Modern.az

Unun bahalaşması rəsmən təsdiqləndi

Unun bahalaşması rəsmən təsdiqləndi

Ölkə

27 Avqust 2012, 17:23

 

Paytaxt bazarlarında unun qiyməti bahalaşıb, İqtisadi İnkişaf Nazirliyi monitorinqlərə başlayıb

Bir neçə gündür ki, paytaxt bazarlarında unun qiyməti bahalaşıb. Belə ki, ötən ay unun bir kiloqramı 37 qəpik idisə, indi 41 qəpik olub. 50 kiloqramlıq çəkidə isə unun qiyməti 50 qəpik bahalaşıb. Ötən aylarda 20 manat 50 qəpiyə satılan bir kisə un indi 21 manata satılır.  

Bahalaşmaya səbəb kimi satıcılar topdansatış qiymətlərinin artmasını göstərirlər. Topdansatış obyektlərində unun qiyməti bahalaşdığından pərakəndə satışda da qiymətin artmasına səbəb olub.

Qeyd edək ki, Kənd Təsərrüfatı naziri İsmət Abbasov çıxışında bildirmişdi ki, hava şəraiti pis olmasaydı, taxıl istehsalı proqnozları üstələyəcəkdi. Nazirin sözlərinə görə, bu il 3,5 mln. ton taxıl əldə edə bilərdik, məhsul yığımı vaxtı, xüsusilə də iyun ayında hava şəraitinin qeyri-sabit keçməsi, güclü yağışların yağması biçin prosesinə mənfi təsir göstərib. Eyni zamanda, 2012-ci ildə buğda istehsalı üçün biçiləcək sahə 687.982 ha təşkil edib ki, ondan 682.629 ha artıq biçilib. Ötən ilə nisbətən biçiləcək sahə 5,2%, artıq biçilmiş sahə isə 2,6% artıb. Biçilmiş sahədən 1.835.037 ton buğda istehsal olunub, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev unun qiymətində bahalaşma olduğunu təsdiqlədi. O, Modern.az-a bildirdi ki, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları üzrə Dövlət Xidməti bazarda malların və xidmətlərin keyfiyyətinə nəzarət edərək süni qiymət artımının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Amma son zamanlar aparılan monitorinqlər zamanı unun topdansatış və pərakəndə satış obyektlərində qiymət artımı müşahidə olunub:
“Bununla belə aparılan monitorinqlər zamanı çörəyin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb. Qiymət artımının səbəbləri araşdırılıb. Dünyada ərzaq buğdasının qiymətində artım olduğuna görə unun qiymətində də bahalaşma baş verib”.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı