
Azərbaycanda sabiq prezidentlər və onların ailə üzvlərinin təminatını nəzərdə tutan Konstitusiya qanununun təsdiqlənməsindən iki ay keçir. Lakin bu qanunun icrası ilə bağlı cəmiyyətdə bir məlumatsızlıq hökm sürür. Həmçinin, qanunun icrasına hələ başlanılmayıb.
“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu necə icra olunmalıdır?
Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə ilə əlaqə saxlayıb.
Deputat bildirib ki, eks-prezidentlər haqqında qanunun icrası haqda Nazirlər Kabinetinin göstərişi ilə müvafiq icra orqanları məşğul olacaqlar.
“Bu qanunla eks-prezident və onların ailəsinin bu gündən sonrakı həyat və fəaliyyəti tənzimlənəcək. Dövlətin nəzərdə tutduğu qaydalar qanunla onlara tətbiq olunacaq. Təbii ki, sözügedən qanunun icrası ilə bağlı müvafiq icra orqanları məşğul olacaqlar. Qanunun icrası birbaşa Nazirlər Kabinetinə tapşırılıb. Nazirlər Kabineti də öz növbəsində eks-prezidentlər üçün nəzərdə tutulan maliyyə vəsaitinin ayrılması üçün birbaşa Maliyyə Nazirliyinə göstəriş verməlidir. Həmçinin, qeyd edim ki, eks-prezidentlərin diplomatik pasportlarla təmin olunması isə Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Eks-prezidentlərin arxivlərinin yaradılması və s. kimi məsələlər isə müvafiq icra orqanlarının səlahiyyətindədir. Hesab edirəm ki, Nazirlər Kabineti bunu dolğun şəkildə tənzimləyəcək”, - deyə deputat bildirib.
Ç.Qənizadə həmçinin qeyd edib ki, eks-prezidentlər və onların ailə üzvləri qanunda göstərilən müavinətlərin alınması üçün özləri müraciət etməlidirlər:
“Hazırda eks-prezidentlərdən yeganə sağ olanı Ayaz Mütəllibovdur. O, bu qanuna uyğun müvafiq icra orqanlarına müraciət etməlidir. Tutaq ki, o, diplomatik pasport almaq istəyirsə Daxili İşər Nazirliyinə müraciət etməlidir. Pensiyanın ayrılması üçün də mütləq şəkildə müraciət edilməlidir. Lakin yenə də deyim ki, ilk növbədə göstəriş Nazirlər Kabinetindən verilməlidir. Lakin pensiyaların ayrılması üçün eks-prezidentin və onun ailə üzvlərinin mütləq olaraq müraciətləri lazımdır”.
Qeyd edək ki, sözügedən qanunun tələbinə uyğun olaraq keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqısının 50 faizi qədər (7500 AZN) aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Bundan başqa, keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə və həbs edilə bilməz. Qanunda digər imtiyazlar da nəzərədə tutulub...
Anar RÜSTƏMOV