Bir müddət öncə rüşvət faktına görə həbs edilən Bakı Dövlət Universitetin sabiq dekan müavini, professor Məhəmməd İmanlının cinayət işi üzrə istintaq işi hələ də davam edir.
Bu barədə Modern.az saytına açıqlamasında Məhəmməd İmanlının hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayev bildirib:
“Hazırda istintaq işləri gedir, istintaq işinin hansı yerdə olması barəsində heç nə deyə bilmərəm. Ümumiyyətlə, bu barədə ətraflı danışmaq istəmirəm”.
Məhəmməd İmanlının səhhətinin necə olduğuna gəlincə, vəkil onun səhhəti ilə bağlı heç bir problem yaşanmadığını deyib:
“Səhhəti ilə bağlı heç bir problem yoxdur, hazırda onun sağlamlıq durumu normaldır və ailəsi ilə də əlaqə saxlaya bilir. O, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır”.
Digər suallarımıza cavab verməkdən imtina edən və bir qədər də aqressivləşən vəkil “sizin işiniz-gücünüz yoxdur ki, bu məsələni bu qədər şişirdirsiniz?”-deyərək, telefonu qapadıb.
Qeyd edək ki, Məhəmməd İmanlının rüşvət əməli prokurorluğun "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciət əsasında aşkar edilib. Belə ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan pulu rüşvət kimi alarkən cinayət başında saxlanılıb. Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.
Nihadə Eyyubova