Gözəllik ondur, doqquzu... düzgün seçilmiş dondur
“Gözəllik ondur doqquz dondur”, – deyiblər. Amma gözəl görünmək istəyərkən nəzərimizdən bəzi məqamları qaçırırıq. Belə ki, geyim geyinərkən paltarın yaxşı durmasıdır. Lakin bu gözəlliyin hansı mənfi tərəfləri olduğunu bilmirik.
Modern.az bu məsələ ilə mütəxəssislərin fikirlərini öyrəndi.
“Bu gün gənc xanımlar çəkilərindən şikayətlənir və çəkilərinin artmaması, gözəl formada qalmaq üçün müxtəlif yollarla özlərini normada saxlamağa çalışırlar. Xüsusən də isti havanın hökm olduğu yay günlərində. Bədənlərindəki bəzi pozuntuları çox yeməklə, əsəb və stressin artması və isti havalarla əlaqələndirirlər. Diqqət etsək bunlara səbəb geyindiyimiz paltarlardır”, – deyə modelyer Fəxriyyə Xələfova bu məsələ ilə bağlı fikirlərini bölüşərkən belə deyib.
O bildirdi ki, geyim seçərkən 3 amili diqqətdə saxlamaq lazımdır. Belə ki, geyim təyinat baxımından düzgün seçilməli, müasir şəraitə uyğunlaşmaları, rəng baxımından uyğun təşkil olunmalıdır. Bu amillərin insanın fizioloji və psixologiyasına təsir etdiyini deyən modelyer amillərin nəzərə alınmaması nəticəsində bir çox problemlərin yarandığını vurğulayıb.
Yay mövsümündə geyimlərin düzgün seçilməməsi müəyyən mənfi nəticələrə gətirib çıxarır. Xanımların daha çox üstünlük verdiyi bəzi geyimlərin dəb yox sadəcə alışqanlıq olduğunu deyən F. Xələfova bu halın düzgün olmadığını bildirib. Dar cins şalvarların geyinilməsi məsələsinin aktual olduğunu bildirən modelyer insanların bədənlərinə uyğun ölçüləri seçə bilməmələrini qeyd edib. Onun sözlərinə görə, paltarın üstündəki etiketdə yetəri qədər bilgi olur. Lakin insanlar o bilgilərə fikir vermirlər. Belə ki, etiketlərdə paltarın tərkibində hansı parçaların olduğu və ölçülər göstərilir. Etiketdə 70% sintetik yazılırsa, deməli, bu, yayda sağlamlıq baxımından zərərlidir. İnsanların buna fikir vermədiyinin şahidi olduğunu deyən F. Xələfova bunun nəticəsində insan orqanizmində bəzi problemlərin yarandığını vurğulayıb.
Bu problemlərdən ən başlıcası isə insanların özləri də bilmədən bədənlərindəki forma dəyişikliyidir. Cins şalvarların geyinilməsi xanımlarda ciddi problem yaradır. Normal formada olan şəxs dar şalvarlar geyindikcə formasında dəyişiklər yaranır və bu çox zaman xanımları depressiyaya salır. Bu zaman onlarda həm fizioloji, həm də psixoloji baxımından narahatlıqlar yaranır.
“İnsanlar geyim seçərkən diqqət edərsə bu problemlər yaranmaya bilər”, – deyən F. Xələfova insanlara geyimin üzərindəki məlumatlarla tanış olmağı məsləhət görüb.
“Paltarlar dəbə uyğunlaşsa da, insanlar sağlamlıq tərəflərini də düşünməlidirlər” – tanınmış həkim Adil Qeybulla bu məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşdü: “Paltarlar birbaşa dəri ilə təmasda olur. Buna görə də paltarları geyinərkən onların materialına fikir vermək lazımdır. Məsələn, bu gün ən çox çin istehsalı olan paltarlar istifadə olunur. Onların üzərinə vurulan süni boyaların hansı xassəyə malik olduğu bəlli deyil. Bu paltarlarda orqanizm üçün ciddi xəstəliklər törədir”.
A Qeybulla xüsusu vurğulayıb ki, dar paltarlar ventilyasiya üçün vacib olan zonalara xüsusi təsir edir. “Xəstə özü də səbəbini bilmədiyi xəstəlikdən bizə müraciət edir”, – deyən A. Qeybulla müayinədən sonra xəstəliyi səbəbinin bəlli olduğunu bildirib”. Belə ki, xəstə dərisində olan qıcıqlanmadan şikayətlənir və bunun allergiya olduğunu düşünür, lakin allergiyanın geyimdən yox, yeməkdən nəticələndiyini zənn edir”. Həkim bu kimi halların geyimlərdən də qaynaqlandığını nəzərə çatdırıb.
Mütəxəssis bildirib ki, paltarların düzgün seçilməməsi ürəyə, beynə və daxili orqanlara mənfi təsir edərək müxtəlif xəstəliklər əmələ gətirir. Ən əsası isə diqqətsiz seçilmiş geyimlər xərçəng xəstəliyi əmələ gətirir.
A. Qeybulla mənşəyi düzgün olmayan paltarların istifadəsinin düzgün olmadığını qeyd etdi.
Psixoloq Elnur Məmmədli geyimlərin insan psixologiyasına, insanların digər insanlarla münasibətinə böyük təsir etiyini dedi. “Psixologiyada “bixeveral terappiya“ anlayışı var. Bu anlayış davranışla bağlıdır. Geyim də insan davranışının formalaşmasına kömək edir. Lakin bəzən geyimlərin düzgün seçilməməsi həm insanın öz psixologiyasına, həm də digər insanlarla ünsiyyət zamanı digər insanların psixologiyasına mənfi təsir edir.
“İnsanlar da gözəl görünüb, özlərini rahat hiss etdiklərini düşünsələr də, əslində onlara qarşı olan münasibətdən xəbərsizdilər. Bəzən onlara qarşı münasibətin nədən qaynaqlandığını anlamırlar və digər insanlara qarşı onlarda əsəb yaranır. Bu zaman insanlar arasında özləri də bilmədən anlaşılmazlıqlar yaranır ki, bu da insan psixologiyasında problemlər yaradır. Məsələn: insan səbəbsiz yerə əsəbiləşir, stress keçirir”, – deyə psixoloq vurğuladı və bu kimi halların baş verməməsi üçün insanlara diqqət olmağı tövsiyə etdi.
Məltəm Talıbzadə