İQTİDARDA DA MÜXALİFƏTÇİLƏR VAR...
“ÖZ ÜMMƏTİM ÜÇÜN DAHA ÇOX DANIŞIQDA MAHİR OLAN
MÜNAFİQLƏRDƏN QORXURAM” - MUHƏMMƏD PEYĞƏMBƏR ƏLEYHİSSƏLAM
Ötən yazıya şərhində bir kəlbəcərli oxucumuz yazır ki, Azərbaycanda müxalifət yoxdur, “müxalifət”lə iqtidar bir medalın tərs üzüdür... Soydaşımız nə dərəcədə haqlıdır, düşünün...
Ötən dəfə dediklərimizdən belə nəticəyə gəlirik ki, əsl müxalifətçi (söhbət, əlbəttə ki, Şərə, Zülmə müxalif olmaqdan gedir)
mömin, yəni həyatını Allah qanunlarına uyğun yaşayan, nəfsinə müxalif olan bir insandır. İndi görək müxalifət liderlərindən hansı namaz qılıb, oruc tutur. Bildiyimə görə, yalnız Müsavat başqanı İsa Qəmbər və Klassik Xalq Cəbhəsi Partiyası sədri Mirmahmud Mirəlioğlu müsəlman həyatı yaşayır. Buna görə də, gizlətmirəm, onlara digərlərinə nisbətən rəğbətim var... Fəqət, yalnız namaz qılıb oruc tutmaq, yəni zahiri ibadət möminliyi isbatlamır. Bütün namaz qılanlar mömin olsaydı, müsəlman dünyası bu günkü acınacaqlı vəziyyətə düşməzdi. Əsas olan təqvadı, ixlasdı, niyyət xalisliyidi... Bunu da yalnız əməllərin nəticəsi, məntiqi təhlili ilə qismən müəyyən etmək olar...
Napoleon Misiri işğal edəndə müsəlman qiyafəsində məscidə girib namaz qıldı, nitq söylədi...
Sizi inandırıram ki, zahirən iqtidar xidmətçisi kimi görünən elə məmurlar, kiçik vəzifə sahibləri var ki, onlar öz xalis niyyətləri, əməlləri ilə “müxalifətçi” adlanaraq hay-küylü çıxışlar yapan, əslində isə çirkin niyyətlər güdənlərdən daha artıq müxalifdi və ölkə, xalq üçün xidməti daha çoxdu... Əgər bir vəzifəli şəxs işçilərindən rüşvət almır, “hörmətlə”, tapşırıqla bir kəsi işə götürmür, yuxarı instansiyalardakı korrupsioner məmurlara heç nə verməyərək onlara qarşı bacardığı qədər dirəniş göstərib mübarizə aparırsa, deməli, o, şərə, zülmə, haqsızlığa qarşı müxalifətdədir. Nə yazıqlar ki, cəmiyyət o qədər korlanıb ki, yuxarılar da, aşağıların xeyli hissəsi də belələrinə anormal, “iş bacarmayan”, “fərasətsiz” bir insan kimi yanaşırlar...
Əzizlərim, soydaşlarım, çoxumuzun dünyaya, həyata baxışımız düzgün deyil... Odur ki, nə iqtidarımız düzgün formalaşıb, nə də müxalifətimiz...
Şahidik ki, hər hansı xeyir-şər məclislərinə toplaşan müxtəlif peşəyə və savada malik insanlar: fəhlələr, sənətkarlar, alverçilər, müəllimlər, həkimlər və s. haqq-ədalətdən dəm vurur, indiki hakimiyyəti söyürlər. Amma elə ki biri-birindən ayrılıb hərə öz işinin başına qayıtdı, alverçi alıcını çəkidə, qiymətdə aldadır, müəllim şagirdin, tələbənin biliyinə yox, cibinə baxır, həkim can üstdə olan xəstəyə deyir ki, filan qədər verməsən, yaxın durmayacam... Bax, bizim müxalifliyimiz budur... Biz ehtiyacımız ödənənədək müxalifətçiyik...
Bəyənmədiyimiz iqtidar da, müxalifət də bizik, özümüzük, onlar bizim günahlarımızdan, tamahımızdan, nəfsimizdən törəyən qurumlardı... Etiraf edək, əksəriyyətimiz nəfsimizin əsiriyik, ona müxalif ola bilmirik...
Neçəmizə iqtidardan babat bir vəzifə təklifi gəlsə, getmərik, qəti etiraz edərik? İndi vəzifədən imtina edəni dəli, axmaq sayırlar. Hətta müxalifət partiyasının üzvü də beləsinə deyir: “Ə, rəhmətliyin oğlu, bir şansdı, get də, get sən də ye-dağıt da...”. Deməli, Kəmaləddin Heydərov, Ziya Məmmədov kimi nazirləri tez-tez korrupsiyada ittiham edən belə “müxalifətçilər” ürəklərində “kaş onların yerində mən olardım, nə yeyib-dağıdardım”- deyə düşünürlər...
Bir sözlə, ən önəmlisi niyyət, söz və əməlin vəhdətidir. Son 19 ildə müxalifət adlanan qurumların uğursuzluğunun əsas səbəbi bu vəhdətin olmamasıdır. Əslində həmin zaman kəsiyindəki gerçəkliklər müqabilində müxalifətçilərin niyyət, söz və əməl vəhdəti mümkün də ola bilməzdi. Əvvəla, fərd olaraq əksəriyyətin qarışıq niyyəti üstəgəl “vətəndaş müharibəsi olacaq” bəhanəsi ilə açılmamış “KQB” arxivləri üstəgəl hegemon və qonşu dövlətlərin kəşfiyyat “çömçələri”... Və nəticə olaraq “KQB” generalının hakimiyyətə gəlişi...
Keçmiş DTK-nın MTN-ə proyeksiya olunmuş şəbəkələri istər iqtidar, istərsə də müxalifət daxilindəki bütün proses və gedişləri asanlıqla yoluna qoymağa başladı: lazım olanda birliyə canatma, mitinq göstəriləri, lazım olanda ziddiyyətlər, parçalanmalar... Demkonqres, SİDSUH, İP... Ssenaridən, cızıqdan kənara çıxanlar cəzalandırıldı, susduruldu, yaxud məhv edildi... KİV-lər də kütlələri məqsədəuyğun şəkildə yönləndirdi... Konsertlər, şoular, bəzək-düzəklər...
Sual oluna bilər ki, bəs hanı o 1988-1992-ci illərdə “Azadlıq” meydanını titrədən yüz minlər... Əvvəla, o dövrdə o yüz minlər Qərbə, ABŞ-a SSRİ-ni parçalamaq, daxildəki qulbeçələrə isə hakimiyyətə gəlmək üçün lazım idi... İkincisi də, o zamankı saf, təmənnasız müxalifətçilərin bir hissəsi 20 Yanvarda, Qarabağ döyüşlərində şəhid oldu, əlil oldu, itkin düşdü, bir hissəsi zindanlarda çürüdü, xeyli hissəsi də korrupsioner rejimin ucbatından xaricə, Rusiyanın çöllərinə səpələndi... Vətəndə qalanların da əksəriyyəti bir qarın çörək uğrunda mübarizəyə məhkum olundu... Bax, potensial müxalifət məmləkətdə və xaricdə çörək uğrunda savaşanlardan formalaşmalıdır... Müxalifət xalqın günündə olmalıdır, xalqın yanında olmalıdır ki, onun dərdlərini anlasın...
Bu neçə ildə xalq daha çox üç amillə idarə olunub: Ehtiyac, Qorxu və Söz... İstər iqtidardakı, istərsə də müxalifətdəki söz azmanları başımızın altına yumşaq yastıqlar qoymağı bacardılar... Peyğəmbərimiz hədislərindən birində buyurur:”Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram”...
Bu gün xalqı yenə də çaş-baş salırlar, ümidləri bir az İctimai Palataya (İP), bir az Ziyalılar Birliyinə, bir az da Rəsul Quliyevə yönləndirirlər... İP-ə ümid bağlayınca Allahdan ipimiz kəsilməsin... Rəsul Quliyevi “siyasi mühacir” adlandırırlar... Muhəmməd əleyhissəlamın daha bir hədisi yada düşür: ”Əsl mühacir nəfsindən hicrət edəndir”...
Xülasə, sonucda belə nəticəyə gəlmək olar ki, xalqın əksəriyyəti öz nəfsinə müxalif olarsa, cürbəcür “müxalifət” qurumlarına da ehtiyac olmaz, əksər problemlər həllini tapar...İqtidar da, müxalifət də əcnəbi ssenarilərlə yox, xalqın öz içərisindən formalaşar... Deməli, nicat dinimizdə -İslamdadır... Siyasiləşmiş, kiməsə alət olmuş İslamda yox, sadəcə, həyat tərzi olan İslamda...
Müxalifətə də, iqtidara da Allah rizası üçün(!) gördükləri bütün işlərdə uğurlar diləyirəm...