Modern.az xəbər verir ki, mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Cinayət işini başlanmasını şərh edən hüquqşünas Anar Qasımlı olayın üstündən vaxt keçdiyi üçün kiminsə məsuliyyətə cəlb olunmayacağını deyib.
Eks-prezidentin ölümü ilə bağlı araşdırma Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciətilə başlayıb. Hafiz Hacıyev öz iddialarını AXCP sədri Əli Kərimliyə yönəldib. O, iddia edir ki, ölümündən əvvəl Elçibəyin zəhərlənməsində Əli Kərimlinin rolu olub.
AXCP lideri Əli Kərimli işlə bağlı ünvanına səsləndirilən ittihamları şərh edərək, işi cəfəngiyat adlandırıb. Onun sözlərinə görə, bu, hakimmiyyətin ona qarşı növbəti təxribatlarından biridir.
Rəsmi olaraq Elçibəyin 2000-ci il avqustun 22-də onkoloji xəstəlikdən vəfat etdiyi deyilirdi.
Eks-prezident Türkiyədə müalicə olunduqdan sonra orda dünyasını dəyişib, amma Azərbaycanda dəfn olunub.
Məsələ ilə əlaqədar cinayət işinin başlanmasını şəhr edən hüquqşünas Anar Qasımlı BBC Azərbaycancaya açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ağır cinayət işləri kateqoriyasına aiddir və buna görə məhkəmə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası verə bilər:
“Amma cinayət məsuliyyətinə cəlb etmə müddəti 12 il hesablanır. Başqa sözlə, əgər ağır cinayət haqqında 12 il ərzində ümumiyyətlə məlumat olmayıbsa, cinayətkar hətta müəyyən olunsa da, o həbs olunmayacaq”.
Modern.az