Modern.az

Müəllim və həkimlərə dövlət qulluqçusu statusu niyə verilmir?

Müəllim və həkimlərə dövlət qulluqçusu statusu niyə verilmir?

Ölkə

2 Avqust 2012, 15:37

Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Hazırda ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Çünki müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir.

Məlum sərəncamdan bir ildən çox vaxt keçib və Konsepsiya layihəsinin hazır olub-olmadığı barədə hələ də bir məlumat verilmir.

Modern.az saytının əməkdaşı sözügedən sənədlə bağlı yeni məlumat öyrənmək üçün Təhsil və Səhiyyə nazirlikləri ilə əlaqə saxlasa da, həmin dövlət orqanlarından bu haqda məlumatlı olmadıqlarını və bununla bağlı Nazirlər Kabinetinə müraciət etməyimizi bildirdilər.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə “əgər sərəncam keçən ilin aprel ayından imzalanıbdırsa, deməli Nazirlər Kabinetinə aid məsələ həll edilib. Bununla bağlı ətraflı Təhsil və Səhiyyə nazirliklərindən öyrənin. Məndə əlavə məlumat yoxdur” deyə qeyd edib.

Nazirlər Kabinetinin rəsmisinin cavabından belə anlaşıdı ki, hökumət təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini hazırlayıb. Onda təhsil və səhiyyə işçilərinə gözləmək qalır...

Rəsmi dairələrdən bizə verilən məlumatlarda deyilir ki, bu konsepsiyanın ya yeni tədris ilinin əvvəlində, ya da gələn ilin başlanğıcından təsdiqlənib, qüvvəyə minəcəyi gözlənilir.  

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı