Modern.az

Medianın ekspert kimi təqdim etdiyi şəxslər... Onlar çoxdur, sadəcə...

Medianın ekspert kimi təqdim etdiyi şəxslər... Onlar çoxdur, sadəcə...

Ölkə

3 Avqust 2012, 12:20

Jurnalistlər kimlərdən mütəxəssis kimi şərh almalıdır?

Jurnalistlər hər hansı bir mövzunu araşdırarkən və ya o mövzuya münasibət bildirərkən ekspertlərə müraciət edirlər. Amma çox vaxt jurnalistlər müxtəlif sahələrdə ekspert qıtlığından şikayətlənirlər. Ümumiyyətlə, ekspertlər kimlər olmalıdır? Kimə ekspert deyilməlidir?

“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu və “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.

“Mediaforum” saytının redaktoru heç bir sahədə ekspert qıtlığı olmadığını söyləyib. O bildirib ki, məsələn, təhsil sahəsində ekspert o adam olmalıdır ki, bir neçə il bu sahədə işləsin, bu sahədə rəhbər vəzifələrdə olsun və yaxud təhsil problemlərini araşdıran mütəxəssis olsun.

“Eləcə də idman sahəsində ekspertdən söhbət gedirsə, idman sahəsini yaxşı bilən adam olmalıdır. Ya bu sahədə uzunu müddət işləmiş idman jurnalisti ya idman mütəxəssisi ya da məşqçi olmalıdır”.

H. Sabiroğlu bildirib ki, bəzən jurnalistlər ekspert sarıdan qıtlıq yaşayırlar. Amma ayrı-ayrı sahələri çox yaxşı bilən mütəxəssislər var. Sadəcə nə onları mətbuat tanıyır, nə də onlar mətbuata çıxırlar. Məsələn, siyasi mövzuda yazarkən cəmi 5-6 politoloqa müraciət edirlər, axtarışda olmurlar. “Amma bizim çox yaxşı mütəxəssislərimiz var. Sadəcə onların bir çoxunun mətbuatla əlaqəsi yoxdur”. H. Sabiroğlu problemin həll yollarını da bölüşüb. “Yeganə yolu odur ki, jurnalistlərin özü ixtisaslaşmalıdırlar. Müxbir hər şeydən yazmalı deyil. O, bəlli bir çərçivədə, müəyyən istiqamətdə yazmalıdır. Əgər bir sahə üzrə ixtisaslaşsa, o zaman həmin sahə üzrə ekspert tapmaq da onun üçün asan olacaq. Məsələn, jurnalist ancaq ekologiyadan, ya səhiyyədən yazırsa, o artıq bu sahə ilə bağlı bütün ekspertləri tanıyacaq.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev kifayət qədər ekspertlərin olduğunu söyləyib. Onun sözlərinə görə, sadəcə, bu işin özünü bir qaydaya salınmalıdır.

“Məsələn, Qərb redaksiyalarında müxtəlif sahələr üzrə ekspertlərin siyahısı tutulur. Həmin insanlar da həmin sahəni araşdıran, ictimai rəyə təsir edə biləcək insanlar bu siyahıya daxil edilir”.

A. Əliyev qeyd edib ki, jurnalist ekspertə müraciət edir ki, həmin mövzunun izahını cəmiyyətə çatdırsın və cəmiyyət ona inansın. “Ekspert cəmiyyətin daha çox inandığı adam olmalıdır. Amma bir sıra sahələrdə ola bilər ki, ekspertlər azlıq təşkil etsin, amma demək olar ki, hər sahədə kifayət qədər yaxşı mütəxəssislərimiz var”, – deyə A. Əliyev əlavə edib.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı