Respublika Prokurorluğu mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsinin araşdırılmasına dair məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Modern.az-a göndərdiyi açıqlamada bildirilib:
”Sabiq ölkə prezidenti Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı şəhər prokurorluğunda araşdırılmışdır.
Araşdırma zamanı H.Hacıyev və başqaları Ə.Əliyevin ölümündən əvvəl zəhərləndirilməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumatın əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildirmişlər.
Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
Modern.az