262 yataqxanada məskunlaşmış 15000 məcburi köçkün ilin sonunu gözləyir

İlk olaraq qaçqınları BDU yataqxanalarından köçürəcəklər
“Bu ilin sentyabr ayına kimi Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlər yeni yaşayış binalarına köçürülə bilər”.
Bu barədə Modern.az-a müsahibəsində BDU-nun iqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı bildirib.
N.Ramazanlı qeyd edib ki, bu proses “Dövlətqaçqınkom”un xətti ilə tikilən binaların hansı müddətə hazır ola biləcəyindən asılıdır: “Qarşıdan universitetin 100 illiyi gəlir, ona görə də yataqxanalarının yenidənqurma və inşaat işlərinin aparılmasında maraqlıyıq. Hazırda məcburi köçkünlərin köçürülməsi ilə birbaşa “Dövlətqaçqınkom” məşğul olur və komitə yeni yaşayış binalarının tikilməsi istiqamətində işlər aparır”.
N.Ramazanlı bildirib ki, o şəxsən Müşfiqabad qəsəbəsindəki yaşayış kompleksinin tikintisini müşahidə edib və inşaat işləri ilə yaxından tanış olub. “Son 20 il ərzində məcburi köçkünlər yataqxanalarımızda məskunlaşdığı üçün lazımi səviyyədə yenidənqurma və təmir işləri apara bilməmişik”.
Binaların əksəriyyətinin qəzalı vəziyyətdə olduğunu deyən N. Ramazanlı onların yenidən bərpasına ehtiyac olmadığını bildirib: “Yataqxanalar sökülüb yenidən tikilməlidir. Lazımi maliyyə vəsaiti ayrılarsa, yaxın 2-3 ildə dünya standartlarına cavab verən yeni yataqxanaların tikilməsi planlaşdırılır”.
Modern.az-a açıqlamasında “Dövlətqaçqınkom” mətbuat xidmətinin sədri Elçin Qədimov Bakı şəhərində 262 yataqxananın olduğunu və bu yataqxanalarda 15000 məcburi köçkün ailəsinin məskunlaşdığını bildirib.
“Yataqxanalar mərhələli şəkildə köçürüləcək. Çünki əhalinin köçürülməsi üçün torpaq sahəsi ayrılmalı, yeni binalar tikilməlidir.”
E.Qədimov qeyd edib ki, hazırda Bakıətrafı ərazilərdə iki istiqamətdə tikinti işləri aparılır, bunlardan biri Masazır ərazisində, digəri isə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindədir. “Hər iki yaşayış kompleksi bütün zəruri sosial texniki infrastruktur obyektləri ilə təmin olunacaq və mənzillərin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Tikinti başa çatdırıldıqdan sonra köçkünlərin yataqxanalardan köçürülməsinə başlanacaq və növbəti iki-üç il ərzində köçürülmə prosesi başa çatdırılacaq”.
Mətbuat katibi əlavə edib ki, dövlət proqramına edilmiş 21 fevral 2011-ci il tarixli əlavəyə əsasən, 2012-2015-ci illərdə ölkə ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Bakı şəhəri Abşeron rayonu və Respublikanın digər yaşayış məntəqələrində hündürmərtəbəli yaşayış binaları və fərdi evlərin tikilməsi və əhalinin bu binalara köçürülməsi nəzərdə tutulur. Eyni zamanda Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin inzibati binalarında müvəqqəti məskunlaşan ailələr də köçürüləcək. Məcburi köçkünlərin köçürülməsində ilk növbədə daha ağır şəraitdə yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması prinsipinin əsas götürülücəyini deyən Elçin Qədimov bildirib ki, ilk olaraq BDU-nun yataqxanalarından köçürmə nəzərdə tutulur.
Yeri gəlmişkən, avqustun 3-də Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binalarından ibarət məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub.
“Dövlətqaçqınkom”un məlumatına görə, 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 16-sı 80, dördü isə 40 mənzilli olmaqla beşmərtəbəli 20 bina tikilir.
Məhəllədə 1296 şagird yerlik məktəb, 140 nəfərlik uşaq bağçası, kitabxana, klub, təcili tibbi yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcək. Məhəllə qaz, su, elektrik enerjisi, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq. Məhəllənin tikintisinə cəlb olunan iki mindən artıq işçinin 70 faizi məcburi köçkündür. Məhəllədə parkın, idman meydançasının salınması da nəzərdə tutulub.
Əli Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşüb. Əli Həsənov məhəllədə tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Yeri gəlmişkən, hazırda Abşeronun Masazır qəsəbəsində də 760 məcburi köçkün ailəsi üçün 13 ədəd beşmərtəbəli yaşayış binası tikilir. Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün 10 ədəd doqquzmərtəbəli, Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 155 məcburi köçkün ailəsi üçün 2 ədəd beşmərtəbəli yaşayış binası inşa olunur. Bərdə rayonu ərazisində 195 məcburi köçkün ailəsi üçün, Şəkidə 423 məcburi köçkün ailəsi üçün, İmişli rayonu ərazisindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələr salınır.
Nigar Məmmədli