Modern.az

Məmur alimlər - Kimin hansı elmi adı var? - II

Məmur alimlər - Kimin hansı elmi adı var? - II

Ölkə

5 Avqust 2012, 17:07


Alim olmaq hər bir ali təhsilli üçün əlçatan olub. Elmi dərəcə alanların elmə hansısa bir yenilik gətirib-gətirmədikləri başqa yazının mövzusudur.
Bu yazıda isə biz yüksək vəzifələr tutan məmurların hansı elmi adlara malik olduğunu araşdırmağa çalışacağıq. Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin marağını cəlb edib. Yüksək post tutan məmurlar arasında alimlik dərəcələrinə sahib olan xeyli şəxs var. Maraqlıdır, kim hansı elmi dərəcə daşıyır?

Beləliklə, ...

Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev fəlsəfə sahəsi üzrə alimdir. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fəlsəfə fakultəsinin aspiranturasına daxil olan Ramiz müəllim 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı disertasiyasını müdafiə edib.
1993-cü ildən fəlsəfə elmləri doktorudur.
Ramiz Mehdiyev 1993-cü ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib.100-dən çox elmi məqalənin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı). 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.

Sənaye və energetika naziri Natiq Əliyevin də alimlik dərəcəsi var.  1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış Natiq müəllim 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir. O, böyük elmi işçi vəzifəsində işləyib. N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub, o, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir.
Nazir 2008-ci ildən iqtisad elmlər doktorudur.
N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akdemiyasının  (Rusiya Federasiyası, Moskva) müxbir üzvi seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə N.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yüksək vəzifə tutan məmur alimlər sırasında yer alan azsaylı xanımlardan biridir. Hicran xanım 1988-ci ildə BDU-nun Siyasi tarix kafedrasında, 1992-ci ildə Beynəlxalq münasibətlər kafedrasında baş müəllim olub. O, 1993-cü ildən dosent olan H.Hüseynova 2001-ci ildə siyasi elmlər doktoru alimlik adına yiyələnib. O, Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadındır.
Tədqiqatları müasir beynəlxalq münasibətlər, beynəlxalq münasibətlərdə lobbizm, müasir inteqrasiya prosesləri mövzularına həsr olunub. 20-dən çox elmi əsərin, bir sıra metodiki vəsaitin müəllifidir. Məmur olmaqla yanaşı, həm də BDU-nun diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiridir.

Məmur-alimlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovdur. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olan Hacıbala Abutalıbov 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 1987-ci ildə isə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur.
H.Abutalıbov bir müddət Milli Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. BŞİH-nin rəsmi saytında da qeyd olunub ki, professor H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və namizədi yetişib.
Onun barəsindəki rəsmi məlumata görə, Hacıbala Abutalıbov Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da alimlik dərəcəsinə malik olan məmurlar sırasına daxildir. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseynqulu müəllim 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışan Səlim müəllim 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 2006-cı ilin fevral ayında doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
S. Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

Ardı olacaq…

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı