quliyevin torpaqların verilməsində rolu ola bilməzdi”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı