Modern.az

Yol qəzaları, haram, rüşvət, şeytan, qismət...

Yol qəzaları, haram, rüşvət, şeytan, qismət...

Ölkə

24 Avqust 2012, 15:57

QƏZALARIN SAYINI AZALDA BİLƏRİKMİ?

AVTOMOBİL QƏZALARINI ARTIRAN AMİLLƏRDƏN BİRİ DƏ SƏLƏMDİR...

Sözün əsl mənasında Şeytan zəmanəsində yaşayırıq. Hər gün, bəlkə də hər saat bəd xəbərlər eşitməkdəyik: amansız qətl, terror aktları, intihar, oğurluq, nəqliyyat qəzaları və s.

Digər faciələrimiz kimi nəqliyyat qəzalarının  çoxalmasının da əsas səbəbi imansızlıq, Allahdan üz döndərməkdir... Əksəriyyətin bildiyi digər dünyəvi səbəblər də məhz cahillikdən törəyir.... Bilirəm, ateist və imanı zəif oxucular düşünürlər ki,  bu da nədən yazsa,  həmən Allahla, Quranla  bağlayır. Məgər dünyaya gəlişimizdən gedişimizə qədər hər anımız Yaradanla bağlı deyil. Bəs çoxumuz çətinə düşəndə, yaxud pul, vəzifə qazanmaq üçün, nəyisə satmaqdan ötrü and içəndə nədən Allahı anırıq, amma  sakitcə bir günah, xəta edərkən kimsə Onu xatırladanda qıcıqlanırıq?.. Uşaqdan böyüyədək Qurana and içdiyimiz halda onun hökmlərinə əməl etməməyimiz ikiüzlülük deyilmi?..

Avtoqəzaların artmasının əsas səbəblərindən biri haram, korrupsiya, rüşvətxorluqdur ki, (Qurani-Kərim, əl-Bəqərə, 188), Allaha  imanımız olsa, onu çiçəkləndirməz  və nəticədə hər şey kimi sürücülük vəsiqəsini də rüşvətlə satmaz və əldə etmərik...

Bunu heç kəs dana bilməz ki,  bu gün ömründə əli sükana dəyməmiş biri  müəyyən olunmuş qiymət müqabilində avtomobil sürmək hüququ əldə edə bilər. Beləsinin, yəni savadsız, bacarıqsız, məsuliyyətsiz sürücünün isə qəza törədəciyi şübhəsizdir. Yaxud yol polisi əməkdaşları qaydaları pozan sürücüdən rüşvət almasa, o gələn dəfə canını asanlıqla qurtaracağına arxayın olub yenidən qəza şəraiti yaratmaz...

Allah əmrlərinə itaət etsək, dərk edərik ki, spirtli içki haramdır(Maidə, 90-91). Və sərxoş vəziyyətdə sükan arxasına əyləşmərik...

Yaradanın sadiq qulu olsaq, digər işlərdə olduğu kimi,  avtomobildə də sürət həddini aşmarıq. Bilərik ki, Allah həddi aşanları sevməz (Əl-Bəqərə, 190)... “..Allahın müəyyən etdiyi hüdudları aşan kimsə özünə zülm etmiş olar” (Ət-Talaq, 1)...

Qəzaların səbəblərindən biri də səbirsizlikdir ki, mömin bəndə hər bir işdə olduğu kimi, sükan arxasında da səbirli, təmkinli olub, həyati vacib olmadığı halda maşını yüksək sürətlə sürməz. “...Allah səbr edənlərlədir”(əl-Bəqərə, 249)... Şeytan həmişə bizi tələsdirir ki, hədsiz günah edib onunla birgə cəhənnəmə gedək...

Bilmək gərəkdir ki, bəzən yekəxanalığımız, lovğalığımız, təkəbbürümüz də faciələrə, o cümlədən nəqliyyat qəzalarına səbəb olur. 
Məsələn, biriləri fəxrlə təzə aldığı maşını 13-14 yaşlı oğluna etibar edir, yaxud  3-4 yaşlı oğlunu qucağına alıb sükan arxasına əyləşir, ya da qazı basıb şəstlə telefonu  qulağına sıxaraq sevgilisi ilə danışır  və yaxud  2 litrlik “Koka-kola”nı başına çəkir... Bütün bunlar da qəza ehtimalını xeyli artırır. Eləcə də digər avtomobillərlə ötüşməyə çıxıb özünü yanındakılara göstərmək üçün “avtoş”luq etmək də təkəbbürlülük əlamətidir. Amma Allaha qul olan kəs bilir ki, Allah özünü bəyənənləri və təkəbbür edənləri sevməz!(Ən-Nisa, 36)...

Kiməsə qəribə görünə bilər, amma inanın ki, son 5-10 ildə dünyada, xüsusən də Azərbaycanda avtoqəzaların həddini aşmasının bir səbəbi də  Tanrının haram buyurduğu sələmin, kreditin(əl-Bəqərə, 275) tüğyan etməsidir.  Məsələn,  ailəsini azacıq gəlirlə zorla dolandıran kasıbın biri görür ki, qonşusu “Mersedes” alıb, paxıllıq və təkəbbür onu içəridən yeyib-dağıdır. Və son nəticədə kreditlə,  bu da alınmasa,  kimdənsə sələmə pul götürməklə arzusuna çatır... Görün məmləkətdə nə qədər belə kasıb var. Elə ortabab, varlı yaşayanlar da bir-birinin bəhsinə iki-üç, bəzisi hər ailə üzvünə bir maşın alır. Beləliklə, avtomobillərin sayı artır ki, bu da yollarda sıxlığa və daha çox  qəza şəraitinin yaranmasına  səbəb olur... Düzdür, bəzi ekspertlər sıxlığın qəzalarda o qədər də rol oynamadığını söyləyir. Amma bu, əksəriyyətin qayda-qanuna riayət etdiyi  Almaniya, Yaponiya kimi ölkələrə aiddir...

Qəzaların bir səbəbi də məsuliyyətsizlik, ehtiyatsızlıq, özünün və başqalarının həyatına laqeydlikdir ki, bunun da kökündə  yenə də Yaradandan uzaq düşməyimiz dayanır. Bəziləri ağlına gələni edərək deyir ki, əşşi, qismət, Allah necə yazıb, elə də olacaq. Bu cahillər düşünmür ki, bəs Allah bizə əqli, iradəni nə üçün verib... Səfərə çıxarkən avtomobili texniki cəhətdən yoxlamaq, sazlamaq və s. məgər öz əlimizdə olan bir iş deyil?.. Düşünmürsüz ki, öz canımız bizim üçün əmanətdir, başqalarına yetirdiyimiz xəsarətə görə isə mütləq cavab verəcəyik...

Nəzərinizə heç yerdən oxumadığım, öz düşüncələrimin məhsulu olan  bir  məsələni də çatdırmaq istəyirəm. Belə düşünürən ki, avtomobilin mənzil başına salamat gedib çatması onu idarə edən başda olmaqla sərnişinlərin də kimliyindən,  psixologiya, xarakter və əqidələrindən,  əməllərindən, onların yolboyu düşüncələrindən və s. çox asılıdır (Yeri gəlmişkən, sürücülər mütəmadi tibbi və  psixoloji yoxlanışdan da keçməlidirlər). Təsəvvür edin ki, avtobusun sürücüsünü də, sərnişinlərin əksəriyyətini də yol boyu yalnız bir şey düşündürür; “nə edək ki, çox pul qazanaq, kimə kələk gələk, kimin qulağını kəsək”. Və yol boyu ancaq boş-boş söhbətlər edir, bayağı   filmlərə baxır, musiqilərə qulaq asırlar. Heç biri mənalı bir söz danışmır, Allahı zikr etmirlər... Sözsüz ki, həmin avtobusdakı qara fikirlərdən yaranan mənfi enerji hökmranlığı şeytanın, cinlərin(növbəti yazıların birində şeytan və cinlərdən ətraflı yazacam, inşallah) ixtiyarına verəcək və qəza ehtimalı da artacaq. Amma digər avtobusda sürücü başda olmaqla əksəriyyət imanlı bəndələrdir, yolboyu Yaradanı zikr edərək, mənalı söhbətlər edirlər. Şübhəsiz ki, Allah həmin maşının mənzil başına qəzasız-bəlasız çatmağını istəyər... Amma bu o demək deyiil ki, mömin bəndələr avtoqəzaya düşə bilməz. Bəzən əgər bu, bəndənin dünya, yaxud Axurət həyatı üçün xeyirlidirsə, Allah qəzanın baş verməsinə izn verir... Nəyin daha xeyirli, nəyin zərərli  olduğunu biz bilmərik, Rəbbimiz bilər(Ən-Nisa, 19)...

İnanın ki, xatırlatdığımız və nəzərimizdən qaçmış ola bilən digər Allah qanun-qaydalarına əməl etsək, nəqliyyat qəzalarını mümkün qədər  azalmasına nail ola bilərik. Çoxumuz deyəcəyik ki, ən əvvəl buna yuxarılar əməl etməlidir.  Doğrudur. Ancaq onu bilin ki, heç kəs başqalarının günahlarına görə cavab verməyəcək. Siz üzərinizə düşəni yapın. Başqalarını və olacaqları Allahın öhdəsinə buraxın. Ən azı  öz səhhətinizi və avtomobilinizin sazlığını daim nəzarətdə saxlayın.  Digər işlərdə olduğu kimi, evdən çıxıb sükan arxasına əyləşərkən də Yaradanı yad edib “Bissimillah” deyin.  Namaz vaxtı, namaz qılmasanız da, sadəcə, ürəyinizdə  mənzil başına salamat çatmaq üçün

Allaha dua edin. Maraqlansanız, səfərə çıxarkən oxumaq üçün müxtəlif  ayələr,  səfər, sərnişin duaları var (Ayətəl-Kürsi (Əl-bəqərə, 255-257), Zuxruf, 13-14)... Yolboyu Allahı yada salıb zikr edin (Məsələn, lailahə illəllah, Muhəmmədən rəsulullah)...  Bu minvalla hər kəs mənzil başına rahat və sap-sağlam çatar, inşallah...

Allah hamımızın yolunu bütün cəhət və istiqamətlərdə açıq etsin!..

P.S. Əziz oxucular, ağıl ağıldan üstündür,  xahiş edirəm,  yazıda yol verdiyimiz xətaları və ya nəzərdən qaçırdığımız xüsusları mütləq şərh edin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı