Modern.az

Hamımız korrupsionerik...

Hamımız korrupsionerik...

Ölkə

8 Avqust 2012, 12:08

Xoşunuz gəlmir gedin qonşu Gürcüstana

Onların çoxunu tanıyıram... Jurnalistikaya ilk gəlişimdə əksəriyyətiylə peşə fəaliyyətimlə bağlı görüşümüz də olmuşdu. O zaman sadə, mətbuata açıq idilər, adları elə də rüşvətdə, korrupsiyada hallanmırdı. Bir var, hazırda hakimiyyətin yüksək idarəetmə qurumunda çalışır. Vəzifəyə yeni təyin olunanda əynindəki əzik-üzük pencəklə gəzərdi, üst geyimindən utanıb bəzən jurnalistlərdən qaçmağa çalışardı. 

Hazırda çox qüdrətli məmura çevrilib. Onun icazəsi olmadan hansısa komitə sədrinin hünəri çatmaz 2-3 adamdan başqa digərini işə qəbul etsin. Bu gün geyindiyi pencəyinin, əyləşdiyi avtomobilinin, yaşadığı evinin, bağının, sevgililərinin sayı məlum deyil. Çünki kişi özünü “tutub”, amma hansı pullarla, bax, o açıqlanmır.

Dəbdəbəli həyat sürmək bunların belinə biçilib sanki: ailəlikcə, nəsillikcə xarici avtomobillərdə gəzmək, xarici ölkələrdə istirahət etmək, paytaxtda, bölgələrdə, hətta xarici ölkələrdə müxtəlif obyekt və istirahət mərkəzlərinə sahib olmaq tək bunlara aidmiş.

Qanunvericilikdə dövlət qulluğunda çalışanların kommersiya fəaliyyəti, bizneslə məşğul olması birmənalı şəkildə qadağan edilir. Amma bunlar açıq-açığına bizneslə məşğuldurlar, bir müddətdir ki, heç gizlətməyə belə çalışmırlar. Əksinə indi bəhsə-bəhs düşüb, kimin daha çox kapitalı, mülki, obyekti, zavodu-fabriki filanı və s. var.

Amma 10-20 il əvvəl mənzərə tamam fərqli idi. Tanınmış kinorejissor Şeyx Əbdül Mahmudov demişkən, xarici ölkələrdə villası, obyekti olan məmurlar vaxtilə Bakıya yırtıq şalvarda gəlmişdi. İndi o günlərini yada salmırlar. Heç kim bu dünyadan o dünyaya var-dövlət apara bilməyəcək. Bunu da Şeyx Əbdül deyir...

Yuxarıda bəhs etdiyim, lakin adını çəkə bilmədiyim o məmura sual edirəm, bu qədər var-dövlət, sərvət sizə haradandır. Deyir ki digərləri necə, o da elə... Soruşuram:
“Axı bu günlərdə Baş Prokurorluq 2012-ci ilin iyul ayı ərzində Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 25 vəzifəli şəxs barəsində 20 cinayət işi açılaraq məhkəmələrə göndərildiyi barədə məlumat yayıb. Bu, rüşvət almaq, vəzifə səlahiyyətlərini mənimsəmə, talama, dələduzluq və s. kimi faktlarda günahkar hesab olunanlardı? Bir gün də siz bu siyahıya salına bilərsiniz”.
Cavab verir ki, o siyahıda hansısa yüksək çinli məmurun adı yoxdur, siyahıdakılar bələdiyyə sədri, xırda vəzifə sahibi, özlərini hansısa idarənin əməkdaşı kimi qələmə verənlərdi ki, korrupsiyada ittiham olunurlar:
“Mənim və mənim kimilərinin adını o siyahıda görmək o qədər də asan deyil. Düzdür, hansısa nazir və müavini korrupsiyada, vəzifə səlahiyyətini aşmaqda süçlanaraq həbs edilir, bu da 6-7 ildən bir baş verə bilər. Hətta bu da çox çətin məsələdir. Bəli, biz hamımız korrupsionerik. Bu bizim qanımıza yeriyib. Amma bunu sübut etmək elə də asan deyil. Əksinə olarsa, ölkədə məmurlarının çoxu həbsxanaya düşə bilər, orda isə onları qəbul etmək üçün yer qalmaz. Səncə bu evlər, avtomobillər, sevgililərimizə bağışladığımız “Jeep”ləri aylıq məvacibimiz olan 1300, 1000, 800 manatlamı alırıq? Eşidirik, görürük, mətbuatda yazdıqlarınızı oxuyuruq. Bizə talançı, rüşvətxor məmurlar deyirsiniz. Biz buyuq və belə yaşamağa alışdıq. Bacarırsınız siz də alın, siz də belə yaşayın, xoşunuz gəlmirsə, gedin tərif etdiyiniz, rüşvətə “yox” deyən qonşu Gürcüstana. Gedib belə də yazarsan”...

Son olaraq, qeyd edim ki, hamımızın yaxşı tanıdığı nazirlərdən biri artıq Türkiyədə, Rusiyada, BBƏ-nin Dubay şəhərində biznes qurmağı bəyənmir. Onun biznesi Avropanın iri şəhərlərinə - Brüssel, London, Düsseldorf, Praqa, hətta Mərakeş Krallığına kimi gedib çatır. Biznesinə türk əsilli alman vətəndaşı nəzarət edir. Türkiyədə serial qəhrəmanı olan xanım sənətçiləri istədiyi zaman xüsusi təyyarə reysiylə gətirdir, sinələrinə fantastik məbləğdə pullar basır...

Sual verən yoxdur ki, bu nazir bu qədər pulu hansı yollarla əldə edib. Əslində hamı bilir və səsləndirir, sadəcə cavab verən, saya salan yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?