Toksokaroz uzun müddət residivləşən və poliorqan zədələnməsi ilə xarakterizə olunan parazitar xəstəlikdir. Toksokaroz insana xas olmayan helmintozlara aid olub insan askaridinəbənzər toksokar qurdu tərəfindən törədilir. Toksokar qurdu nematodozlara aiddir. Yoluxma geooral yolla baş verir.
Yoluxma mənbəyi
Toksokarın 2 növü var:
Tocsocara canis – əsasən canavarkimilər dəstəsinin üzvlərində parazitlik edir.
Toxocara mystax (cati) – pişikkimilər dəstəsinin üzvlərində parazitlik edir.
Bunlardan əlavə toksokar qurdu insanda da parazitlik edir. Statistikaya görə Rusiyada uşaqların 40-50%-i toksokaroz xəstəliyinə yoluxub. ABŞ-da isə hər il toksokarozla 700-1000 yoluxma halı qeydə alınır.
İnsan üçün invaziya mənbəyi nəcislə toksokar xaric edən itlər və ya toksokarın yumurtaları ilə çirklənmiş heyvan tükü hesab edilir. ABŞ-da böyük itlərin 20%-i, küçüklərin isə 95%-i bu helmintə yoluxub.
İnsan istənilən vaxt toksokaroz xəstəliyinə tutula bilər, xüsusilə yay-payız mövsümündə. Toksokaroz xəstəliyinə yoluxmuş insan invaziya mənbəyi hesab edilmir, belə ki, insan toksokar qurdları üçün xarakter sahib deyil, buna görə də insan orqanizmində onlar cinsi yetkin formaya çata bilmirlər.
Toksokaroza yoluxma yolları
Heyvanlar arasında toksokar qurdunun yayılması müxtəlif cür baş verir:
Düz yolla (ətraf mühitdən yumurtaların yoluxması)
Transplasentar yolla (dölün cift vasitəsilə yoluxması)
Transmammar (süd vasitəsilə)
İnsanlar arasında toksokar qurdunun yayılması müxtəlif cür baş verir:
Sürfələrlə çirklənmiş torpaq
Heyvan yunu
Çirklənmiş qida məhsulları, su
Çirkli əllər
Toksokarozla yoluxma riskinə daxil olanlar:
Torpaqla intensiv kontaktda olan 3-5 yaş arası uşaqlar
Baytar və kinoloqlar
Meyvə və tərəvəz satıcıları
Bostanda çalışanlar
İt ovu ilə məşğul olanlar
Toksokar qurdu uzunluğu 4-18 sm-ə qədər olan ayrıcinsiyyətli qurddur. İtlərin mədə və nazik bağırsağında yerləşir. Yetkin qurd fərdlərinin yaşama müddəti 4-6 aydır. Dişi toksokar fərdləri 1 gün ərzində 200 min yumurta qoyur. 1 qr nəcis kütləsində 10-15 min yumurta ola bilər. Toksokarın yumurtası 65-75 mkm ölçüsündə dairəvi formaya malikdir. Nəm torpağa düşmüş toksokarın yumurtaları 5-36 günə yetişir və invazivlik əldə edir. Bu zaman toksokar qurdlarının inkişafı üçün torpağın temperaturu və nəmliyi optimal səviyyədə olmalıdır. Bu qurdun həyat sikli mürəkkəbdir. Bundan əlavə qurda yoluxmuş hamilə heyvandan sürfə transplasentar yolla dölə keçərək döl doğulana qədər onun qaraciyərində yaşayır. Sürfəsinin diametri 0,02 mm-dir. Bundan əlavə toksokar qurdunun paratenik sahibi də ayırd edilir. Bu istənilən torpaq qurdu, gəmirici, donuz, quş, qoyun və insan ola bilər.
İnsan orqanizmində isə belə olur: ağıza daxil olmuş yumurta mədəyə, oradan da nazik bağırsağa düşür, burada ondan sürfə çıxır. Sürfə bağırsağın selikli qişasından keçərək qan damarlarına daxil olur və qapı venası vasitəsilə qaraciyərə gəlir. Burada sürfələrin bəzisi çökür və infiltratlar yaradaraq qranulomalara çevrilir. Bəziləri isə qaraciyərdən keçərək qan dövranı ilə ağciyərlərə gəlir. Buradan da böyük qan dövranı ilə istənilən orqanlara – böyrək, əzələ, qalxanabənzər vəzi, baş beyin və s. miqrasiya edə bilir. Belə vəziyyətdə sürfələr uzun müddət qala bilir.
Klinikası
Toksokaroz xəstəliyinin klinikası kifayət qədər az spesifikliyi ilə seçilir. Əlamətləri daha çox kəskin mərhələdə olan istənilən helmintozu xatırladır. Temperatur subfebril olur. Limfadenopatiya, kəskin bronxit və pnevmoniya əlamətləri, dəridə polimorf səpgilər, qaraciyər və dalaq ölçülərinin böyüməsi, qarında ağrı, dispeptik pozulmalar, baş ağrıları, epilepsiyaya bənzər qıcolma tutmaları müşahidə edilir.
Göz toksokarozu
Toksokarozun bu formasının patogenezi indiyə qədər aydınlaşdırılmayıb. Adətən uşaq və yeniyetmələrdə rast gəlinir, bir gözün zədələnməsi ilə özünü büruzə verir və korluqla nəticələnir.
Müalicə
Toksokarozun müalicəsi digər nematodozlarda olduğu kimi antihelmint preparatlarla aparılır.
Diaqnoz
Xəstəliyə parazitoloji diaqnoz çox nadir hallarda toxumada qranulomaların və sürfələrin aşkar olunmasına əsasən qoyulur.
Profilaktika
Şəxsi gigiyena qaydalarına riayət etməli, itlər və küçüklər arasında dehelmintizasiya, preimaginal müalicə, əhali arasında isə sanitar maarifi işi aparılmalıdır.
AZƏR Salehli
Azərbaycan Tibb Universitetinin Tələbəsi