Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlı saytımıza maraqlı məlumat daxil olub. Xəbər verdiyimiz kimi, adının çəkilməsini istəməyən türkiyəli millət vəkili mərhum Elçibəyin Türkiyənin Ankara və Gülhanə Hərbi Tibb Akademiyasında müalicə və müayinə xərclərinin Azərbaycan tərəfindən ödənilmədiyini bildirib. Onun sözlərinə görə, AKP hakimiyyətə gəldikdən sonra Rəcəb Tayyib Ərdoğan xərclərin ödənilməsi üçün partiyasında təmsil olunun bir iş adamına tapşırıq verib. Məlumata görə, Əbülfəz Elçibəyin müalicə xərclərini hələlik adı açıqlanmayan həmin iş adamı tərəfindən ödənilib.
Əməkdaşımız məsələ ilə bağlı o zaman Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından olan Mirmahmud Mirəlioğludan münasibət öyrənib. Türkiyəli deputatın dediklərini təsdiq edən M.Mirəlioğlu xərclərin Azərbaycan tərəfindən ödənilmədiyini deyib.
“Mən deyə bilmərəm mərhum Elçibəyin Türkiyədə müalicə xərclərini Ərdoğan ödəyib, yoxsa başqası. Yalnız onu deyə bilərəm ki, Əbülfəz Elçibəyin müalicəsini Türkiyə öz üzərinə götürmüşdü. Doğrudur, həmin xərcləri Azərbaycan ödəməmişdi. Ancaq dəqiq də deyə bilmərəm ki, hansı iş adamı, yaxud Ərdoğan ödəyib”, - deyə M.Mirəlioğlu vurğulayıb.
Qeyd edək ki, Əbülfəz Elçibəy 2000-ci ildə ölümündən əvvəl iki dəfə Türkiyədə tibbi klinikada olub. O, 2000-ci ilin əvvəlində Ankara xəstəxanasında müayinə olunub. Ondan sonra Azərbaycana qayıdan Elçibəy bir də 2000-ci ilin ortalarında, vəziyyəti ağırlaşanda Türkiyəyə aparılıb. Əvvəlcə Ankara xəstəxanasına yerləşdirilib, daha sonra Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb. Əbülfəz Elçibəy ölümünə qədər Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunub, amma bu, səmərə verməyib və eks-prezident dünyasını dəyişib.
Anar RÜSTƏMOV