Müsavat başqanı İsa Qəmbər “Azadlıq” radiosunun canlı efirində son günlərin müzakirə olunan məsələsinə münasibətini açıqlayıb. Qeyd edək ki, blogger Emin Milli dünənki verilişdə xalqın müxalifət liderlərinı olan etimad limitinin tükəndiyini deyib və Müsavat başqanı İsa Qəmbərin siyasi fəaliyyətdən getməsinin vacibliyini bildirib. Bu iddia ciddi müzakirə açıb. Bununla yanaşı, Emin Milli İsa Qəmbərdən 2003-cü il oktyabrın 16-da niyə meydana çıxamamasının səbəbini soruşub.
“İstənilən vətəndaşın sual vermək huququ var, amma məndən istənilən vətəndaşın cavab tələb etmək huququ yoxdur. Mən indi yalnız Müsavat başqanı kimi partiya üzvlərinin, İctimai Palatanın təsisçisi kimi onların qarşısında cavab verərəm. Nə zaman 2013-cü ildə prezdent seçkilərində namizəd kimi çıxacağam, o zaman cavab verməyə hazır olacağam. Mənim heç kimdən asılacağım yoxdur”-deyə İsa Qəmbər canlı efirdə bildirib.
2003-cü ilin oktyabrın 16-da niyə meydana gəlmədiyi barədə sualı cavablandıran İsa Qəmbər bunun qorxaqlıq kimi qələmə verilməsindən ciddi narazılıq edib.
“ Mən buna cəsarətsizlik prizmasından baxılmasını özümə qarşı təhqir hesab edirəm”.
Müsavat başqanı daha sonra əlavə edib:
“Mən bu suala cavab vermişəm. 2003-cü ildə mənim kütləvi tədbirlərdə iştirakım üçün müəyyən qayda yaradılmışdı. Əvvəl müavinlərim meydana gəlir, sonra uyğun vaxtda mən aksiyaya dəvət olunurdum. 2003-cü il oktyabrın 16-da Xalça Muzeyinin qabağında mitinq təyin etmişdik. Amma hakimiyyət buna icazə vermədi. Polis adamların orada toparlanmasına imkan vermədi. Mən müavinlərimi təlimatlandırdım ki, camaatı küçələrdən Xalça Muzeyinin qarşısna yığsınlar. İnsanlar Azadlıq meydanına tərəf gedirdilər. Mən xəbər gözləyirdim və uyğun zamanda meydana çıxacaqdım. Həmin gün mən partiyada, kabinetimdə olmuşam”.
“Mən məhv ediləcəyimin hansı faktorlardan asılı olduğunu bilirdim. Hakimiyyətin bu addımları barədə məlumatım var idi. Azərbaycanda Əndican hadisələrinin təkrarlanması ssenarisi var idi. Meydana getməməyim umumi maraqlar baxımından düz qərar idi”-deyə Müsavat başqanı vurğulayıb.
Daha sonra İsa Qəmbər 2013-cü il prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayıb.
“2013-cü il seçkilərində iştirak etmək niyyətindəyəm. Mənə səs verəcək insanların ümidlərini doğruladacağam”-deyə İsa Qəmbər vurğulayıb.
X. SƏFƏROĞLU