
Ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu iş 20 ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsülu ilə həyata keçirilir.
Abituriyentlərin test üsuli ilə ali təhsil ocaqlarına qəbul olunması prosesinə 1992-ci ildə başlanılıb. Buna qədər isə tələbə qəbulu yalnız üzbəüz imtahanla aparılırdı. Hamıya da məlumdur ki, bu cür şəraitdə imtahan götürən müəllim “seçmə adamların” rüşvətlə ali məktəbə qəbul olmasına şərait yaradırdı. Kütləvi rüşvətxorluğun geniş yayıldığı bir zamanda müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının test üsülunu tətbiq etməsi hər kəsə, hətta imkansız ailələrin uşaqlarına da ali mətkəblərdə oxumaq imkanı verdi.
O düvrün gəncləri deyirlər ki, 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması, test üsulunun tətbiqi həm valideynlərin, həm də ali təhsil ocaqlarında oxumaq arzusunda olan gələcəyin minlərlə tələbəsinin sevincinə səbəb oldu.
O zamandan sonra imkansız ailədən olan hər kəs anladı ki, əgər 11 il ərzində əldə etdiyi bilikləri daha da təkmilləşdirsə və yaxşı hazırlaşsa, imtahan verib universitetlərə qəbul ola bilər.
“Azərbaycanda test üsulunun tətbiqi ilk dəfə 1992-ci il may ayının 28-də Azərbaycan Ana Torpaq Partiyasında müzakirə olunub. Beləliklə, həmin il ali məktəblərə tələbə qəbulunu həyata keçirmək üçün mərhum eks-prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradıldı və Vurğun Əyyub onun sədri təyin olundu”.
Ana Torpaq Partiyasının üzvlərindən biri olmuş Rövşən Qəmbər həmin günü xatırlayır.
R.Qəmbər deyir ki, o zaman Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını ən vacib məsələ sayıblar və partiya olaraq 1992-ci il mayın 28-də bunu parlament sədri ilə müzakirə edərək, təşəbbüs qaldırıblar.
“1990-cı ildə Azərbaycan parlamentinə keçirilən seçkilər zamanı mənim əsas mövzularımdan biri belə idi: əgər deputat seçilsəm, fəaliyyətim zamanı rüşvətsiz təhsil mübarizəmin əsas istiqamətlərindən biri olacaq. 1990-cı ldə ilk dəfə olaraq, ali məktəblərdə qəbulun Türkiyə və Almaniya sistemi ilə aparılmasının təşəbbüsünü qaldırdım. 1992-ci ildə Bakıya gələn Türkiyə ali məktəblərinin rektorları ilə görüşlərimizdə test üsulunu müzakirə etdik. Azərbaycandan bununla bağlı Türkiyəyə nümayəndə heyətinin göndərilməsini təklif etdik. İlk dəfə bu təklifi o zaman parlamentin sədri olan İsa Qəmbərə deyəndə dedi ki, “buna girişsək Azərbaycanda olan “qəbul mafiyası”nın qəzəbinə düçar olacağıq. Ölüm-itim ola bilər”. Amma geriyə addım atmadıq.
Beləcə, 1992-ci ilin iyul ayında prezident Əbülfəz Elçibəyin və prezidentin təhsil üzrə müşaviri Rafiq İsmayılovun rəhbərliyi ilə ali məktəb rektorlarının qatıldığı müşavirə keçirildi. Həmin müşavirədə bütün rektorlar bir ağızdan test üsulunun tətbiqinə “hə” dedilər”.
Test üsulu elə bir vasitədir ki, istedadlı mütəxəssislərin tapılmasını asanlaşdırır. Bu üsul korrupsiya, rüşvətxorluğun, vəzifələrə təyinolunma prosesində neqativ halların kəskin azalmasına, bu prosesin ədalətli keçirilməsinə səbəb olan vazkeçilməz vasitə kimi Azərbaycanda möhkəmləndi.
Keçmiş təhsil naziri Firudun Cəlilov da qeyd edib ki, Azərbaycan müstəqillik qazanan kimi ilk olaraq təhsildə islahat ediblər.
“O dönəmdə baş nazirin müavini işləyirdim. Birbaşa nəzarətimdə olan sahə kimi təhsilin reformasına cavabdeh idim. İlk işimiz təhsil qanunu yazmaq və onunla paralel dövlət tələbə qəbulu komissiyasını hazırlamaq, ali atestasiya komissiyasını yaratmaq, yeni dərslikləri yazmaq idi. İlk dəfə 2000 tələbəni testdən keçirib Türkiyəyə oxumağa göndərdik”.
F.Cəlilov qeyd edib ki, o vaxt test üsulunun əleyhinə çıxanlar olmasına baxmayaraq, onlar bu riskə gediblər.
“Türkiyədən mütəxəssisləri dəvət etdik, eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyi də bizə kömək edirdi. Demək olar ki, kabinetim ilk tələbə qəbulu komissiyasına çevrilmişdi. Bütün sənədləri orada hazırladıq, yeni komissiya yarandı və sədri Əbülfəz Elçibəyin qərarı ilə Vurğun Əyyub təyin olundu”.
Keçmiş nazir ilk qəbulun uğurla keçdiyini və kasıb ailələrdən olan savadlı uşaqların seçdikləri sahələr üzrə universitetlərə daxil olduğunu vurğulayıb.
“Test imtahanlarının tətbiqi müstəqilliyini yeni qazanmış bir dövlət üçün böyük uğur idi”.
Firudin Cəlilov geridə qalan 20 il ərzində TQDK tərəfindən uğurların qazanıldığını, amma bəzi yeniliklərə ehtiyac olduğunu da deyib. Onun sözlərinə görə artıq test üsulu ilə imtahanların keçirilməsi öz dövrünü başa vurub və yeni prinsiplər işlənməlidir.
“İndi artıq o mərhələ gəlib çatıb ki, biz ümumiyyətlə qəbul imtahanlarını ləğv etməliyik. Yeni prinsiplər işlənməli və Avropa təhsil standartlarına uyğunlaşmalıyıq”.
Artıq hamı birmənalı olaraq bunu qəbul edir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 20 illik fəaliyyəti dövründə böyük inkişaf tarixi keçib.
1992-ci ildə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu birlikdə aparılırdı. Abituriyentlər ərizələrində bu iki təhsil pilləsinin yalnız beş ixtisasını göstərə bilirdilər. Növbəti illərdə isə ixtisas seçimi üçün yerlərin sayı artırıldı və hazırda abituriyetnlər 15-ə qədər ixtisas seçə bilərlər. Həmin illərdə imtahanlarda iştirak edənlərin cavab kartları Türkiyə Respublikasında çap edilir, imtahandan sonra onlar yenidən qardaş ölkəyə aparılıb optik oxuyucu qurğu vasitəsilə oxunur və ixtisaslar üzrə yerləşdirmə aparılırdı. Bu, 1995-ci ilə qədər davam etdi.
Məhz 1995-ci ildən TQDK “Abituriyentin ərizəsi” və “Cavab kartı” formalarının kodlaşdırılaraq, hazırlanması və emalını Türkiyə Respublikasında deyil, Azərbaycanda həyata keçirməyə başladı. 1997-ci ilə qədər isə qəbul imtahanlarında testlər bir variantlı tətbiq olunurdusa, həmin ildən etibarən dörd variantlı tətbiq edilir. İlk illərdə ali məktəblərə qəbul olanların siyahısı qəzetlərdə çap olunurdu. Lakin bu gün TQDK-da yeni texnologiyaların tətbiqi nəticəsində abituriyentlər öz nəticələrini qurumun saytından və ya sms vasitəsilə öyrənə bilirlər.
Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə prezident təqaüdünün verilməsi ənənəsi 2002-ci ildən formalaşıb. Həmin il yeni dərs ilinin başlanması ərəfəsində mərhum dövlət başçısı Heydər Əliyev ali məktəblərə ən yüksək balla qəbul olmuş tələbələrin bir qrupunu Prezident Sarayında qəbul edib və orada prezident təqaüdü haqqında sərəncam təqdim edilib. Sonrakı illərdə prezident təqaüdü alan tələbələrin sayında və verilən məbləğdə artım müşahidə edilib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvi, millət vəkili Bəxtiyar Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılmasını və bu qurum vasitəsilə tələbə qəbulunu müsbət qiymətləndirir.
“20 illik zaman zərfində xeyli müsbət işlər görülüb və bu da öz növbəsində müsbət nəticəsini verir. Eyni zamanda, ictimaiyyət tərəfindən də tələbə qəbulunun şəffaf həyata keçirilməsi müsbət qarşılanır”.
Deputat qeyd edib ki, təhsin islahatlarının tərkib hissəsi olması və abituriyentlərin ali məktəblərə qəbulu zamanı bilik və bacarıqlarının qiymətləndirilməsinin müstəqil qurum tərəfindən həyata keçirilməsi şəffaflığın təmin edilməsinə xidmət edən işdir. Onun sözlərinə görə, bu, dövlətin xüsusi diqqətində olan məsələdir.
2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sədrlik edən Məleykə Abbaszadənin fikrincə, bu sahədə görülən işlərə valideynlər, cəmiyyətin daha düzgün qiymət verə bilər.
“Bu illər ərzində görülən işləri özümüzün qiymətləndirməyimiz doğru olmazdı, bizim işimizi cəmiyyət, abituriyentlər, onların valideynləri və müəllimləri qiymətləndirməlidir”.
O bildirib ki, hər zaman çalışıblar ki, təşkilati nöqteyi-nəzərdən vacib yenilikləri həyata keçirsinlər.
“İmtahanların şəffaf formada keçirilməsi və gənclərin rahat şəkildə imtahan vermələri üçün bütün şərait yaradılıb. Bu prosesdə ən xırda nüansları belə nəzərə almışıq. TQDK mütəxəssis hazırlığı sahəsində dövlət siyasətinin tələblərini rəhbər tutaraq tələbə qəbulunu və onun əsas mahiyyətini təşkil edən biliyin qiymətləndirilməsi işini dünyada qəbul olunmuş standartlara uyğun şəkildə qurmaq üçün davamlı təkmilləşmə işləri aparır. Bizim bu istiqamətdə apardığımız işlər – istər imtahanlara hazırlıq, istər imtahanların gedişi, istərsə də onların nəticələrinin müzakirəsi hər zaman açıq və şəffaf xarakter daşıyır. Onun hazırlığına, təşkilinə, keçirilməsinə, idarə olunması və nəticələrinin müzakirəsinə ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrini təmsil edən minlərlə insan cəlb edilir”.
TQDK yarandığı vaxtdan həmişə üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək bütün istiqamətlər üzrə fəaliyyətini elmi əsaslar üzərində qurmağa, onu fasiləsiz surətdə təkmilləşdirməyə çalışıb və bu yöndə əsaslı nailiyyətlər əldə edib. M.Abbaszadə deyir ki, bu nailiyyətlərdə ümummilli lider Heydər Əliyevin komissiyaya göstərdiyi qayğı və köməyin, siyasi və mənəvi dəstəyin, xalqın inam və etimadının böyük rolu olub.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarını nəinki yalnız tələbə qəbulu işinə, hətta tamamilə fərqli xarakterli kütləvi proseslərə də tədbiq etməyi təcrübədə sübut edib. Dövlət Komissiyası tərəfindən keçirilən fənn olimpiadaları, monitorinq imtahanları, məhkəmə və prokurorluq orqanlarına namizədlərin test üsulu ilə seçilməsi, digər dövlət qurumlarında kadrların attestasiyasının aparılması və s. bu təcrübənin əyani nümunələridir.
Aytən ƏLİYEVA