Baş redaktor: “İnsanlar öz cinayətlərini ört-basdır etmək üçün bu cür şeylər uydurur”
Bir müddət öncə Şəmkir rayonunda naməlum şəxslərin gecələr evlərə hücum etməsi barədə xəbərlər yayıldı. Xəbərlərdə bildirilir ki, bu hücumlar nəticəsində xəsarət alanlar da olub. Xəbərlər bütün Qərb bölgəsindəki rayonlara yayıldı. İndi bu bölgədə yerləşən digər rayonların da sakinlərinin, əsasən də qadınların gecələr evdə tək qala bilmədikləri vurğulanır.
Modern.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin Gədəbəy rayonundan olan əməkdaşı Fərhad Məmmədov bu haqda məlumatsız olduğunu dedi. “Ara-sıra kənddəki yaxınlarla danışıram. Onlar mənə heç nə deməyiblər. Əgər belə bir hadisə olsaydı, yəqin ki, mənə deyərdilər”.
“Şərq”qəzetinin Qazaxdan olan baş redaktoru Akif Aşırlının sözlərinə görə, söylənilən hadisə Şəmkirdə və Tovuzda baş verib. “Amma Qazaxda belə bir hadisə hələlik yoxdur. Qazaxda mənim aldığım məlumata görə, çox arzuolunmaz səviyyədə vəhhabilik yayılır. Onların sayı günü-gündən artır. Ziyalıların söhbət edərkən əsas mövzularından biri bu olur. Amma hər zaman Qazaxda tolerantlıq olub. Lakin son dövrdə vəhhabilərin sayı hədsiz dərəcədə çoxalıb. Bəzi kəndlərdə hətta ruhanilər səviyyəsində bu təbliğ edilir. Mən özüm yas məclislərindən birində olarkən, belə bir təbliğatın şahidi oldum, etiraz etdim buna. Rayonda bu cür təhlükəli hal var, amma bunun qarşısı niyə alınmır, bilinmir?” – deyə Akif Aşırlı qeyd edib.
Baş redaktorun sözlərinə görə, qorxu daha çox Tovuz rayonunun sakinlərindədir. “Amma Tovuzla Qazaxın arasındakı məsafə elə də böyük deyil, cəmi 20-25 km-dir. Qazaxdakı əhalidə də qorxu hissi var. Hətta Kosalar kəndində də belə bir halın olması ilə bağlı danışırdılar, amma bu həqiqətə uyğun olmadı”.
“Trend”-in Gəncədən olan əməkdaşı Murad Əliyev bunları şayiə adlandırıb. “Mənim əlaqələrim var, yaxın adamlar bildirirlər ki, bunun hamısı yalandır, bəzi insanların uydurmasıdır”.
“Ekspress” qəzetinin Goranboydan olan əməkdaşı Aqil Aslan keçən həftə rayonda olub. “Danışırdılar ki, guya bir uşağın ciyərini, birinin isə böyrəyini çıxardıb gediblər. Sonra isə mən öyrəndim ki, bunların hamısı yalandır. Polislər də bu məlumatı təkzib etdilər və bildiriblər ki, əgər bu car hadisə olsaydı, həmin kənddə bilinərdi ki, bu ölən uşaq kimdir. Ən azından yas mərasimi olardı. Amma bunların heç biri yoxdur. Bir də eşitmişdim ki, Göygöl rayonunda bu cür hadisə baş verib. Amma bunların heç biri öz təsdiqini tapmayıb, ancaq şayiələrdir”.
Tovuz rayonunun “Turkeltv.az” saytının baş redaktoru Rahim İbrahimoğlu bütün bunları şayiə adlandırıb. “Düzü, bütün bunlar insanların öz uydurmasıdır”. R. İbrahimoğlu bəzi faktları qeyd edib. “Məsələn, iyulun 26-sı gecə rayonun Abulbəyli peşə liseyi adlanan iki mərtəbəli yaşayış binasında yaşayan 17 yaşlı Ədalət Həsənov ona bir qrup şəxsin hücum etdiyini bildirmişdi. Amma Tovuz rayon polis şöbəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum oldu ki, Ədalət Həsənov qonşusu Mələk Vəliyevanın evindən oğurluq etmək üçün bu yalanları uydurub. Belə ki, Mələk Vəliyevanın öz evlərində olmasından istifadə edən Ədalət oğurluq məqsədilə qadının mənzilinə daxil olub. Bu zaman Ədalət ev sahibinin gəldiyini görərək çarpayının altında gizlənib. Oradan boğuq səslə atasına zəng vuraraq küçədə hücuma məruz qaldığını bildirib. Kömək üçün Mələk Vəliyevanı evlərinə çağırdığını deyib. Ədalətin atası İmran Həsənov Mələk Vəliyevanı çağırdıqdan sonra, qadın evin qapısını bağlayıb Ədalətgilə gedib. Fürsətdən istifadə edən Ədalət qapı bağlı olduğundan hamamın pəncərəsini sındırıb oradan qaçıb”.
Baş redaktor bildirib ki, insanlar öz cinayətlərini ört-basdır etmək üçün bu cür şayiələr yayırlar.
Sevinc İltifatqızı