Modern.az

“Məsuliyyətsizlik edən həkimlər cəzalandırılmalıdır” - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

“Məsuliyyətsizlik edən həkimlər cəzalandırılmalıdır” - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Ölkə

22 Avqust 2012, 15:36

Ekspert: “Tibb komissiyalarında işə səhlənkar münasibət var”


Demək olar ki, hər gün hərbi hissələrdən əsgər ölümləri və ya intiharlar haqda məlumatlar gəlir. Rəsmi açıqlamalarda isə belə hallar ya əsgərin səhhətində yaranan problemlə, ya da əsgərin ehtiyatsızlığı ilə əlaqələndirilir. Halbuki hərbi xidmətə çağırılan gənclərin hamısı mərhələli olaraq bir neçə dəfə tibbi müayinədən keçirilir. Belə olan halda necə olur ki, əsgər hər hansı xəstəlikdən məsələn, böyrək çatışmazlığından vəfat edir.

Modern.az hərbi hissələrdə baş verən belə halların səbəbini öyrənməyə çalışıb.  

Hərbi hissələrdə baş verən bu cür halları daha çox həkimlərin səhlənkarlığı ilə əlaqələndirən hərbi ekspert Yaşar Cəfərli deyir ki, orduda belə hallar əlbirlik, iş birliyi nəticəsində baş verir. Onun sözlərinə görə, həkimlərin də işlərinə səhlənkar yanaşmaları burda “öz sözünü deyir”:

“Hərbi xidmətə çağırış artıq Müdafiə Nazirliyinin tabeliyindən çıxıb. Bir müddətdir ki, sözügedən vəzifəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir. Artıq bu müstəqil qurumdur. Mənə elə gəlir ki, Müdafiə Nazirliyi Respublika Hərbi Komissarlığının buraxdığı səhvlərə hərdən göz yumurdu. Təbii ki, bundan sonra belə hallar baş verəndə yeni qurum günahlandırılacaq. Müdafiə Nazirliyi yeni yaranan dövlət xidməti ilə əlaqədar buraxılan səhvləri görməlidir. Ali Baş Komandana, baş nazirə, ya da parlamentə hesabatlar verməlidir. Təbii ki, hesabatlar aparılmır. Bu da onu deməyə əsas verir ki, müəyyən məsələlərdə əlbirlik, iş birliyi qurulub”.

Ekspertin sözlərinə görə, çağırışçılar hərbi xidmətə getməzdən öncə bir neçə dəfə həkim nəzarətindən keçirilər: “Gənc əsgərlər istər ali, istərsə də orta məktəblərdə, və ən sonda komissarlıqda tibbi müayinədən keçirlər. Amma bütün bu müayinələrə baxmayaraq, hərbi xidmət müddətində həmin əsgərlərin səhhətində əvvəlcədən olan xəstəliklər üzə çıxır. Təbii ki, həkimlərin vəzifələrinə soyuq yanaşmaları nəticəsində çağırışçılar tam yoxlanılmırlar. Həkimlər sanki planı yerinə yetirmək üçün müəyyən xəstəliklərə göz yumurlar. Həmin səhv nəticəsində əsgərlikdə belə hallar baş verir. Belə olan halda əsas vəzifə prokurorluq və məhkəmə orqanlarının üzərinə düşür. Yəni həmin qurumlar araşdırma aparmalı, günahkarların müəyyən olunmalı və məhkəməyə verməlidirlər. Məhkəmələr də sözügedən məsələdə prinsipiallıq göstərməlidir. Bilavasitə günahkar olanları yox, həm də bu problemlərin yaranmasına vasitəçi olanların ifşasına çalışmalıdırlar”.

Əslində məhkəmənin dövlət və parlament qarşısında tələb qoymalı olduğunu deyən Y. Cəfərli onu da bildirdi ki, prokurorluq da, məhkəmələr də bu səhvlərə yol verir:

“Rus dilində buna “kruqavaya poruqa” deyilir. Yəni bu sahədə bir-birinin səhvlərini bağışlamaq nəticəsində gənclərimiz hərbi xidmət müddətində dünyasını dəyişirlər. Təbii ki, belə olan halda ordunun səviyyəsi də aşağı düşür. Həmin qurumlar çox vaxtı bunu təsadüf adlandırırlar. Düzdür, belə bir hal bir dəfə olarsa, təsadüf saymaq olar. Amma hərbi xidmət müddətində iki, üç dəfə baş verən bu halları təsadüflə əlaqələndirmək düzgün olmaz. Əsgərlərin hər hansı xəstəlikdən dünyasını dəyişmələri artıq bir neçə dəfədir ki, təkrarlanır. Burada çox ciddi səbəblər var. Həmin səbəblər də hər hansı həkimin adi səhvi kimi qarşılanmamalıdır. Bunlar mütləq araşdırılmalıdır”. 

Məsələyə rəsmi münasibət də öyrənməyə çalışdıq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən etiraf etdilər ki, hərdən belə müstəsna hallar olur:

“Ola bilər ki, bir nəfər həkimin gözündən yayınsın. Belə olan halda hər rayonun nəzdində olan tibbi komissiya məsuliyyət daşımalıdır. Həmin həkimlər cəzalandırılmalıdırlar”.

Əksər hallarda gənclərin də günahkar olduğunu deyən Xidmət rəsmisinin sözlərinə görə, gənclər hərbi xidmətə getmək naminə həkim müayinəsi zamanı bəzi xəstəliklərini gizlədirlər:
“Odur ki, həmin xəstəlik hərbi xidmət müddətində üzə çıxır. Gənc bir balaca gücə düşən kimi bu xəstəliyi özünü büruzə verir. Bu isə gec olur. Məsələn, dünya praktikasında da var ki, ürək döyüntüləri həmişə düz çıxmır. Kordiaqramma zamanı hər hansı ürək qüsuru görünməyə bilir. Amma sonradan hərbi xidmət müddətində həmin xəstəlik baş qaldırır. Belə olan halda əsgər dünyasını dəyişir”.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı