Modern.az

Qaş düzəltdiyimiz yerdə vurub göz tökməyək

Qaş düzəltdiyimiz yerdə vurub göz tökməyək

Ölkə

3 Avqust 2012, 16:15

Bu günlərdə mağazalardan birində şahidi olduğum bir söhbət, bəlkə də ən əsası, müqəddəs Ramazan ayında insanların dinə olan sevgisinin daha da artmasını istəməyim məni bu yazını yazmağa sövq etdi. Əvvəlcə başlayım eşitdiklərimdən...

Söhbət orta yaşlı satıcı qadınla gənc qız həmkarı arasında olsa da, buna həmin dükana gələn qadın və kişi alıcılar da istəmədən qulaq yoldaşı olurdular, o cümlədən də mən. Eşitməmək mümkün deyildi, çünki xanım çox ucadan, qəhqəhə çəkərək danışırdı. Söhbətinin mövzu da Ramazan ayı idi... Heç kimə məhəl qoymadan, ucadan deyilməsi ayıb sayılan fikirləri dilə gətirən xanımın sözlərindən belə anlaşılırdı ki, onun həm ağzı oruclu idi, həm də bir müddətdir namaz qılırmış.
Qadının oruc tutmayıb, zəkat verənləri tənqid etməsindən sonra söhbət necə oldusa,  (arada başım alacağım əşyaya qarışdığından diqqətim yayınırdı), çox cılız məişət məsələlərinə qədər gəlib çıxdı. Yazıq satıcı qız da nahar vaxtı olduğundan həm çörək yeyir, həm də yaşlı həmkarının dedikləri sanki ona bir neçə dəqiqə sonra çatırmış kimi çox heyrətamiz reaksiya verir, eyni zamanda utandığı da üz-gözünə yansıyırdı. İbadətlə məşğul olduğunu büruzə verən (əslində düşünən) yaşlı satıcı qadının nə dediklərini yazmaq fikrində deyiləm, çünki siz məni görməsəniz də, yazımı oxuyacağınızı düşünüb, utandığımdan onun vulqar söz və fikirlərini yazmayaraq, bu mövzunu elə bu cür də bağlamaq istəyirəm.

Əslində mən xo qadını kəskin tənqid etmək fikrindən də uzağam. Niyyətim, bəlkə, oxucularımız arasında da bu cür insanların olduğunu güman edərəkdən, ətrafdakıların onların bu əməllərini üzlərinə deməkdən çəkinmələrini nəzərə alıb, yazmaqla heç olmasa bir qisminə bu yoldan çəkinməyə yardımçı olmaqdır. Çünki insanın, xüsusilə ibadətlə məşğul olduğunu deyən birisinin ona faydası olmayan söhbətləri sadəcə bir anlıq kimlərinsə gülməsi və ya əylənməsi naminə etməsi, nəinki həmin şəxsin özünün gələcəkdə ciddi problemlər yaşamasına, eləcə də ətrafdakılara pis örnək olmasına səbəb ola bilər. Allah bu qadını, o cümlədən onun timsalında ibadətlə məşğul olan, ancaq əməlləri düzgün olmayan insanları doğru yola çəkər, inşallah...

Doğrusu, yaşım imkan versəydi, həmin xanımı kənara çəkib soruşmaq istərdim: qeybət etməklə və xüsusilə yad qadın və kişilərin olduğu ictimai bir yerdə yerli-yersiz, vulqar sözləri işlədərək, ucadan gülməklə doğrudanmı o, ibadətlərini batil etdiyinin fərqində deyil?!
Görünür, həmin xanım namazını və orucunu yüngül sayır və bu ən böyük günahlar sırasına daxildir... İmam Sadiq əleyhissalam da buyurur ki, “həqiqətən, bizim şəfaətmiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrum olarlar)... Üstəlik dinimizdə də göstərilir ki, “qeybət, insanın dinini puç etməkdə onun bədənində olan xora xəstəliyindən daha güclüdür”.

Son zamanlar (bəlkə də, Ramazan ayının təsirindəndir) mənə anlaşılmayan bəzi dini məsələləri araşdırmaqdayam. İnsanların ibadətlə məşğul olmasını alqışlayıram. Ancaq nə yazıq ki, bəziləri yalnız fiziki olaraq dinlə məşğul olsalar da, məncə, qəlbən və fikrən ibadətin həzzini anlaya bilmirlər. Və onların üzdə büruzə verdikləri bu yalnış hərəkətlər dinə yaxınlaşmaq istəyənləri, ələlxüsus da gəncləri bir az da itələyir, kənarlaşdırır desəm, yanılmaram. Bilirəm ki, dinə ürəkdən bağlı olanlar müəyyən nümunələr gətirə bilərlər, deyə bilərlər ki, məsələn, qonşun başını bağladığı halda pis əməllərlə məşğul olduğu üçün sən ibadətdən uzaqlaşırsansa, o zaman o, çörək də yeyir, onda sən çörək yemə... Amma bizim xalqımız çox həssasdır və əksər gənclərimiz təsir altına tez düşür. Əgər görürsə ki mağazadakı satıcı kimi yaşlı-başlı birisinin ibadəti ilə əməlləri tamimlə əksinədir, yəni ibrətamiz deyil, təbii ki, o, dindən uzaqlaşacaq...

Düşünürəm ki, ibadətlə məşğul olanlar daha ölçülü-biçili, nümunəvi hərəkət etməlidirlər. Dinlə məşğul olan insanların hər şeyi boz rəngdə görmələrinin, danışıb-gülməmələrinin, həyatda sıxılaraq yaşamalarının (belələri ətrafımda var) da tərəfdarı deyiləm. Əfsuslar olsun ki, nədənsə dinlə məşğul olan bəziləri olmayanlara xor baxmaqla, onlarla acı danışmaqla, onların qəlblərini qırmaqla, dindən bəzi nümunələr gətirərək bir növ qorxutmaqla ətrafdakıları ibadətə cəlb edə biləcəklərini fərz edirlər... Belə yerdə deyirlər ki, qaş düzəltmək istədiyi yerdə vurub göz çıxartdı...

İstərdim ki, insanlar ibadətlə məşğul olanlara baxdıqda onların nümunəvi, həyat dolu yaşamlarından fərəhlənsinlər və istər-istəməz onlar da ibadətə can atsınlar.

İbadətin davamlı olması üçün lazım olan mühüm şərtlərdən biri, insanın ondan ləzzət ala bilməsidir. Çünki insan ləzzət ala bilmədiyi işdən soyuyur, uzaqlaşır. Əgər biz günahlarımızdan əl çəksək, ibadətimiz daha anlamlı olar və bizi daha da özünə bağlayar. İmam Sadiq (ə) buyurur: «Əgər Allaha bəndəçiliyin şirinliyini dada, onun bərəkətini görə və onun nuru ilə qəlbini işıqlandıra bilsən, səni tikə-tikə doğrasalar belə, bir an da olsun, ondan əl çəkməzsən».
Mən hər birimizə ibadətimizin şirinliyini dadmağı arzulayıram...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı