Modern.az

Zəlzələ bölgəsi jurnalistlərin gözü ilə - RƏYLƏR

Zəlzələ bölgəsi jurnalistlərin gözü ilə - RƏYLƏR

Ölkə

4 Avqust 2012, 11:41


Bu ilin may ayında Zaqatala rayonunda baş verən güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin, məktəb binalarının, bir sözlə, zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün prezidentin tapşırığı olmuş və ilkin olaraq 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat vəsait ayrılmışdı.

Bu il yay fəslinin gözləniləndən sərin keçməsinin qışın tez gəlməsinə və soyuqların tez düşməsinə səbəb olacağı bildirilir. Zəlzələ bölgəsində isə tikinti işlərinin ləng getməsi nəticəsində vaxtından əvvəl gələn qışı insanların çadırlarda qarşılayacağı qeyd edilir.

Maraqlıdır, Zaqataladan olan jurnalistlər oradakı vəziyyəti, çətinlikləri necə qiymətləndirirlər?

Modern.az-a açıqlamasında “Azəri-Press Agentliyi”nin (APA) əməkdaşı Hafiz Heydərov bildirib ki, zəlzələdən sonra rayona bir dəfə gedib-gəlib və orada olduğu müddətdə işlərin sürətlə aparıldığını müşahidə edib.

“Orada işlərin hazırda hansı tempdə davam etdiyini dəqiq deyə bilməyəcəm. Bildiyim qədər iş gedir. Zəlzələdən əziyyət çəkənlərdən biri də bizik, ailəmiz Aşağı Salahlı kəndində yaşayır. Bizim evimizi də söküblər, hazırda tikinti gedir. Yəni vaxtlı-vaxtında nə lazımdırsa, gətirib tökürlər, işləyirlər. Qışın düşməsinə hələ iki aydan çox vaxt var. Bizdə adətən oktyabrın əvvəli soyuqlar düşür”.

Jurnalistin fikrincə, Zaqatalada tikintinin vaxtında başa çatması məsuliyyəti orada işləyən şirkətlərin öhdəsinə düşür. “Məndə olan məlumata görə bütün qəzalı evlər sökülüb. Tikinti işlərinə başlanılıb. Sadəcə çatdırıb-çatdırmamaqdan söhbət gedir. İstəsələr soyuqlar düşüncə,  ortada evləri tikib, təhvil verə bilərlər. Bizim evi misal çəkim, artıq birinci mərtəbəsini tikməyə başlayıblar. Tikintiyə başlayan vaxt yağışın yağması, selin gəlməsi işləri əvvəl bir az ləngitdi. Amma indi hər şey qaydasında gedir”.

H. Heydərov soyuqlar düşəndə istər-istəməz çətinliyin olacağını deyir. “Müəyyən problemlər yarana bilər ki, vaxtında çatdıra bilməsinlər. Nə qədər də desək, bu olacaq. Bütün qəzalı evlərin vaxtında tikilib təhvil verməsinə inanmaq bir az qeyri-mümkündür. Ola bilsin ki, vaxtında hamısını çatdıra bilməsinlər, zaman məsələsi var. Amma noyabrın axırı – dekabrın əvvəli ola bilsin ki, tam təhvil versinlər. Soyuqlar düşəndə insanlar qış çadırları ilə yəqin təmin olunarlar.  Həm də inanmıram ki, insanları bu təlaşlandırır. Onları maraqlandıran əsas şey evlərinin tikilib təhvil verilməsidir”.

Digər zaqatalalı jurnalist Əfqan Muxtarlı isə dağıntı bölgəsində iş getmədiyini deyib. O qeyd edib ki, qəzalı vəziyyətdə olan evlərin  əsas hissəsi sökülüb.

“Xeyli miqdarda ev var ki, orada insanların yaşamasına icazə verilmir. İnsanlar evlərindən çıxarılıb çadırlarda yaşayırlar. Ancaq tikinti işi aparılmır. Bunun da yeganə səbəbi fəhlələrə yetərincə pulun verilməməsidir”.

Ə. Muxtarlının sözlərinə görə, zəlzələ ilə əlaqədar rayonda 10-dan artıq məktəb sökülüb.

“Burada qeydiyyatda hardasa 10 mindən artıq şagirdin sentyabr ayında dərsə getməsindən söhbət gedir və həmin məktəblərin tikintisi faktiki olaraq başlamayıb. Fövqəladə Hallar Nazirliyi Azərbaycan mətbuatında insanları və ölkə rəhbərliyini sadəcə olaraq aldatmaqla məşğuldur. On minlərlə insan küçələrdədir. Yuxarı dağ kəndlərində insanların qida, su ilə təminatı, normal yaşayış şəraitinin yaradılması-bunların heç biri təmin olunmayıb”.

Jurnalist qeyd edib ki, hətta evlərin Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetində təsdiqlənən layihələri insanlara paylansa da, sonradan onlardan alınaraq Bakıya qaytarılıb.

“Qəzalı evlər həmin layihələr əsasında tikilməli idi. 20 gün əvvəl həmin layihələri Bakıya qaytardılar. Tikinti “Gilan Holdinq”, “Akkord”, “AzVirt” şirkəti tərəfindən görülməli idi. Bu şirkətin mühəndisləri yerli ustalarla danışıblar ki, evləri siz tikin. Yəni özləri ilə ustalar gətirməyəcəklər. O qədər aşağı qiymət deyirlər ki, heç kəs orada işləmək istəmir. Əsas problem bundan ibarətdir. Həmin şirkətlər dövlət büdcəsindən ayrılmış külli miqdarda pulu mənimsəyir, amma ustalarla, fəhlələrə pul vermirlər. Nəticədə 10 minlərlə insan Zaqatalada bu dəqiqə çadırlarda yaşamağa məcburdur. Sabahdan iş başlasa belə, o qədər evin tikilib başa çatdırılması mümkün deyil”, – deyə Əfqan Muxtarlı əlavə edib.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı