
"Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül eks-prezident Ayaz Mütəllibovdan inciyib
Eks-prezident Ayaz Mütəllibovun sadiq tərəfdarlarından hesab edilən, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov eks-prezidentdən inciyib. Modern.az saytına açıqlamasında Hacı Əbdül uzun müddətdir ağır xəstə olaraq yataqdan qalxa bilmədiyini bildirdi. Onun sözlərinə görə, daimi yaşamaq üçün iyulun 7-dən Bakıya qayıtmış Ayaz Mütəllibovun vətəndə olduğu müddətdə onunla əlaqə qura bilməyib.
“Mən söz vermişdim ki, Ayaz Mütəllibov vətənə gəlsin, gedib onu görəcəm, ziyarət edəcəm. Amma xəstə olduğumdan bu müddətdə ayağa qalxa bilmirəm. Mən onun yolunu gözləyirdim ki, Ayaz müəllim gəlsin. Ancaq o da məni heç bir dəfə də axtarmadı, nə də zəng vurdu ki, halım, əhvalım necədir. Amma yenə də canı sağ olsun. Sözün açığı düşünürdüm ki, Ayaz Mütəllibov Bakıya qayıdanda mənimlə mütləq görüşəcək. Mən onun vətənə qayıtmasına ürəkdən sevinirəm”, - deyə Hacı Əbdül vurğulayıb.
Hacı Əbdül deyib ki, müqəddəs Ramazan ayı günlərində tövbə etmək istəyənlərdən ona xeyli müraciət daxil olub.
“Ramazan ayı başlayandan bizim cəmiyyətimizə xeyli sayda müraciət edən var. Onların əksəriyyəti narkomanlar və içki düşkünləridir. Öz səhvlərini, yalnış yolda olduqlarını başa düşərək, tövbə etmək istəyirlər. Belə insanların sayı olduqca çoxdur”, - deyə qeyd edən Hacı Əbdül müraciət edənlər arasında tanınmış simaların olmadığını bildirib.
Anar RÜSTƏMOV