Ramazan ayı bitdi, toy mövsümü yenidən başladı. Şadlıq evlərində “yeni mövsüm”də menyuda və qiymətlərdə hər hansısa bir dəyişiklik edibmi?
Modern.az-ın əməkdaşı bunu öyrənmək məqsədi ilə kiçik bir araşdırma aparıb.
“Movida Plaza ”restoranından bildiriblər ki, sifarişlər hələ də çox azdır. Bu səbəbdən qiymətlərdə güzəştlər edilir: 35-40 manat arası.
“Neolit” restoranında isə əksinə, sifarişlərin sayı artıb. Qiymətlərdə də ki, heç bir dəyişiklik yoxdur.
“Qızıl Buta ” şadlıq evinin inzibatçısı sifarişimiz yoxdur deyib dad edənlərdən oldu. Elə qiymətlər də əvvəlki kimidir.
Menyusunda və qiymətlərdə ( 25 manat ilə 35 manat arası) dəyişiklik etməyə ehtiyac görməyən “Xudafərin ” restoranın sifarişləri Məhərrəmlik ayına qədər var. Amma şadlıq evi bundan razı deyil. İnzibatçı deyir ki, ara-ara sifarişlərimiz olur, amma boş yerlərimiz hələ də qalıb.
Elə “Oazis” şadlıq evi də toy qıtlığı yaşayanlardandır. Belə ki, bu restorana olan sifariş hər ayda 3-4 nəfər olmaqla sentyabr ayını əhatə edir. Menyunun qiyməti isə 40 manata qədər gəlib çıxır.
“Su Sonası” isə stabil vəziyyətdədir. Bu aya necə girmişdisə eləcə də çıxıb. Əsasən istirahət günləri toylar olur, qiymətlərində də dəyişiklik olmayacaq.
Maşalllah olsun, “Meridian” restoranı toy qıtlığından yaxşı sığortalanıb. Bayramdan əvvəlində, bayramda da, bayramdan sonra da sifarişlər qəbul edən inzibatçı deyir ki, hələ noyabr ayı üçün toy sahibləri onlara müraciət ediblər. Amma hələ də sifarişçilərin azlığından şikayət etməyi də unutmadı.
Bax belə, paytaxtın sayılıb-seçilən restoranları hələ də toy sahiblərinin yollarını gözləməkdən gözləri saralıb.
Şahanə Rəhimli