Modern.az

Yeməyimiz bizi “yeyir”… Görməmişin biri, görməmiş...

Yeməyimiz bizi “yeyir”… Görməmişin biri, görməmiş...

Ölkə

8 Avqust 2012, 12:37

 “FİKRİ-ZİKRİ MƏDƏSİNDƏ OLAN ADAMIN QİYMƏTİ BAĞIRSAQLARINDAN ÇIXANLA ÖLÇÜLƏR”...

Müqəddəs Ramazan- orucluq ayında nəfs tərbiyəsilə bağlı söhbətlər xüsusi əhəmiyyət kəsb edir və bunu edən, buna şərait yaradan hər kəs üçün böyük savab mənbəyidir...

Bütün canlılar kimi insanın da fiziki mövcudluğu üç əsas amilə bağlıdır: tənəffüs, içmək və yemək.

Nəfəs almaq sırf instinktiv bir xüsusiyyətdir. Yəni onun nəfslə bağlılığı istisna hallarda əhəmiyyət kəsb edir. Ancaq yemək-içməkdə Adəm övladı digər canlılardan mütləq fərqlənməlidir. Nizami əbəs yerə demir:

Yeməyi, içməyi bu dünyada sən,
Eşşək, öküzdə də görə bilərsən...

Bir dəqiqəliyə xəyalən  planetimizə kənardan baxaq və bəşər əhlinin necə yeyib-içdiyini müşahidə edək. İlk baxışdan türk-müsəlman ölkələrinin, xüsusən Vətənimizin sakinlərinin yeməyini daha gözəl, daha təmiz, daha halal və mədəni hesab edərik. Ümumilikdə götürdükdə belədir. İlan-qurbağa, it-pişik, soxulcan. həşərat və s. yeyən xalqlara baxanda bizim yeməklərimiz əla, xörəklərimiz daha çeşidli  və ləzizdir. Maşallah, beynəlxalq kulinariya yarışmalarında milli mətbəximiz həmişə öndə gedir... Xörəklərimizi hamı bəyənir... Fəqət özümüzün gerçək yemək qaydalarının təfərrüatına vardıqda, sırf Allah qayda-qanunu ilə yanaşdıqda çatışmazlıqların çox olduğu üzə çıxır. Əvvəla, çoxumuz yeyib-içdiyimizin  zahiri təmizliyinə diqqət etsək də, halal-haramlığının fərqinə varmırıq. Donuz əti və ondan hazırlanan məhsullar, kolbasa, sosiska, mənşəyi  məlum olmayan ətlərdən bişirilmiş dönərlər, cürbəcür spirtsiz və  spirtli içkilər və s. Hətta namaz əhli olan bəziləri də halallığı şübhə doğuran kolbasa, sosiska məhsullarını ləzzətlə yeyirlər... İkincisi, yeməyi necə gəldi, nə vaxt gəldi yeyirik... Üçüncüsü, çörəyi və ət məhsullarını həddindən artıq işlədirik... Dördüncüsü, cürbəcür xörəkləri, salatları, şirniyyatları, içkiləri bir-birinə qatırıq... Beşincisi, boğazımıza qədər tıxınca mədəmizi yükləyirik...

Fikir verirsinizmi son zamanlar məmləkət əhli kasıblı-varlılı nə qədər şişmanlaşıb... Bu proses müstəqillik illərində daha çox şiddətlənib. Üzr istəyirəm ifadəmə görə, amma bu, bir həqiqətdir. Sovetlər dağılandan qəfəsdən buraxılmış vəhşi dördayaqlılar kimi daraşmışıq yemək-içməyə, geyim-keçimə, maşına, evə... Özümüzü ən geridə qalmış görməmiş  kimi aparırıq. Guya imperiya köləliyindən qurtulmuşuq... Nə yazıqlar ki, biz bir nəfs köləsinə dönmüşük, biz bir nəfs imperiyasında yaşayırıq... Odur ki, hər cür yemək-içmək dadırıq, hər cür paltar geyirik, ən bahalı maşınlar sürürük... Fəqət, əsl azadlığı, hürriyyəti, özgürlüyü dada bilmirik...

Güney Azərbaycandakı soydaşlarımızı farsların köləsi hesab edirik... Deyirik ki, onlar azad deyillər. Amma Təbrizdəki müşahidələrimdən belə nəticəyə gəldim ki, oradakı Azərbaycan türklərinin ana dilimizdə məktəbləri, qəzetləri olmasa da, onlar ruhən bizdən qat-qat azaddırlar. Onlar bizim qədər nəfs köləsi deyillər... Təbrizli həkimlər Quzeydən gələnlər arasında daxili orqanlarını piy basmamış adam görəndə  gözlərinə inanmırlar... Amma  onların əksəriyyəti normal çəkili insanlardır... Onlar bizim kimi acgözcəsinə yemirlər, yağlı, ətli yeməkləri çox az işlədirlər...

Hədislərdə buyurulur ki, çox yemək qəlbi daşlaşdırır... Qəlblərimiz daşlaşmaqdadır... Düşüncələrimiz bəsitləşməkdədir... Çoxumuz  yalnız yeyib-içmək, pul, ev, maşın haqqında düşünürük... Necə yeyiriksə, elə də düşünürük, necə düşünürüksə, elə də yaşayırıq... Həqiqi və məcazi mənada yeyib-dağıtmaq düşüncələrimizi zəbt  edib... Bəsit və yırtıcılaşmış düşüncələr cinayətlərin, qətllərin, oğurluğun da sayını artırır... Gəlin müqayisə edək; Güney Azərbaycanda bizdəki qədər pul üstdə, ev üstdə atasını, anasını, qardaşını və s. qətlə yetirən, bizdəki qədər öz doğmalarının evindən oğurluq edən olurmu?..

Son  10-15 ildə hər növ xəstəliklər sürətlə artmaqdadır... Gözünüzün önünə şadlıq saraylarındakı masaları bəzəyən cürbəcür xörək, salat, içki növlərini gətirin... Həzrət Əli əleyhissəlam buyurur: “Hər kəs nəfsundə cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir”...

Öz aləmimizdə yekə-yekə işlər görürük, siyasətlə məşğul oluruq, biznes qururuq, ev, maşın alveri edirik, para dalınca bütün günü ora-bura tələsirik, əlimizə nə keçdi,  Avropanın “fast food”(“cəld yemək”) yeməklərindən boğazımıza dürtə-dürtə iş dalınca qaçırıq, sonra da qazandığımızla aldığımız qidaları yenə eyni qaydada yeyirik, amma heç birimiz düşünmürük kü, yeməyimiz bizi “yeyir”, sonumuza çıxır... Bu, artıq sadə bir məsələ deyil, bu genefond məsələsidi... Bizdən törəyən nəsillərdəmi belə davam edəcək?..

Bəs çıxış yolu nədədir? Hələlik məşhur övliyalardan İmam Şafiinin aşağıdakı kəlamı üzərində dərindən-dərinə düşünək və anlamayanlara da anladaq, çıxış yolu barədə gələn dəfə danışarıq, inşallah...

“Fikri-zikri mədəsində olan adamın qiyməti bağırsaqlarından çıxanla ölçülər”...

Whatsapp
Bizə yazın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?